AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Ekologiyadan əvvəlki “ekologiya” adlı monoqrafiya çap olunub

01.12.2017 15:51

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə “Ekologiyadan əvvəlki “ekologiya” adlı monoqrafiya çap olunub.

Kitabın müəllifləri Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, professor Qara Mustafayev, BDU-nun dosenti, şair-publisist Аnar Məmmədov və AMEA-nın Tarix İnstitutunun dissertantı Yusif Mahmudovdur.

Monoqrafiyada ekologiyanın mahiyyəti, elm kimi tarixi və müasir bölmələri, qədim zamanlardan başlayaraq əhalinin ətraf mühitlə qarşılıqlı münasibətlərindən bəhs edilir. Müəlliflər bu münasibətləri “Ekologiyadan əvvəlki “ekologiya” adlandırıblar.

Yeni nəşrdə yaşamaq və özünü qorumaq üçün ətraf mühitdən istifadə edən əhalinin fəaliyyəti ekoloji baxımdan təhlil edilərək, bu uzun yolda nəyin inkişaf, nəyin gerilik olduğu nəzərə çatdırılır. Bu məqsədlə Azərbaycanın tarixi qaynaqlarında, tarixi-mədəniyyət abidələri və qədim sənət nümunələrində təbii sərvətlərə münasibət açıqlanır.

Monoqrafiyada həmçinin Azərbaycanın fəlsəfi fikir tarixində, eləcə də XI - XIX əsrlərdə yaşamış klassik şair və yazıçıların əsərlərində təbiətə münasibət geniş şərh edilir.

Qeyd edək ki, kitabın elmi redaktorları AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, rəyçiləri isə akademik Urxan Ələkbərov, professorlar İzzət Rüstəmov, Vidadi Xəlilov və Məhərrəm Qasımlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.

Paylaş: