AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AZƏRBAYCAN DİPLOMATİYASI

Azərbaycan Cənubi Qafqaz və Ön Asiyanın çox qədim  tarixə və ən zəngin mədəni irsə malik olan ölkələrindən biridir. Onun dövlətçilik ənənələri 5 minillik bir tarixi dövrü əhatə edir. Azərbaycanın dövlətçilik tarixinin ən mühüm istiqamətlərindən biri onun diplomatiya tarixidir. Qədim Şumer-Akkad mənbələrində Azərbaycan ərazisində mövcud olmuş ilk siyasi qurum, çarlıq və dövlətlərinin xarici siyasəti, onların Ön Asiya ölkələri ilə diplomatik əlaqələri haqqında məlumatlar vardır. Kutilərin, lullubilərin və hurrilərin Şumer şəhər dövlətləri ilə diplomatik əlaqələri mixi yazılarda öz əksini tapmışdır.

Azərbaycan ərazisində yaranmış və onun cənub ərazilərini bütünlüklə əhatə edən ilk dövlət Manna dövlətidir. E.ə. IX əsrin II yarısında yaranmış bu dövlət çox qısa bir dövr ərzində çox fəal xarici siyasət yeritməyə başlayır. Onun qonşu Assuriya və Urartu dövlətləri ilə münasibətləri buna bariz misaldır. Xüsusilə də İranzunun hakimiyyəti dövründə (e.ə. 740-719-cu illər) yeridilən xarici siyasət ölkənin beynəlxalq aləmdə mənafelərini müdafiə etməyə imkan verirdi.

E.ə. VII əsrin I yarısında Ön Asiyada mövcud olan beynəlxalq münasibətlər dəyişir. E.ə. 673-672-ci illərdə Assuriya işğalına qarşı midiyalıların üsyanı Manna dövlətinə bu dövlətin asıllığından azad olmağa imkan verir. E.ə. VII əsrin son rübü Ön Asiya tarixində (Mada) dövlətinin yüksəlişi ilə diqqəti cəlb edir. Hərb işini skiflərdən öyrənən çar Kiaksar (e.ə. 625-585) qədim yunan filosofu Esxilin ifadəsi ildə desək «Ön Asiya üzərində hakimiyyətin banisi»nə çevrilir. Onun yeritdiyi xarici siyasət nəticəsində Manna, skif çarlığı, Yeni Babil Xaldey çarlığı Midiya imperiyasının tərkibinə daxil edilir və son nəticədə o dövrün ən qüdrətli dövləti olan Assuriya dövləti e.ə. 605-ci ildə tarixin siyasi səhnəsindən silinir.

E.ə. 550-ci ildə fars-əhəməni sülaləsinin üsyanı nəticəsində Midiya (Mada) imperiyası süqut edir və Cənubi Azərbaycan da daxil olmaqla onun bütün əraziləri yeni yaranmış Fars Haxamanişi (Əhəmənilər) imperiyasının tərkibinə daxil edilir.

E.ə. 331-ci ildə Makedoniyalı İsgəndərin (Aleksandrın) məşhur «Şərq yürüşü» nəticəsində Fars-Əhəməni imperiyası süqut edir. Cənubi Azərbaycan canişini midiyalı Atropat çox uğurlu diplomatik addımlar ataraq Makedoniyalı Aleksandrın rəğbətini qazanır. Qədim yunan coğrafiyaçısı Strabon Atropatın Aleksandrla münasibəti haqqında yazırdı ki, Atropat «bu ölkənin makedoniyalıların hakimiyyəti altına düşməsinə yol vermədi». atropat Azərbaycan diplomatiyası tarixində böyük dövlət xadimi, çevik bir siyasətçi və bəsirətli bir diplomat idi. Onun apardığı xarici siyasət nəticəsində Makedoniyalı Aleksandr olsa-olsa Atropatenanın sərhədlərinə yaxınlaşa bilmiş, lakin onun ərazisinə daxil ola bilməmişdi. Bariaksı qəbul edib onu Aleksandrı təqdim edən Atropat onunla yaxınlaşma siyasəti aparmağa başlayır, nikah diplomatiyasından istifadə edərək öz qızını Aleksandrın yaxın silahdaşı Perdikkiyə ərə verir və bununla da Makedoniyalı Aleksandrın yaratdığı yeni dövlətdə nüfuzuna görə üçüncü şəxsə çevrilir.

