AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

VİDEO QALEREYA

Qaxda İrəvan xanlığına həsr olunmuş festival keçirilib

Gənclər və İdman Nazirliyi tərəfindən mayın 26-da Qax rayonunda təşkil edilən, “Tarixin canlı səhifələri” adlı V Gənclər festivalı qədim tariximizin şərəf dolu səhifələrini gənc nəslə çatdırmaq baxımından böyük əhəmiyyət daşıyıb. Festivalın video materialı yayımlanmadığına görə sizə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Tofiq Nəcəfli tərəfindən edilən həvəskar çəkilişi təqdim edirik. Qeyd edək ki, tarixi rekonstruksiya formatında reallaşan festivalda təqdim edilən İrəvan xanlığına həsr olunmuş tamaşanın ideya müəllifi və elmi məsləhətçisi AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Yaqub Mahmudovdur. Ssenarinin yazılması üçün tarixi mətn Dövlət mükafatı laureatı, AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli tərəfindən hazırlanmışdır. Dövlət Sərhəd Xidməti və Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festivalda Gənclər və İdman naziri Azad Rəhimov, Dövlət Sərhəd Xidmətinin rəsmiləri, Milli Məclisin deputatları, rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri və gənclər iştirak ediblər. Festivalın keçirilməsində əsas məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb tarixini gənclərə əyani şəkildə çatdırmaqdır. Festivalın keçirildiyi ərazi İrəvan xanlığı üslubunda hazırlanıb. Tədbir iştirakçıları əvvəlcə İrəvan xanlığına xas olan mədəniyyət, məişət və ənənələrin geniş şəkildə təqdim olunduğu meydan bazarı ilə tanış olublar. Bazarın bir tərəfində sənətkarlar – dəmirçilər, dulusçular, misgərlər, silah ustaları hazırladıqları məhsulları müştərilərə təklif edir, digər tərəfdə qadınlar sacda yuxa, fəsəli bişirir, bazar alverçiləri öz mallarına təriflər yağdırırdılar. Sonra tədbir uca dağların ətəyindəki geniş talada teatrlaşdırılan tamaşa ilə davam edib. Meydanda quraşdırılan dekorasiyalarda İrəvan xanlığına aid tarixi məkanlar öz əksini tapıb. Festival iştirakçılarına təqdim olunan səhnəciklərdə İrəvan xanlığının yaranması, xanlığın öz müstəqilliyi uğrunda mübarizəsi xronoloji ardıcıllıqla, tarixi faktlarla tamaşaçıların diqqətinə çatdırılıb. Çaparların at belində göstərdikləri igidliklər, müxtəlif döyüş səhnələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Ümumiyyətlə, tamaşanın hazırlanmasında 400-ə yaxın gənc aktyor, tələbə və idmançı iştirak edib. Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin layihəsi olan “Tarixin canlı səhifələri” adlı gənclər festivalları 2014-cü ildən etibarən keçirilir.

18.09.2017

Paylaş: