İşğal tarixi: 31 avqust 1993-cü il - 25 oktyabr, 2020-ci il
Ərazisi: 826 kv.km.
Əhalisi: 33800 nəfər.
Şəhid olmuşdur: 232 nəfər.
Əlil olmuşdur: 146 nəfər.
Ermənistanın təcavüzü nəticəsində dağıdılmış, yandırılmış və talan edilmişdir:
Mədəni-məişət obyekti: 205
Qəsəbə və kənd: 94
Tarixi abidə: 12
Azərbaycan Respublikasının Qubadlı rayonu 1933-cü ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilmişdir. 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Rayonun mərkəzi Qubadlı şəhəridir.
İşğala qədər Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Bundan əlavə bir əyani-qiyabi, bir orta texniki peşə və iki musiqi məktəbi fəaliyyət göstərirdi. Məktəbəqədər müəssisələrin sayı 7 idi. Bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışırdı. Onlardan 925 nəfəri ali təhsilli idi. Onların 43 nəfəri məktəbəqədər müəssisələrdə çalışırdı. 5852 nəfər şagird ümumtəhsil məktəblərində təhsil alırdı.
Qubadlıda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub və 6 avtoklub fəaliyyət göstərirdi. 23 kino qurğusundan istifadə olunurdu. Rayonda 125 ticarət , 96 iaşə obyekti 25 məişət xidməti müəssisəsi var idi. Qubadlı rayonunda 21 rabitə müəssisəsi yaradılmış, 8 avtomat stansiyası quraşdırılmışdı.
Rayonun 33 səhiyyə müəssisəsində 56 həkim və 511 orta tibb işçisi fəaliyyət göstərirdi. Rayonda 4 xəstəxana, 5 həkim ambulatoriyası, 54 feldşer-mama məntəqəsi, 4 aptek, gigiyena-epidemologiya mərkəzi və profilaktik dezinfeksiya şöbəsi var idi.
Qubadlı rayon tarix-diyarşünaslıq muzeyində 5 mindən çox nadir eksponat toplanmışdı.
Qubadlıda əhəmiyyətli tarix və mədəniyyət abidələri var idi. "Gavur dərəsi"ndəki ibadətgah (IV əsr), "Qalalı" (V əsr) və "Göyqala" (V əsr) abidələri, XIV əsrə aid "Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamusaxlı kəndlərindəki digər tarixi abidələr indi işğal altındadır.