21.01.2025 11:36
Bu il 20 yanvar cinayətinin 35-ci ili tamam olur. Azərbaycan xalqına qarşı törədilən bu soyqırımı insanlıq əleyhinə cinayət kimi qiymətləndirilir. Törədildiyi vaxtdan bu qədər zaman keçsə də, xalqımız onu unutmur və heç vaxt da unutmayacaqdır. Çünki bu cinayətin dərin tarixi kökləri vardır. Belə ki, Şimali Azərbaycan ərazisi 1723, 1796, 1806, 1918, 1920 və nəhayət, 1990-cı illərdə çar Rusiyası, Sovet Rusiyası və SSRİ dövlətinin təcavüzlərinə məruz qalmış, Azərbaycan xalqına qarşı heç bir səbəb olmadan ağır cinayətlər törədilmiş, günahsız insanlara divan tutulmuşdur. Bu baxımdan 1990-cı il 20 yanvar cinayəti xalqımıza qarşı ermənilərin əli ilə törədilmiş soyqırımlarının davamı kimi qiymətləndirilməlidir. XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında və ilk növbədə Ermənistan SSR ərazisində anti-Azərbaycan, antitürk təbliğatı və terrora səfərbərlik addımlarını 20 yanvar cinayətinə hazırlıq kimi qəbul etmək olar. Belə ki, artıq 1985-ci ildə Azərbaycan SSR-in DQMV-də erməni separatizmi açıq-aşkar şəkildə təbliğ olunurdu. Bu proses M.S.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı.
1985-ci ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçiyan Sov.İKP MK-nın Siyasi Bürosuna qondarma "erməni soyqırımı"nın 60 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də anım günü kimi qeyd olunması təklifi ilə müraciət edir. Siyasi Büronun iclasını aparan M.S.Qorbaçov buna razılıq versə də, Heydər Əliyevin, N.A.Tixonovun və A.A.Qromıkonun sərt etirazları ilə qarşılaşır. K.Dəmirçiyanın təklifini bəyənən M.S.Qorbaçov Heydər Əliyevin kəskin etirazını gördükdən sonra onunla qarşıdurmaya getməyə cəsarət etmir, lakin onun bu mövqeyini də unutmur. Buna görə də M.S.Qorbaçovun 1987-ci il oktyabrın 20-də Heydər Əliyevi SSRİ rəhbərliyində tutduğu yüksək vəzifədən uzaqlaşdırması ermənilərin öz çirkin niyyətlərini reallaşdırmaq ümidlərini daha da artırdı. Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri akademik Abel Aqanbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini, qeyri-rəsmi olsa da bütün dünyaya bildirməkdən çəkinmədi. A.Aqanbekyan "Humanite" qəzetinin 18 noyabr 1987-ci il tarixli sayında dərc olunmuş müsahibəsində Azərbaycan SSR ərazisi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə verilməsinin məqsədəuyğun olmasını və bu barədə dövlət başçısına təklif verdiyini bildirdi. "Qarabağ" Komitəsinin Azərbaycan SSR-də, xüsusən DQMV-də uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı "Krunk" adı altında açıq fəal fəaliyyətə başlamışdı. 1988-ci il martın 2-də "DQMV-nin Ermənistanla yenidən birləşdirilməsi uğrunda mübarizə Komitəsi" - iri müəssisə rəhbərlərini birləşdirən "55-lər Komitəsi" yaradılmışdı. 1988-ci il fevralın 26-27-də SSRİ dövlət xüsusi xidmət orqanlarının razılığı ilə ermənilər Sumqayıt şəhərində təxribat törətdikdən sonra, bunu bəhanə edərək Ermənistan SSR ərazisindən, öz tarixi etnik torpaqlarından - İrəvan şəhəri də daxil olmaqla 264 kənddən və 7 şəhərdən 187 min azərbaycanlı deportasiya olundu, onlara məxsus 31.000 ev, şəxsi təsərrüfat, 165 kollektiv təsərrüfatın əmlakı talandı, 242 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə insana işgəncə verildi. 15 mindən çox kürd və bir neçə min rus millətinə məxsus əhali Ermənistan SSR-dən çıxarıldı. 1988-1989-cu illərdə Ermənistanın hərbi-ideoloji təcavüzünün güclənməsi nəticəsində deportasiya, etnik təmizləmə və soyqırımına məruz qalan azərbaycanlı əhali Azərbaycan SSR-ə pənah gətirdi və bu da öz növbəsində respublikada ictimai-siyasi sabitliyin gərginləşməsinə səbəb oldu. Mərkəzi hökumətin Azərbaycan xalqına qarşı düşmən siyasəti nəticəsində genişlənən Ermənistanın hərbi təcavüzü onu milli azadlıq mübarizəsinə qaldırdı.
1990-cı il yanvarın 20-də SSRİ prezidenti M.S.Qorbaçov ermənilərin ərazi iddialarına etiraz edən Azərbaycan xalqını cəzalandırmaq üçün Bakı şəhərinə SSRİ və Azərbaycan SSR-in konstitusiyaları və respublikanın suveren hüquqlarını pozaraq qoşun yeridilməsi haqqında fərman verdi və Azərbaycan xalqına qarşı qanlı soyqırımı cinayəti törədildi, 150 nəfər qətlə yetirildi. SSRİ dövlətinin bu qanlı cinayətinə ilk etiraz səsini qaldıran görkəmli dövlət xadimi Heydər Əliyev oldu. O, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gələrək M.S.Qorbaçovu Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətində ittiham etdi və onun bu etirazı bütün dünyada böyük əks-səda doğurdu. Heydər Əliyev 1990-cı ilin iyulunda Sov.İKP sıralarını tərk edərək Vətəni Azərbaycana qayıtdı. Respublika rəhbərliyi tərəfindən Heydər Əliyevin ölkənin siyasi mərkəzi olan Bakıda qalmaması üçün hər cür təxribatlara əl atıldı və o terror aktı ilə hədələndi. Həyat üçün real təhlükənin mövcud olduğunu hiss edən Heydər Əliyev Naxçıvan MR-ə getməyə məcbur oldu. Ulu öndər 1990-1993-cü illərdə ağır blokada şəraitində olan Naxçıvan MR-in yaşaması, onun sərhədlərinin qorunması üçün mümkün olmayanı mümkün etdi. Heydər Əliyev 1991-ci ilin fevralında Azərbaycan Ali Sovetinin sessiyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox sərt məzmunda məruzə ilə çıxış etdi və o zaman Azərbaycan dövlətinin problemin həlli ilə bağlı konkret tədbirlər proqramı olmadığını söylədi. Lakin onun irəli sürdüyü təşəbbüslər respublika rəhbərliyi tərəfindən qəbul edilmədiyi üçün qısa zaman ərzində Azərbaycan xalqına düşmən tərəfindən ağır zərbələr vuruldu. 1992-ci il fevralın ortalarında Ermənistanın hərbi quldur dəstələri növbəti dəfə Xocavənd rayonunun Qaradağlı kəndinə hücuma keçdilər. Dörd gün davam edən qeyri-bərabər döyüşdən sonra erməni quldurları Qaradağlı kəndini ələ keçirərək onun 92 müdafiəçisini və 54 sakinini vəhşicəsinə qətlə yetirib silos quyularına atdılar. Qalan əhali isə əsir alındı. Təcavüzkar Ermənistan Azərbaycan Respublikasına qarşı qanlı terror aksiyalarını daha da genişləndirdi. Həmin il yanvarın 8-də "Krasnovodsk-Bakı" dəniz sərnişin bərəsində belə terror aktı nəticəsində 25 nəfər həlak oldu. 88 nəfər ağır yaralandı. Fevralın 28-də Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarının partladılması zamanı 11 nəfər həlak oldu, 18 nəfər yaralandı. Təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ermənilər tərəfindən Azərbaycan Respublikasına məxsus dəmir yolu nəqliyyatı sistemində 1989-cu il iyulun 14-dən 1994-cü il mayın 7-dək 206 terror aktı həyata keçirilmişdi.
Erməni quldurları Rusiya Federasiyası MN məxsus Xankəndidəki 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə əlbir olaraq XX əsrin Xatın, Sonqmi faciələrini geridə qoyan Xocalı soyqırımını törətdilər. 1992-ci il fevralın 25-də axşam saat 21:00-da erməni hərbi birləşmələri, 366-cı alay (üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən), habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar Xocalıya hücum etdilər. Hərbi təcavüz nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 1000 nəfərdən artıq dinc sakin o cümlədən 76 uşaq müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başlarının dərisi soyuldu, gözləri çıxarıldı, başları kəsildi, hamilə qadınların qarnı süngü ilə deşildi. Bütün bu dəhşətləri görən 366-cı alayın 02270 saylı xüsusi şöbəsinin rəisi polkovnik V.R.Savelyev RF MN Baş Qərargahı yanında Baş Kəşfiyyat İdarəsinə, BMT və Avropa Şurasına ünvanlandığı müraciət məktubunda Azərbaycan xalqına qarşı soyqırımı cinayətinin törədildiyini etiraf edir: "Mən məndən on addımlıqda güllə yarası almış səkkiz-doqquz yaşında qızcığaza yardım edə bilmədim. Mən Allahın məni cəzalandıracağı o gündən qorxuram. Lənətlənmiş günlər bir-birini əvəz edirdi". Hadisələri ilk olaraq vidio lentə olan Azərbaycan jurnalistləri Seyidağa Mövsümlü və Çingiz Mustafayevin çəkdikləri videogörüntülərdən məlum oldu ki, öldürülənlər içərisində 2 yaşından 15 yaşına qədər olan uşaqlar əksəriyyət təşkil edirdi. Faciənin şahidi olan fransız jurnalisti Jan-İv Ginyet yazırdı: "Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular". 1992-ci il martın 10-da daxili işlər naziri RF-in prezidenti B.Yeltsinə məktub göndərir və Xocalı hadisəsi ilə bağlı görüşmək istədiyini bildirir. Məktuba Xocalı faciəsi ilə bağlı videokaseti də əlavə edir. General yazırdı: "Xocalıda uşaqları, qadınları və qocaları güllələmişlər. Öldürülənlərin başlarının dərisi soyulmuşdur". Videolentdə RF MN 366-cı alayının cinayət hərəkətləri qeydə alınmışdı. Bu sözlər N.Qavrilovun 1998-ci ildə Sankt-Peterburqda nəşr olunan "Voennıe vedomosti" jurnalının 96-cı səhifəsindən götürülmüşdür. B.Yeltsin videokasetə baxdıqdan sonra xüsusi sərəncam (№ 0219/21-OD-1992.III.12-C.B) imzaladı və Sərəncama əsasən bu videogörüntülərin RF ərazisində göstərilməsi qadağan edildi.
Rusiya Federasiyası hərbi dairələrinin köməyinə arxalanan erməni quldurları 1993-cü ildə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal edərək etnik təmizləmə aparmış və nəticədə Azərbaycan Respublikasının 1 milyondan çox vətəndaşı öz ölkəsində qaçqına çevrilmişdi. Hərbi təcavüz nəticəsində 100 000 nəfər yaralanmış, 50 000 insan şikəst, 20 min nəfər şəhid olmuş, 4853 nəfər itkin düşmüş və onlardan 439 nəfəri əsirlikdə öldürülmüş, 783 nəfər isə indiyə qədər əsirlikdədir. "Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası"nın 1 yanvar 2011-ci il tarixinə olan məlumatına əsasən əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4049 nəfər təşkil etmişdir. Onlardan 3273 nəfər hərbçi, 771 nəfər mülki şəxsdir, 5 nəfərinin isə hərbçi və ya mülki şəxs olduğu məlum deyil. İtkin düşən mülki şəxslərdən 47 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 247 nəfər qadın, 347 nəfər yaşlı şəxsdir. Bu günədək əsir və girovluqdan 1309 nəfər azad edilmişdir. Onlardan 343 nəfər qadın, 1056 nəfəri kişidir. Qeyd etmək lazımdır ki, azad olunan şəxslərdən 170 nəfəri uşaq 289 yaşlı şəxsdən 112 nəfəri qadındır. Bundan əlavə, Dövlət Komissiyasına daxil olmuş materialların analizi zamanı 563 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyənləşdirilmişdir. Onlardan 104 nəfəri qadın, 448 nəfəri kişidir. Bu şəxslərin yalnız 137 nəfərinin adı məlum olduğu halda, onlardan 74 nəfərin adı məlum deyil.
1991-1992-ci illər ərzində keçmiş DQMV-nin ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı ilə Azərbaycan Respublikasına qarşı hərbi təcavüzün yeni mərhələsi başlandı. 1993-cü il iyulun 24-dən oktyabrın 28-dək Rusiya Federasiyasının hərbi-siyasi yardımı ilə Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdi. Ermənistanın hərbi təcavüz nəticəsində Laçın rayonundan 71000, Kəlbəcər rayonundan 74000, Ağdam rayonundan 165600, Füzuli rayonundan 146000, Cəbrayıl rayonundan 60000, Qubadlı rayonundan 87900, Zəngilan rayonundan isə 39500 nəfər Azərbaycan vətəndaşı məcburi köçkün vəziyyətinə düşdü. BMT-nin TŞ-nin Azərbaycan Respublikasının ərazilərinin işğalı ilə bağlı qəbul etdiyi 30 aprel 1993-cü il tarixli 822, 29 iyul tarixli 853, 14 oktyabr tarixli 874 və 12 noyabr tarixli 884 saylı qətnamələr yerinə yetirilmədi. Qeyd etmək lazımdır ki, 1992-ci il mart ayının 24-də münaqişənin tənzimlənməsi üzrə 9 dövlətin daxil olduğu Minsk qrupu yaradıldı.
1993-cü il iyunun 4-də Azərbaycan Respublikasında baş verən hərbi-siyasi böhran ölkədə və ilk növbədə cəbhə bölgəsində vəziyyəti daha da gərginləşdirdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və Azərbaycan xalqının ictimai-siyasi və sosial-iqtisadi həyatında yeni mərhələ başlandı. Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyi bərpa etmək və Ermənistanın hərbi təcavüzünün qarşısını almaq üçün qəti addımlar atdı. Ordu quruculuğu sahəsində atılan addımlar nəticəsində düşmənə ağır və sarsıdıcı zərbələr vuruldu, işğal olunmuş bir sıra yaşayış məntəqələri azad edildi və 1994-cü il mayın 12-də atəşkəsə nail olundu. 1988-1994-cü illərdə Ermənistanın işğalı nəticəsində Azərbaycan Respublikası ərazisində 946 yaşayış məntəqəsi, 6 min sənaye, kənd təsərrüfatı və başqa müəssisə, ümumi sahəsi 9 mln. kv/m olan 150 min mənzil, 4366 sosial-mədəni təyinatlı müəssisə, 690 orta məktəb, o cümlədən 850 məktəbəqədər müəssisə, 665 tibb məntəqəsi, 927 kitabxana, 22 muzey, 4 rəsm qalereyası, 6 dövlət teatrı 44 məbəd, 9 məscid məhv edilmişdir. Azərbaycan xalqına vurulan maddi zərərin həcmi 60 milyard ABŞ dollarından (1994-cü ilin qiyməti ilə - C.B.) çoxdur. 2011-ci ilin qiymətləri ilə hesabladıqda vurulan zərər 300 milyard təşkil edir. Bundan əlavə, Ermənistan Respublikası ilə sərhədyanı rayonlarında xeyli miqdarda maddi zərər vurulmuşdur. Bu rəqəmin miqdarı 1994-cü ildəki qiymətlərlə 1389233500 ABŞ dolları təşkil edir. Bu bölgələrdə yerləşən rayonların icra hakimiyyətlərinin verdikləri məlumatlara görə işğal nəticəsində vurulmuş birbaşa maddi zərər rayonlar üzrə ABŞ dolları ilə aşağıdakı kimi olmuşdur: Tərtər və keçmiş Ağdərə rayonları üzrə - 799295100$, Qazax rayonu 327529464$, Tovuz rayonu - 189873420$, Ağcabədi rayonu - 22420050$, Ağstafa rayonu - 1998950$, Beyləqan rayonu -3812500$, Gədəbəy rayonu - 44303800$. Beləliklə, Ermənistanın hərbi təcavüzü və işğalı nəticəsində Azərbaycan Respublikasına vurulmuş 60 milyarddan artıq maddi zərərin 28066 milyard ABŞ dolları işğaldan azad olunmuş. Rayona, 1389233284 ABŞ dolları isə cəbhəyanı və Ermənistan Respublikası ilə həmsərhəd olan rayonlara vurulmuşdur. Qeyd etmək lazımdır ki, Naxçıvan MR-ə vurulan maddi zərər buraya daxil edilməmişdir. Bütün mövcud təkzibolunmaz faktlar təsdiq edir ki, təkcə XX əsrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən tətbiq edilən deportasiya, etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində Şimali Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadratkilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə torpaqlarının 20 faizi işğal edilmişdi.
Azərbaycan Respublikasının Milli Məclisi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında qərar qəbul etdi və fevralın 26-sı Xocalı soyqırımı günü elan edildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi. Prezident Heydər Əliyev 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzaladı və bu fərmana uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi 31 mart 1998-ci il tarixdə Azərbaycanlıların soyqırımı günü elan edilməsi ilə əlaqədar bəyanat qəbul etdi. 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyası Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası təşkil olundu. Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya ədalət" kampaniyasının keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il fevralın 13-də "Xocalıya ədalət" kampaniyasının keçirilməsinə dair tədbirlər haqqında Sərəncam imzaladı. Beynəlxalq arenada aparılan təbliğat işləri nəticəsində bir çox dünya ölkələrinin parlamentləri Xocalıda dinc əhaliyə qarşı törədilmiş cinayəti Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı kimi tanıdı.
2016-cı il aprelin əvvəlində işğalçı Ermənistan tərəfindən törədilən növbəti təxribata cavab verən Azərbaycan Ordusu əks-hücuma keçərək işğal olunmuş ərazilərin bir hissəsini azad etdi. Bu, işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində ilk genişmiqyaslı hərbi addım idi. 2020-ci il iyulun 12-də və sentyabrın 27-də erməni faşizminin hərbi cinayətlərinə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkə ərazilərini erməni nasistlərindən təmizləmək və ölkənin ərazi bütövlüyünü təmin etmək haqqında qərar qəbul etdi. 27 sentyabr tarixindən başlanan hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu tərəfindən düşmənə sarsıdıcı zərbələr endirildi və ölkənin Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Tərtər və Kəlbəcər rayonlarının böyük hissəsi və Şuşa şəhəri işğaldan azad edildi. Ermənistan 2020-ci il noyabrın 10-da təslim olmaq aktına imza atmağa məcbur edildi. Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2020-ci il Fərmanı ilə 27 sentyabr ölkədə Anım Günü, 8 noyabr isə Qələbə Günü elan edildi. 2020-ci il dekabrın 10-da Bakı şəhərinin Azadlıq Meydanında Qələbə paradı keçirildi. Bütün tarixi, hüquqi və faktiki sənədlərə əsaslanaraq gəlinən nəticə aşağıdakılardan ibarətdir: Erməni faşizminin Azərbaycan xalqına qarşı deportasiya, etnik təmizləmə, soyqırımı və işğalçı siyasəti nəticəsində insan hüquqları sahəsində qəbul edilmiş çoxsaylı beynəlxalq müqavilələrdə əksini tapmış normalar, o cümlədən BMT Baş Assambleyasının 260 (III)A Qətnaməsi (179-cu plenar iclas, 9 dekabr 1948-ci il) ilə qəbul olunmuş və 1991-ci ildə qüvvəyə minmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" konvensiyasının "İnsan hüquqlarına dair Ümumdünya Bəyannaməsi"nin, "Mülki və siyasi hüquqlar üzrə Beynəlxalq Pakt"ın, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq konvensiyanın, "İşgəncələr və digər qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan münasibətlərə qarşı və ona görə cəzalandırma haqqında" konvensiyanın, "Uşaq hüquqları haqqında" konvensiyanın, o cümlədən "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" Haaqa konvensiyasının (1954-cü il), "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının (1970-ci il) UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" konvensiyasının (1972-ci il) və "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasının (1992-ci il) bütün müddəaları pozulmuşdur. Bütövlükdə XVIII-XX əsrlərdə erməni faşizminin imperialist dövlətlərin əllərində bir alət olaraq Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər tarixi arxiv sənədlərində, nəşr olunmiş elmi əsərlərdə əks olunmuş fatklar əsasında təsdiq edilmişdir. İstinad edilən arxiv sənədləri, elmi mənbələr birmənalı şəkildə belə bir fikir söyləməyə əsas verir ki, imperialist dövlətlərin ermənilərdən bir alət olaraq öz işğalçı planlarını reallaşdırmaq üçün istifadə etmələri nəticəsində Azərbaycan xalqının əraziləri işğal edilərək bölüşdürülmüş, etnik təmizləmə, deportasiya siyasəti həyata keçirilmiş, soyqırımı cinayətləri törədilmiş və nəticədə insan və torpaq itkilərinə məruz qalmışdır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı 2020-ci il sentyabın 27-də başladığı və 44 gün ərzində Qələbə ilə başa vurduğu Vətən müharibəsi, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı nəticəsində erməni faşizmini məhv etməklə bərabər, 20 yanvar şəhidlərinin, o cümlədən xalqın azadlığı və dövlət müstəqilliyi uğrunda həlak olmuş bütün şəhidlərin qisasını aldı və bu dövrlər ərzində itirdiklərinin geri qaytarılmasının əsasını qoydu.
Cəbi BƏHRAMOV,
tarix üzrə fəlsəfə doktoru, dosent.