E.ə. 323-ci ildə Aleksandrın, 322-ci ildə isə Perdikkinin ölümündən sonra Atropat Kiçik Midiyanı müstəqil dövlətə çevirir. Elə müasir Azərbaycan ölkəsinin və dövlətinin adı da Atropatın adı ilə bağlıdır, və “Azərbaycan” xoronominin özü əsas etibarilə e.ə. IV əsrin sonuna gedib çıxır və qədim “Atarpatakan”in qanuna uyğun surətdə dəyişmiş formasıdır.  Azərbaycan Atropatena dövləti b.e. 226-cı ilədək mövcud olmuşdur.

Azərbaycan milli dövlətçilik və diplomatiyası tarixində e.ə. IV-b.e. VII əsrində Şimali Azərbaycan (indiki Azərbaycan Respublikasının əsas ərazisi) ərazisində mövcud olmuş Azərbaycan Albaniyası dövləti xüsusi yer tutur.

Göstərilən dövrdə burada hakimiyyətdə olan alban, arşakilər və mehranilər sülalələrinin başçılarının yeritdiyi xarici siyasət nəticəsində ölkə fasilələrlə öz müstəqilliyini qoruyub saxlamış, qonşu ölkələrlə çox fəal hərbi, siyasi, mədəni, iqtisadi və diplomatik münasibətlər qura bilmişdir.

B.e.-nın III-VII əsrlərində Azərbaycan Albaniyası Sasanilər, VIII-IX əsrlərdə isə Ərəb Xilafətinin tərkibində olmuşdur. VIII əsrin əvvəlində bütün Azərbaycanı əhatə edən Babəkin rəhbərliyi altında başlanan Xürrəmilər hərəkatı adlanan xalq azadlıq hərəkatının vurduğu sarsıdıcı zərbələr nəticəsində ərəb xilafətinin kökündən laxlayaraq çökməsi Azərbaycan xalq hərb diplomatiyasının qələbəsinin parlaq nümunəsidir.

IX əsrin II yarısında Azərbaycan dövlətçilik və diplomatik ənənələrinin bərpası dövrüdür. 861-cı ildən başlayaraq XI əsrin II yarısına qədər Azərbaycan ərazilərində müxtəlif sülalələrin yaratdığı dövlətlər fəal xarici siyasət yeritmiş, dövrün beynəlxalq münasibətlərinə həlledici təsir göstərmişlər. XII əsr Azərbaycan diplomatiyası tarixində Azərbaycan Atabəylər İldənizlər dövlətinin yeritdiyi xarici siyasətin xüsusi yeri vardır. Səlcuq imperiyasının süqutundan sonra Şəmsəddin İldəniz tərəfindən yaradılan bu dövlət (1136-1225) XII əsrdə Cənubi Qafqaz və Ön Asiyanın ən qüdrətli dövlətinə çevrilir. Şəmsəddin İldənizin oğlu Məhəmməd Cahan Pəhləvanın (1175-1186) hakimiyyəti illərindən uğurlu xarici siyasət nəticəsində dövlət çox sürətli inkişafa nail oldu və heç bir müharibə olmadı.

Azərbaycan XIII-XIV əsrlərdə monqol işğalı altında olmuşdur. XIV əsrin II yarısında Azərbaycan şimaldan və cənub-şərqdən xarici təcavüzə məruz qalır. Bu zaman Azərbaycan Şirvanşahlar dövlətinin başçısı I İbrahim Dərbəndi çox böyük diplomatik məharət göstərir və ölkəni Əmir Teymurun hücumundan xilas etməyə nail olur. XV əsr Azərbaycan diplomatiyası tarixində yeni mərhələnin başladığı bir dövrüdür. Məhz Azərbaycan Ağqoyunlular dövlətinin mövcud olduğu dövrdə (1468-1501) Azərbaycan diplomatiyasının Avropa ölkələri ilə birbaşa əlaqələri yaranır və ölkə bu zaman beynəlxalq münasibətlər sisteminə daxil olur.

Doğrudur, Azərbaycana gələn ilk avropalı səyyah italyan səyyahı və missioneri Marko Polo (XIII əsr) olsa da Azərbaycan diplomatiyasının Avropa ölkələri ilə rəsmi əlaqələri XV əsrdən başlayır.

Əsası 1501-ci ildə I Şah İsmayıl Xətai tərəfindən qoyulan Azərbaycan Səfəvilər dövlətinin çox zəngin və maraqlı diplomatik əlaqələr tarixi vardır. Mərkəzləşmiş Azərbaycan Səfəvilər dövlətinin Avropa və Asiya ölkələri ilə çox sıx diplomatik əlaqələri mövcud olmuşdur. 1514-1639-cu ilədək fasilələrlə davam edən Osmanlı – Səfəvi müharibələri və müəyyən tarixi dövrlərdə iki dövlət arasında imzalanmış sülh müqavilələri Azərbaycan hərbi diplomatiya tarixinin çox mühüm səhifələrini təşkil edir. XVIII əsrin I yarısı Azərbaycan Səfəvilər dövləti ilə Rusiya imperiyası ilə qurduğu diplomatik əlaqələr öz siyasi mürəkkəbliyi ilə diqqət cəlb edir. Səfəvi dövlətinin hərb naziri Nadir qulu xan Əfşarın həyata keçirdiyi hərbi-diplomatik tədbirlər, xüsusilə də 1732-ci il Rəşt və 1735-ci il Gəncə müqavilələri Azərbaycan diplomatiyasının qələbə tarixində xüsusi səhifə təşkil edir.

XVIII əsrin II yarısı – XIX əsrin 20-ci illərinin sonuna qədər olan dövr Azərbaycan ərazisində Nadir şahın yaratdığı Əfşar imperiyasının süqutundan sonra siyasi cəhətdən parçalanma – yəni ölkə ərazisində 20-dən çox kiçik dövlətlərin-xanlıqların yarandığı dövrdür. Şimali və Cənubi Azərbaycan ərazilərində yaranmış bu kiçik dövlətlərin qonşu ölkələrlə xüsusilə də Osmanlı Türkiyəsi və Rusiya imperiyası ilə ikitərəfli diplomatik əlaqələri mövcud olmuşdur.

1813 və 1828-ci illər Azərbaycan xalqının müvəqqəti olaraq öz milli dövlətçilik ənənələrinin itirdiyi  dövrdür.

1918-ci il mayın 28-də Şimali Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə milli dövlətçilik ənənələri bərpa edildi. 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin çox qısa bir müddət ərzində çox fəal diplomatik əlaqələri mövcud olmuşdur. 1918-ci il iyunun 4-də Osmanlı Türkiyəsi ilə imzalanan Batum müqaviləsi, 1919-cu ildə AXC parlamentinin sədri Ə.M.Topçubaşovun Paris Sülh Konfransında iştirakı və AXC-nin 1920-ci il yanvarın 11-də qalib dövlətlərin Ali Şurası tərəfindən de-fakto tanınması, hökumətin xarici işlər naziri F.X.Xoyskinin Sovet Rusiyası ilə apardığı danışıqlar onun diplomatiya tarixinin qızıl səhifələrini təşkil edir.

1920-ci ilin aprelində Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində AXC-nin süqutu və onun yerində Azərbaycan SSR-in yaradılması milli diplomatiya tarixində Azərbaycan xalqının tarixi ərazilərin itirildiyi dövr kimi qiymətləndirilir.

1920-ci illərdə formal olaraq müstəqil dövlət sayılan Azərbaycan SSR-in başçısı N.N.Nərimanovun Xarici İşlər Naziri Behbud bəy Şahtaxtinskinin, Türkiyədəki Azərbaycan SSR nümayəndəliyin rəhbərləri İbrahim Əbilovun fəaliyyəti Azərbaycanın Sovet hakimiyyətinin ilk illərinin diplomatiya tarixinin mühüm səhifələrini təşkil edir.

Sovet hakimiyyəti illərində Azərbaycan xalqının diplomatiya tarixinin çox mühüm səhifəsini XX əsrin 70-80-ci illəri təşkil edir. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbər seçilməsi ilə SSRİ-nin siyasət kursunda respublikanın iştirakı xeyli genişlənmişdi. Onun dünyanın bir çox ölkələri ilə iqtisadi elmi və mədəni əlaqələri mütəmadi xarakter aldı. Heydər Əliyevin 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ildə isə ona üzv seçilməsi və onun SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi ilk növbədə Azərbaycan SSR və o cümlədən keçmiş SSRİ dövlətinin diplomatiya tarixində xüsusi mərhələ təşkil edir.

1991-ci ildə Sovet İmperiyasının süqutundan sonra Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası milli diplomatiya tarixinin ən yeni səhifəsinin açılması deməkdir. Dövlət müstəqilliyinin bərpasından sonra diplomatik sahədə atılan ilk addımlar, Azərbaycan Respublikasının bir müstəqil dövlət olaraq tanınması prosesinin başlanması onun 1992-ci ildə BMT-yə, ATƏT-ə, İKT-yə və digər beynəlxalq və regional təşkilata qəbul edilməsi müasir Azərbaycan Respublikası dövlətin diplomatik sahədə atdığı ilk addımlar kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikasının balanslaşdırılmış uğurlu xarici siyasətinin əsası milli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müasir Azərbaycan Respublikasının diplomatiya fəaliyyəti tarixi 20 illik bir dövrü əhatə etsə də, mahiyyət və məzmun etibari ilə çox zəngindir. 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi və müdrik şəkildə işlənib hazırlanan xarici siyasət kursu bu gün Azərbaycan Respublikasının çox sürətli sosial-iqtisadi inkişafını təmin etməklə bərabər, ona dünyanın nüfuzlu dövlətləri sırasına çıxmağa imkan vermişdir.

1994-cü ilin mayında Azərbaycan Respublikası NATO-nun Sülh Naminə tərəfdaşlıq Proqramına qoşuldu. Həmin ilin sentyabrın 20-də dünyanın ən iri neft şirkətləri ilə «Əsrin müqaviləsi» imzalandı. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri istifadəyə verildi. İKT-yə daxil olan ölkələr və AŞPA tərəfindən Ermənistan Azərbaycan Respublikasının ərazilərini işğal edən təcavüzkar bir dövlət kimi tanındı.

2011-ci ildə Azərbaycan Respublikası 155 ölkə tərəfindən müdafiə olunaraq BMT TŞ-nın qeyri-daimi üzv seçilməsi əsası milli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən milli dövlət müstəqilliyinin əbədiliyini təmin etmək üçün həyata keçirilən xarici siyasət kursunun, onun uğurlu  diplomatiyasının real nəticəsidir.    

İstifadə olunmuş ədəbiyyat

  • Azərbaycan tarixi 7 cilddə. Bakı, 2003.
  • Qaşqay S.M. Manna çarlığının tarixindən. Bakı, 1979.
  • Əliyev İ.H. Midiya tarixi. Bakı, 1964; Atropatena tarixinin oçerki. Bakı, 1989.
  • Bünyatov Z.M. Azərbaycan VII-IX əsrlərdə. 1962; Azərbaycan Atabəylər dövləti. Bakı, 1974.
  • Piriyev V.Z. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, 2003.
  • Fərzəliyev Ş.F. Osmanlı imperiyası və Azərbaycan. Bakı, 1995.
  • Əfəndiyev O.Ə. Azərbaycan Səfəvilər dövləti.  Bakı, 1993.
  • Mahmudov Y.M. Azərbaycan diplomatiyası. Bakı, 2006.
  • Azərbaycan Milli Ensiklopediyası. Azərbaycan. Xüsusi cild. Tarix bölməsi, Bakı, 2007.

Müəllif: AMEA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.f.d. C.Ə.Bəhramov

Paylaş: