AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Gənc Alim və Mütəxəssislər Şurası

2005-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən Gənc Alimlər və Mütəxəssislər  Şurasının 25 üzvü var. Şuranın sədri “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Rəşad Mustafadır. Fəaliyyət göstərdiyi dövr ərzində Şuranın üzvləri bir çox respublika və beynəlxalq əhəmiyyətli konfranslarda iştirak etmişdilər. Alimlərimiz Azərbaycan Respublikasında, Rusiya Federasiyasında, Türkiyə Cümhuriyyətində, Gürcüstanda, Ukraynada, Özbəkistanda, Qırğızıstanda, Macarıstanda və digər ölkələrdə keçirilən beynəlxalq  konfranslarda apardıqları tədqiqat iştiqamətləri üzrə  məruzələrlə çıxış etmişdilər. İnstitutumuzda həyata keçirilən bir sıra iri layihələrdə gənc alimlərimiz fəal iştirak edirlər. Belə ki, 2009-cı ildən başlayaraq dünyanın müxtəlif ölkələrinin arxivlərində və kitabxanalarında saxlanılan və Azərbaycan tarixinin müxtəlif dövrlərini özündə əks etdirən sənədləri aşkar edərək  ölkəmizə gətirilməsi işi bu cür layihələrdən biridir. Bu məqsədlə alimlərimiz İngiltərəyə, Fransaya, Gürcüstana, Rusiya Federasiyasına, Almaniyaya, Türkiyəyə ezam olunmuşdular. Həmin ölkələrin müxtəlif arxivlərində apardıqları araşdırmalar nəticəsində  gənc alimlərimiz Azərbaycanın XVII-XX əsrlər tarixini özündə əks etdirən böyük sayda arxiv sənədlərini ölkəmizə gətirərək onları müxtəlif problemlər üzrə toplu şəklində çapa hazırlamışdılar. Bu sənədlərin böyük əksəriyyəti ilk dəfə olaraq elmi dövriyyəyə buraxılır. İnstitutun gənc alimləri  mütəmadi olaraq “Qarabağ tarixi”, “İrəvan tarixi”, “Azərbaycanlılara qarşı soyqırım”, “Ermənilərin Azərbaycan torpaqlarına ərazi iddiaları” və digər tariximiz üçün vacib olan mövzularla bağlı elmi konfranslarda, radio və televiziya verilişlərində iştirak edirlər. İnstitut əməkdaşları tərəfindən hazırlanan “İrəvan xanlığı” adlı kollektiv monoqrafiya 2012-ci ildə Dövlət mükafatına layiq görülmüşdü. Mükafatçılar arasında institutun gənc alimləri də vardır. İnstitut rəhbərliyi tərəfindən Azərbaycanın müxtəlif  bölgələrinin tarixinin öyrənilməsi ilə bağlı  Qubada, Şamaxıda, Zaqatalada, Lənkəranda təşkil edilmiş konfranslarda gənc alimlərimiz fəal iştirak etmişdilər. İnstitutumuzun bir çox gənc aliminin əsərləri monoqrafiya şəklində işıq üzü görmüş, digərlərinin dissertasiya işləri isə tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdü. Hər il  AMEA A.A. Bakıxanov adına Tarix İnstitutuna yeni doktorantların və magistrların qəbulu keçirilir. Onların elmi axtarışlarının nəticələri Tarix İnstitutunun Xəbərlərində dərc olunur. 2011-ci ildən İnstitutumuzun İnternet portalı (tarixinstitutu.az) fəaliyyət göstərir.

AMEA Tarix İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, t.ü.f.d. R.Mustafa 

Paylaş: