AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Prezidentin sərəncamları

Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2008-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi tamam olur. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika Günü kimi qeyd olunur.

Müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlər tərəfindən təməli qoyulmuş proseslər Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nəticələnmiş, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdir. Bakının neft paytaxtına çevrilməsi milli sahibkarlar təbəqəsinin formalaşması ilə yanaşı, dünyanın aparıcı universitetlərində təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait yaratmışdır. Əlimərdan bəy Topçubaşov və başqa ziyalıların siyasi proseslərə qatılması, Dumaya seçilməsi və Rusiya müsəlmanlarının təşkilatlanmasında oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir.

Rusiyada çar üsul-idarəsinin ləğvi, baş verən fevral və oktyabr çevrilişləri, Birinci Dünya müharibəsinin fəsadları və bir sıra digər amillər Qafqazı ayrı-ayrı siyasi qüvvələrin qarşıdurma meydanına çevirmişdi. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə göstərdiyi maraq vəziyyəti daha da gərginləşdirirdi.

İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən Cümhuriyyətin yaranması çox mürəkkəb şəraitdə elan olunmuşdur. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir. Bununla belə, bu tarixdə ürəyimizi qürur hissi ilə dolduran hadisələrlə yanaşı, ümummilli faciələrə yol açan səhifələr də vardır.

Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Cümhuriyyətin böyük uğurlarından biri Paris sülh konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur. Lakin ölkənin öz neftini xarici bazarlara çıxarmaqdan təcrid edilməsi nəticəsində yaranmış siyasi, iqtisadi və sosial böhran güclənirdi. Həmçinin parlament daxilində hökm sürən hərc-mərclik, Qarabağda və Zəngəzurdakı erməni silahlı dəstələri ilə qarşıdurmalar gündən-günə dərinləşirdi. Əhalinin əsas hissəsinin ağır durumu isə bolşevik təbliğatı üçün münbit zəmin yaradırdı. İrəvanın ermənilərə paytaxt kimi verilməsindən sonra İrəvan mahalından qaçqın düşmüş 150 mindən artıq soydaşımızın vəziyyəti olduqca gərgin idi. Belə bir vəziyyətdə parlamentin son iclasında bolşevik ultimatumunun qəbul edilməsi aprel işğalı ilə nəticələndi.

Aprel işğalı Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin bir qismini Məmmədəmin Rəsulzadə kimi mühacir həyatı yaşamağa məhkum etdi, digər qismini Fətəli xan Xoyski və Həsən bəy Ağayev kimi erməni terrorunun qurbanına çevirdi, qalanlarını da bolşevizmin amansız repressiyalarına məruz qoydu.

1920-ci il aprelin 28-də ikinci respublika - Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı. İki il ərzində öz müstəqilliyini qoruyub saxlamağa nail olan respublika 1922-ci ildə SSRİ-nin tərkibinə daxil olduqdan sonra öz müstəqilliyinin ancaq formal atributlarını saxlaya bilmişdi. Yalnız onu əvəz edən dördüncü respublika müstəqillik ideyasını yaşatmış və Azərbaycan bütün sərvətlərinin, o cümlədən neftinin tam sahibi kimi çıxış edə bilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sanballı əsərlər, hətta ikicildlik ensiklopediya nəşr edilsə də, tariximizin bu mərhələsi ilə bağlı çox sayda sənədlər hələ xarici ölkələrin qapalı arxivlərində saxlanılır və öz tədqiqatçılarını gözləyir.

Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizdə milli dövlətçilik tarixində xüsusi yer tutduğunu nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi respublikada geniş qeyd edilsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 90 illiyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə olunsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 15 fevral 2008-ci il
№ 2679

---

Y.M.Mahmudovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycanda tarix elminin tədqiqi və tədrisində böyük xidmətlərinə görə Yaqub Mikayıl oğlu Mahmudov “Şərəf” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 14 fevral 2009-cu il.

№ 162

---

Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzidir.

Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra tarixi həqiqətlərə obyektiv baxış imkanlarının yaranması xalqımızın keçmişinin müasir dövrün tələblərinə uyğun və azərbaycançılıq məfkurəsi işığında öyrənilməsi baxımından alimlərimiz qarşısında yeni perspektivlər açmaqla mühüm vəzifələr irəli sürmüşdür. İndi dünyanın ən mötəbər kitabxanalarında və əlyazma fondlarında saxlanılan zəngin ədəbiyyatlardan, tarixi mənbələrdən faydalanmaq üçün əlverişli şərait mövcuddur. Məhz bu səbəbdən qədim mənbələrdən istifadə etməyə qadir olan və eləcə də qədim dünya dillərini bilən gənc kadrların yetişdirilməsi zərurəti meydana çıxmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun ölkəmizdə tarix elminin inkişafında rolunu nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013–2015-ci illərdə Azərbaycan tarixinə dair tədqiqatların daha da genişləndirilməsi və səmərəliliyinin artırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ayrılmış vəsaitin Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu tərəfindən təqdim olunmuş plana əsasən aidiyyəti üzrə istifadəsinə nəzarəti təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 aprel 2012-ci il

                № 2203

----

2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatı aşağıdakı şəxslərə verilsin:

Yaqub Mikayıl oğlu Mahmudov

Kərim Kərəm oğlu Şükürov

Tofiq Teyyub oğlu Mustafazadə

Süleyman Abbas oğlu Məmmədov

Güntəkin Cəmil qızı Nəcəfli

Nazim Yusif oğlu Mustafayev

Göhər Nağı qızı Məmmədova

Hacı Nuru oğlu Həsənov

İsrafil Süleyman oğlu Məmmədov

Vidadi Umud oğlu Umudlu

Səidə Müzəffər qızı Hacıyeva

İradə Malik qızı Məmmədova

Nigar Rövşən qızı Gözəlova

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 may 2012-ci il

                № 2238

---

Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2013-cü ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşovun anadan olmasının 150 illiyi tamam olur.

Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın demokratik dəyərlərini üzvi şəkildə birləşdirməklə xalqımızın tarixi nailiyyəti kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, onun beynəlxalq aləmin subyekti olaraq dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərinin qurulmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2013-cü il.

   № 2739

---

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur.

Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2013-cü il

                 № 77

---

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. 

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.

Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2017-ci il.

---

Y.M.Mahmudovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mikayıl oğlu Mahmudov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2019-cu il.

Paylaş: