AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Şah I Təhmasib (1524-1576)

Şah I Təhmasib (1524-1576)

Azərbaycan Səfəvilər dövlətinin qurucusu I Şah İsmayılın böyük oğlu və ikinci Səfəvi şahı.

Azərbaycan Səfəvilər dövlətinin qurucusu I Şah İsmayılın böyük oğlu Təhmasib 22 fevral 1514-cü ildə (hicri 919-cu il, zilhiccə ayının 26-sı) İsfahan yaxınlığındakı Şahabad kəndində anadan olmuş və 14 may 1576-cı ildə (hicri 984-cü il, səfər ayının 15-i) Qəzvində vəfat etmişdir. I Təhmasib Səfəvi şahları içərisində ən uzun müddətdə - 52 il (günəş təqvimi ilə) hökmranlıq sürmüşdür. Vəfatından sonra yazılmış Səfəvi mənbələrində I Şah Təhmasibə “Xaqan-i cənnətməkan” (cənnətməkan xaqan) və “Şah-i cənnətməkan” (cənnətməkan şah) adları ilə də müraciət olunurdu.

I Şah İsmayıl 1516-ci ildə Təhmasib Mirzəni formal olaraq Xorasana hakim təyin etdi və onun lələsi Əmir xan Mosullu Türkman oldu. Taxt-tac varisi olan şahzadələrin əyalət hakimliyinə təyin edilməsi Türk sülalə ənənələrinə uyğun idi. Amerikan tarixçisi Kolin Miçel Şah İsmayılın bu qərarının dövlətin yaradılışından etibarən dövlətin mərkəzi və əyalət idarəçilik aparatında mühüm mövqeyə sahib olan Şamlı tayfasına mənsub olan əmirlərin güclənməsinin qarşısını almaq məqsədi daşıdığını qeyd edir. Əmir Qiyasəddin isə şahzadəyə sədr təyin edildi.

Təhmasib Mirzə, atası I Şah İsmayılın erkən vəfatı səbəbindən 23 May 1524-cü ildə (hicri 930-cu il, rəcəb ayının 19-u) 10 yaşında ikən taxta çıxmışdı. Dövlət işləri üzərində əməli nəzarəti rumlu tayfasının rəhbəri, I Təhmasibin lələsi (atabəyi) Div Sultan ləqəbi ilə tanınmş Əli bəy ələ keçirdi. Qızılbaş tayfa əmirlərinin əlində oyuncağa çevrilən I Şah Təhmasib onların hakimiyyət, var-dövlət uğrunda qanlı mübarizəsini acizanə şəkildə müşahidə edirdi. Hakimiyyət (vəkil vəzifəsi) uğrunda Qızılbaş tayfaları (Rumlu, Ustaclı, Təkəli, Şamlı) arasında baş vermiş mübarizə nəticəsində Şah Təhmasib yalnız 1533-cü ildə (hicri 940-cı il) vəkil Hüseyn xan Şamlının edam edilməsindən sonra, iyirmi yaşında ikən dövlət idarəçiliyinə nəzarəti ələ ala bilmişdi.

Hakimiyyət uğrunda Qızılbaş əmirləri arasında gedən mübarizədən istifadə edən Şeybani əmirlərindən Übeydulla xan 1524 və 1533-cü illlər arasında Heratı 3 dəfə mühasirəyə aldı və onu 2 dəfə ələ keçirə bilmişdi. 24 sentyabr 1528-ci ildə Cam yaxınlığındakı Sarıqamışda baş vermiş döyüşdə Təhmasibin başçılıq etdiyi Səfəvi qoşununun özbəklər üzərində qələbəsi Səfəvilər dövlətinin şimal-şərq sərhəddində Şeybani təhlükəsini azalda bilmişdi. Übeydulla xanın 1539-cu ildə vəfatı bu təhlükəni bir müddət də olsa aradan qaldırdı.

I Şah Təhmasibin hakimiyyətinin ilk yeddi ilində Osmanlılarla Səfəvillər arasındakı münasibətlərdə gərginlik müşahidə olunsa da, hərbi münaqişə baş verməmişdi. Şübhəsiz ki, həmin dövrdə hər iki dövlət arasındakı münasibətlərdəki gərginliyin müharibə ilə nəticələnməməsinə səbəb Sultan Süleymanın Avropada xüsusilə, Macarıstan və Avstriyada geniş hərbi əməliyyatlar aparması idi. 1533-cü ildə Habsburqlarla əldə edilmiş sülh Osmanlılara Səfəvilər dövlətinin əraziləri hesabına Şərqə doğru genişlənmək planlarının həyata keçirilməsinə başlamaq üçün şərait yaradırdı.

Şeybanilərin arası kəsilməyən hücumları və vətəndaş müharibəsi fonunda Azərbaycanın hakimi Ülamə bəy Təkəli və onun bəzi tayfadaşları vəkil vəzifəsini ələ keçirməyə cəhd etdilər. H.937(1530/31)-ci ildə məğlubiyyətə uğrayan Üləma bəy osmanlılara pənah apardı və onların dəstəyini əldə etdi. H.938-ci ildə (1531-1532-сi illər) Üləma bəy Diyarbəkrin Osmanlı hakimi Fil Yaqub paşanın 50 min nəfərlik qoşununun köməyilə yerli hakim Şərəf xanı Bidlisdən sıxışdırıb çıxartdı və o, da yardım üçün qızılbaş sarayına müraciət etdi. Şərəf bəyin Səfəvilərə sadiq olduğunu bildirməsindən sonra Sultan Süleyman onun osmanlılara təslim edilməsi haqqında Səfəvilərə müraciət etdi. Səfəvilər də öz növbəsində, Üləma bəyi Şərəf xanla dəyişmək təklifi ilə çıxış etdilər, lakin onların bu təklifi qəbul olunmadı.

Sultan Süleymanın baş vəziri İbrahim paşanın başçılıq etdiyi Osmanlı ordusu 1534-cü il iyunun 13-də Təbrizi ələ keçirdi. Sultan Süleymanın özünün başçılıq etdiyi Osmanlı ordusu həmin ilin noyabr ayında Bağdadı ələ keçirdi. Şah Təhmasib osmanlılarla meydan döyüşündən yayınırdı və Osmanlı ordusunun ayrı-ayrı dəstələri üzərində bir sıra qələbələr əldə etdi. 1535-ci ilin sonunda Sultan İstanbula doğru geri qayıtdıqdan sonra Bağdad istisna olmaqla, ələ keçirdiyi bütün əraziləri itirdi.

Səfəvilərlə Osmanlılar arasında növbəti qarşıdurma Şirvan bəylərbəyi Əlqas Mirzənin qiyamı nəticəsində baş vermişdi. Osmanlılar 1548-ci ilin may ayının sonunda Təbrizi ələ keçirdilər, lakin qida çatışmazlığı səbəbindən Təbrizdə çox qala bilmədilər. Bəhram Mirzənin başçılığı ilə səfəvilərin əks hücümları nəticəsində Əlqas Mirzənin qüvvələrinin qalıqları Osmanlı ərazisinə çəkildi. 

Sultan Süleyman 1554-cü ilin may ayında qışladığı Hələbdən Azərbaycan istiqamətində dördüncü dəfə yürüşə çıxdı və Naxçıvanı ələ keçirdi. Kəskin ərzaq çatışmazlığı ilə üzləşən sultan qabaqcadan od vurub yandırdığı Naxçıvanı tərk etdi və geriyə - Ərzuruma qayıtdı. Osmanlıların sülh niyyətində olduğunu görən Şah Təhmasib Şah Qulu bəy Qacara döyüş nəticəsində əsir aldıqları Sinan bəyi Osmanlı ərazisinə müşayiət etmək və sülh danışıqlarına başlamaq göstərişi verdi. 1555-ci ilin may ayının 29-da  Amasyada imzalanmış sülh müqaviləsinə görə, Qərbi Gürcüstan vilayətləri (İmeretiya, Menqreliya, Quriya) Osmanlı Türkiyəsinin təsir dairəsinə keçirdi. Şərqi Gürcüstan vilayətləri  (Mesxiya, Kartliya, Kaxetiya) isə Səfəvilər dövlətinin hakimiyyəti altına düşürdü. Adel Allouş qeyd edir ki, “Amasya müqaviləsi Süleymanın Səfəvilərlə bağlı apardığı məhdudlaşdırma siyasətinin uğurlu olduğunu göstərirdi. Səfəvilərə gəldikdə isə, bu müqavilə Şah Təhmasibin üstün Osmanlı hərbi qüdrəti qarşısında uzaqgörən və paqmatik siyasət yeritdiyini nümayiş etdirirdi”. Təhmasibin düzgün siyasəti nəticəsində Osmanlılar Səfəvilərin legitimliyini tanımalı oldular.

I Şah Təhmasib Gürcü knyazlıqları üzərində Səfəvi təsirini gücləndirmək məqsədilə 1540-1554-cü illər arasında Şərqi Gürcüstana 4 yürüş təşkil etmişdir. 1555-ci ildə imzalanmış Amasya sülhünün şərtlərinə görə, Şərqi Gürcüstan vilayətləri üzərində Səfəvi hakmiyyəti bərqərar oldu.

I Şah Təhmasibin hakimiyyətinin müxtəlif illərində səfəvilərlə cənub-şərq qonşuları moğollar arasında mühüm hərbi-strateji məntəqə olan şəhər - qalaya – Qəndəhara yiyələnmək uğrunda münaqişə baş vermişdi. Şəhər dəfələrlə əldən-ələ keçmişdi və nəticədə 1556-cı ildə Qəndəhar Səfəvilər dövlətinə qatıldı  və 1595-ci ilədək bu dövlətin tərkibində qalmışdı.

Qərbi Avropa dövlətləri əvvəllər olduğu kimi, I Şah Təhmasinin hakimiyyəti dövründə də Osmanlı imperiyasını sarsıtmaq istiqamətində apardıqları siyasətdə Səfəvilər dövlətini özlərinə müttəfiq görmək üçün diplomatik fəaliyyətlərini davam etdirirdilər. Lakin onların iki qüdrətli türk dövlətlərini qarşı-qarşıya qoymaqla, Osmanlı imperiyasının qüdrətinin zəiflədilməsi istiqamətindəki planları heç bir nəticə vermədi.

I Şah Təhmasibin şəxsiyyəti. Şah Təhmasibin şəxsiyyəti tədqiqatçılar tərəfindən müxtəlif mövqelərdən qiymətləndirilmişdir. O.Ə.Əfəndiyevin qeyd etdiyi kimi, “keçmiş sovet tarixşünaslığında I Şah Təhmasibin heç bir tərəfdən atasına bənzəmədiyi etiraf edilirdi”. Hərəkətsizlik və təşəbbüssüzlük kimi keyfiyyətlər ona aid edilirdi. Bu təsvirlərdə Təhmasib “süst insan, bacarıqsız bir siyasətçi və dini fanatik” kimi göstərilirdi. Lakin, bir çox tarixi qaynaqlarda çox zaman bu fikirlərə əks faktlara rast gəlinir.

1539-cu ildə Səfəvi sarayına gəlmiş Venesiya elçisi Mikel Membrenin I Şah Təhmasiblə ilk təmasından aydın olur ki, şah Avropada cərəyan edən hadisələrlə də maraqlanmış, bir dövlət və siyasi xadim kimi dövrün siyasi vəziyyətini düzgün qiymətləndirə bilmişdir.

I Şah Təhmasibin bir sərkərdə kimi qiymətləndirilməsində mənbələr arasında bəzi ziddiyyətlər mövcuddur. Onu “cəsarətsiz” adlandıranlar içərisində xüsusilə fərqlənən italyan diplomatı Vinçentso Alessandri yazırdı: “Etdiklərindən həddən artıq danışmasına baxmayaraq, əslində çox az cəsarətə malik olan bu şahın (I Şah Təhmasibin-Ə.Q.) müharibəyə meylli olmadığını deyə bilərik. Əgər o, doğrudan da, hər hansı bir halda özünü ordusu ilə döyüş meydanında göstərirsə, bunu könüllü olaraq deyil, zərurətdən edir”.

I Şah Təhmasibin döyüşdən çəkinməsi onun cəsarətsizliyi kimi deyil, ehtiyatlı bir sərkərdə olması ilə izah edilməlidir. Sultan Süleymanın 1534-cü ildə Azərbaycan səfəri zamanı I Şah Təhmasib osmanlı ordusu ilə meydan müharibəsi etmək fikrindən uzaq olduğuna görə Sultan Süleyman tərəfindən qorxaqlıqda günahlandırılmışdı. Buna cavab olaraq, şah, “mən iki müsəlman ordusu arasında hərbə necə fitva verim və sayca on adama qarşı bir adam belə olmayan ordumla döyüşə başlayım” deyirdi.

         Bəzi Avropa səyyahları qızılbaş türklərin I Şah Təhmasibə böyük ehtiram göstərdiklərini geniş şəkildə təsvir etmişdir. Venesiyalı Membre qızılbaş sufilərin and içərkən belə “şahın başına and içdiklərini” və bir-birilərinə təşəkkür etmək istədikdə, “Şah muradını versin” dediklərini bildirir. I Şah Təhmasib dövründə sarayda olmuş ingilis səyahətçisi Ceffri Deketin yazdığına görə, “Əgər kimsə Şahın başı deyərək and içirsə, siz istəsəniz ona inana bilərsiniz”.

         I Şah Təhmasib hicri 939-cu ildə (1532-1533-cü illər) tövbə fərmanı vermişdi. Öz “təzkirəsində” də qeyd etdiyi kimi, “ona yuxuda içki, qumar və şəriətə zidd olan digər pis əməllərdən çəkinməsi buyrulmuşdu”. Buna əsasən, Şah Təhmasib ölkədə şərabxana və qumarxanaların bağlanması barədə fərman vermişdi. M.Membrenin təsvirlərindən I Şah Təhmasibin təkcə müharibələr zamanı deyil, eləcə də adi həyatda da ehtiyatlı bir şəxs olduğu üzə çıxır. M.Membre onun zəhərlənmək təhlükəsindən ehtiyat etdiyindən öz piyaləsini möhürlədiyini qeyd edir. Bu da təsadüfi deyildi. Dövrün mənbələrinin verdiyi məlumatlara görə, H.940 (1533/1534)-cı ilədək əmir əl-üməra vəzifəsində dövlət işlərini idarə etmiş və həmin ildə də qəflətən hakimiyyətdən kənar edilərək edam olunmuş Hüseyn xan Şamlunun I Şah Təhmasibi zəhərləmək niyyəti olmuşdu.

Şah Təhmasıbın ailəsi. Təhmasibin 3 qardaşı var idi: doğma qardaşı Bəhram Mirzə (1517-49) və Şah Ismayılın müxtəlif xatunlarından doğulmuş ögey qardaşları Əlqas Mirzə (1516-1550) və Sam Mirzə (1517 – 1566/67). Şah Təhmasibin bacıları içərisində Pəri xan Xanımı və Məhinbanunu qeyd etmək olar. 1539-cu ilin yayında I Şah Təhmasib doğma bacısı Pəri xan Xanımı M.Membrenin “Şəki bəyi” adlandırdığı Həsən sultanın oğlu Məhəmməd xana ərə vermişdi. Sultanım adı ilə tanınmış Məhinbanu adlı bacısı H.925 (1519)-ci ildə anadan olmuşdu. Dövrün mənbələrində qeyd olunduğu kimi o, H.969 (1562)-cu ildə vəfat etmişdi. Onun paklığı və möminliyinə görə I Şah Təhmasib onunla bütün dövlət işləri barədə məsləhətləşirdi və onun bəyənmədiyi heç bir addım atmırdı.

Həsən bəy Rumlunun verdiyi məlumata görə, Şah Təhmasibin 12 oğlu var idi: Sultan Məhəmməd Xudabəndə, İsmayıl Mirzə (II İsmayıl), Sultan Murad Mirzə, Süleyman Mirzə, Sultan Heydər Mirzə, Sultan Mustafa Mirzə, Sultan Mahmud Mirzə, Sultan Əli Mirzə, İmamqulu Mirzə, Sultan Əhməd Mirzə, Zeynalabidin Mirzə və Musa Mirzə. Bunlardan 6-sı qardaşları II İsmayılın əmri ilə, Heydər Mirzə isə onun tərfdarları tərəfindən qətlə yetirilmiş, Humayunla Qəndəhara göndərilmiş Sultan Murad Mirzə orada vəfat etmiş, Zeynalabidin Mirzə uşaq ikən və Musa Mirzə isə gənc yaşında dünyasını dəyişmişdilər.

“Xülasət ət-təvarix”in müəllifi Qazi Əhməd Qumi göstərir ki, “Şah Təhmasibin zamanında rəiyyət tamamilə əmin-əmanlıqda, rahatlıq və asudəlikdə idi. Əgər rəiyyətdən şahın hökmündən bir dinar artıq vergi alınsaydı, o şəxs əlli tümən məbləğində cərimə olunurdu”. Şərəf xan Bidlisiyə görə, “Şah Təhmasib təbəələrinin hamisi, ədalətli və müdrik hökmdar idi”. Zakariya Kanakertsi də Şah Təhmasibin “hökmdə ədalətli və düzgün” olduğunu göstərir. A.A.Bakıxanov yazır ki, “Şah Təhmasib güclü xarakterə malik idi və ədalətli mühakiməni xoşlayırdı”. Özünün qeyri-adi yaddaşı ilə tanınan I Şah Təhmasib Budaq Qəzvininin göstərdiyinə görə, “əlli illik şahlığı dövründə qışlaq və yaylaqları ilbəil xatırlayırdı”. V.Alessandri yuxarıda qeyd etdiyimiz müəlliflərin əksinə olaraq, Səfəvilər dövlətində “yolların təhlükəli olduğunu və əhalinin evlərində belə təhlükə ilə gəzdiklərini” göstərir.

I Şah Təhmasibin ən mühüm ictimai-iqtasadi islahatı şəhər həyatının, ticarətin yüksəlişini ləngidən ildə 30 min tümən təşkil edən tamğa vergisinin 1565-ci ildə ləğv edilməsi oldu. Z.Kanakertsi yazır: “O, (I Şah Təhmasib-Ə.Q.) çox mərhəmətlidir, çünki hamının vergisini 15 ildə 2 dəfə azaltmışdır”. I Şah Təhmasibin şəxsiyyətini mənfi yöndən qiymətləndirməkdə davam edən V.Alessandri “Şah Təhmasibin etdiyi əməllərdən peşman olduğundan tamğa vergisini ləğv etdiyini” göstərir. Şah Təhmasibin digər bir addımı 1555-ci ilin sonunda Səfəvilər dövlətinin paytaxtının Təbrizdən Qəzvinə köçürülməsi ilə bağlı idi.

M.Membrenin verdiyi məlumatlardan I Şah Təhmasibin təbiət vurğunu olduğu aydın olur. Membre I Şah Təhmasibin “digər qardaşlarından fərqli olaraq, şahinlərlə ova getməkdən deyil, balıq ovuna getməkdən həzz aldığını” yazırdı. I Şah Təhmasib öz “təzkirəsində” Xoyun Qaranqudərəsində balıq tutduqları barədə də məlumat vermişdi. “Şah Təhmasibin təzkirəsi”nin Sankt-Peterburqda saxlanılan əlyazmasına çəkilmiş miniatürlərdən birində I Şah Təhmasibin çayda balıq tutması təsvir olunmuşdur.

I Şah Təhmasib mədəniyyət və incəsənətin hamisi kimi də tanınmışdı. Təbriz miniatür və xəttatlıq məktəbləri ən yüksək inkişaf mərhələsinə Şah Təhmasibin hakimiyyət dövründə çatmışdı. Şahın sifarişi ilə dövrün məşhur rəssam və xəttatları tərəfindən “Şah Təhmasibin Şahnaməsi” üzərində işlər 1540-cı illərin ortalarında tamamlanmış və 1539-1543-cü illər arasında Nizaminin “Xəmsə”sinə xüsusi zövqlə minatürlər çəkilmişdi.

Hakimiyyətinin ilk yarısında daxili və xarici təhlükələrlə mübarizədə uğur qazanmaqla, Şah Təhmasib Səfəvilər dövlətinin möhkəmlənməsinə nail ola bildi və mərkəzləşdirilmiş idarə etmə sistemi yarada bildi. Azərbaycan Səfəvilər dövlətinin güclənməsində mühüm rol oynamış I Şah Təhmasib, xüsusilə əzəli Azərbaycan torpaqları olan Şirvan (1538) və Şəkini (1551) öz dövlətinə birləşdirməklə uzaqgörən, bacarıqlı dövlət və siyasi xadim, həmçinin hərbi strateq olduğunu bir daha sübut etmişdir.

İstifadə edilmiş ədəbiyyat

  1. A chronicle of early Safawis. Being Ahsanu’t-tawarikh of Hasan-i Rumlu. Vol.II (English translation). Translated by C.N.Seddon. Gaekwad’s Oriental series, volume LXIX. Baroda: Oriental Institute, 1934.
  2. Бидлиси Шараф-хан ибн Шамсаддин. Шарафнаме. Перев., предисл., прим., прил., Е.И.Васильевой, т. I – II, М.: Наука, 1967 – 1976.
  3. Tarix-i aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi).Farscadan tərcümənin, ön sözün, Ģərhlərin və göstəricilərin müəllifləri AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev, tarix elmləri namizədi Namiq Musalı, I cild. Bakı, “Təhsil”, 2009.
  4. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi).Fars dilindən çevirən: T.e.d. professor. Şahin Fərzəliyev. Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010.
  5. Colin P. Mitchell, “Ṭahmāsp I,”  Encyclopædia Iranica, online edition, 2009, available at http://www.iranicaonline.org/articles/tahmasp-i  (istifadə edilmişdir 25 Yanvar 2018).
  6. Əfəndiyev O.Ə. Azərbaycan Səfəvilər dövləti. Bakı,”Şərq-Qərb”, 2007 (elektron versiya).
  7. Savory, R. M.  ‘Tahmāsp’ in P. J. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel & W. P. Heinrichs (eds.), Encyclopaedia of Islam, new edn, Leiden: Brill, 2000, vol. 10, pp. 108-110.
  8. Adel Allouche. The Origins and Development of the Ottoman-Safavid Conflict (906-962/1500-1555). Ph.D dissrerarion. University of Utah, 1980.
  9. Mitchell C. P., "The Sword and the Pen: Diplomacy in Early Safavid Iran, 1501-1555,” Ph.D dissrerarion. University of Toronto, 2002
  10. Rudi Matthee and Hiroyuki Mashita, “KANDAHAR iv. From The Mongol Invasion Through the Safavid Era,” Encyclopædia Iranica, XV/5, pp. 478-484, available online at http://www.iranicaonline.org/articles/kandahar-from-the-mongol-invasion-through-the-safavid-era (istifadə edilmişdir 22 yanvar 2018).
  11. Mahmudov Y.M. Azərbaycan diplomatiyası: Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələri (XV – XVII yüzilliklər). Bakı: Azərbaycan diplomatiyası, 1996.
  12. Efendiev O. Şah Tahmasb’ın şahsiyyetine dair / «Türkler», VI cilt, Ankara, Yeni Türkiye yayınları, 2002, s.920-924.
  13. Петрушевский И.П. Азербайджан в XVI-XVII вв. / Сборник статей по истории Азербайджана, вып. I. Баку, Изд-во АН Аз. ССР, 1949, c.225-298.
  14. Minorsky V. Storia dell'Iran islamico // Civilita dell'Oriente, Roma, 1956, vol. I, p. 461-513.
  15. Membre Michele. Mission to the Lord Sophy of Persia (1539-1542). Translated with Introduction and Notes by A.H.Morton. London: School of Oriental and African Studies, 1993.
  16. Narrative of the Most Noble Vincentio D’Alessandri / A narrative of Italian travels in Persia, in the fifteenth and sixteenth centuries. London: Hakluyt Society, 1873, p. 209-229.
  17. Путешественники об Азербайджане / Под ред. Э.М.Шахмалиева, т.I. Баку: Изд-во АН Азерб. ССР, 1961.
  18. Şah Təhmasibin təzkirəsi / Fars dilindən tərcümə və müqəddimə Rəhimov Əbülfəz Haşım oğlunundur. Bakı: Azərnəşr, 1996.
  19. Şirazi Xacə Zeynalabidin Əli Əbdi bəy. Təkmilətül-əxbar / Fars dilindən tərcümə və müqəddimə Rəhimov Əbülfəz Haşım oğlunundur. Bakı: Elm, 1996.
  20. Məmmədova Ş.K. I Şah Təhmasibin hakimiyyəti dövründə Azərbaycan Səfəvi dövlətinin iqtisadi siyasəti haqqında (Qazi Əhməd Quminin «Xülasət ət-təvarix» əsəri üzrə) // Azərb. SSR EA-nın Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1978, №1, s.45-52.
  21. Канакерци З. Хроника. Пер. с древнеарм., предисл. и коммент. М.О.Дарбинян-Меликян. М.: Наука, 1969.
  22. Бакиханов А.А. Гюлистани Ирам. Ред., коммент., предисл., примеч. и указ. З.М.Буниятова. Баку: Элм, 1991.
  23. Qasımov X.S. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Bakı, “Aspoliqraf”, 2008.
  24. Quliyev Ə.S. XVI əsrin ortalarında Azərbaycan Səfəvilər dövlətinin ictimai-siyasi vəziyyəti (Mikel Membrenin “Səyahətnamə”si əsasında). Bakı: “Şərq-Qərb” Nəşriyyat evi, 2011.

Müəllif: Tarix üzrə fəlsəfə doktoru, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi”  şöbəsinin aparıcı elmi işçisi Əhməd Quliyev

Paylaş: