AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda 20 yanvar 1990-cı il cinayətinin 32-ci ildönümünə həsr olunmuş “1990-cı il 20 yanvar faciəsi” mövzusunda dəyirmi masa keçirilmişdir.

19.01.2022

Dəyirmi masanı giriş sözü ilə institutun icraçı direktoru Tarix üzrə fəlsəfə doktoru,dosent Cəbi Bəhramov açdı.Əvvəlcə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş bütün şəhidlərin,o cümlədən 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Cəbi Bəhramov 1990-cı il 20 yanvar faciəsinin baş verməsi səbəbləri,imperiyanın Azərbaycan xalqına vurduğu son zərbənin nəticələri barədə söhbət açdı.O,qeyd etdi ki,xalqımıza qarşı edilən təcavüz və vurulan ağır zərbəyə baxmayaraq öz azadlığı və müstəqilliyi uğrunda mübarizəsini davam etdirdi ,bütün yaradılan maneələrə baxmayaraq öz dövlət müstəqilliyini bərpa etdi və bu gün qalib xalq və dövlət kimi dünya dövlətləri içində böyük nüfuz və hörmət sahibidir.

Sonra söz insitutun Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, prof. Mais Əmrahova verildi.Mais Əmrahov çıxışında o zaman şahidi olduğu hadisələrdən danışdı və 20 yanvar faciəsi ilə bağlı yeni faktlar əldə etdiyini və bunların milli tariximizin ən yeni dövrü üçün,yeni nəslin vətənpərvər ruhda tərbiyəsi üçün böyük elmi-siyasi əhəmiyyət kəsb etdiyini qeyd etdi.

Növbəti çıxış üçün söz insitutun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru,dosent İlqar Niftəliyevə verildi.İlqar Niftəliyev çıxışında bu dövrə aid yeni sənədlərin və məlumatların əldə edildiyini və onların tezliklə elmi dövriyyəyə gətriləcəyini qeyd etdi.O, qeyd etdi ki, son dovrdə RF-da və ölkəmizdə nəşr olunan elmi və elmi-populyar əsərlərdə 20 yanvar faciəsi ilə bağlı yeni faktların əks olunduğu və onlardan xalqımıza qarşı törədilən bu cinayətin indiyə qədər məlum olmayan təfərrüatlarını öyrənmək mümkündür.

Azərbaycan qadınlarının 20 yanvar faciəsi zamanı göstərdikləri fədakarlıq və qəhramanlıqlarından bəhs etmək üçün söz institutun Qadınlar Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlıya verildi.O çıxışında 20 yanvar günü Azərbaycan qadınlarının kişilərlə birlikdə hərəkət edərək imperiyanın xalqımıza qarşı törətdiyi bu qanlı cinayəti lənətlədiklərindən söhbət açdı,həmin gün 4 yaşında ikən anası ilə etdiyi söhbəti xatırladı və bu söhbəti heç zaman unutmayacağını söylədi.

20 yanvar faciəsi baş verən zaman ölkəmizin Cənub bölgəsində baş verən hadisələrlə bağlı institutun Tarixin nəzəriyyəsi,tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin baş elmi işçisi Vaqif Abışova söz verildi.Vaqif Abışov 1990-cı il yanvarın 11-dən başlayaraq Lənkəran və ətraf rayonlarda baş verən hadisələrdən geniş söhbət açdı,Azərbaycan xalqının imperiyanın təcavüzkar siyasətinə qarşı necə etiraz etdiyini faktlarla dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı.

Sonra söz 20 yanvar şəhidlərinin xatirəsinə həsr etdiyi şeri oxumaq üçün tarix elmləri doktoru,şair Şahin Fərzəliyevə verildi.O,1990-cı il 20 yanvar gününü xalqımıza qarşı təcavüz günü kimi qiymətləndirdi və özünün yazdığı “Ağlama qərənfil ağlama” şerini oxudu.Şeir iştirakçılar tərəfindən dərin duyğularla qarşılandı.

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: