AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ƏLİZADƏ ƏBDÜLKƏRİM ƏLİ OĞLU

ƏLİZADƏ ƏBDÜLKƏRİM ƏLİ OĞLU

11.01.1906–03.12.1979

Akademik, 1944–1950-ci illərdə Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, Azərbaycan EA-nın akademiki, 1956-cı ildə Azərbaycan EA İctimai Elmlər Bölməsinin akademik-katibi, 1958-ci ildə isə Şərqşünaslıq İnstitutunun direktoru.

Akademik Ə.Ə.Əlizadə 1906-cı il yanvarın 11-də anadan olmuşdur.

Azərbaycanda qədim və orta əsrlər tarixi üzrə kadr çatışmazlığı nəzərə alınaraq Ə.Ə.Əlizadə 1927-ci ildə Leninqrad Şərq İnstitutuna göndərilmiş və 1930-cu ildə həmin institutu bitirmişdir.

1935-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1935–1941-ci illərdə SSRİ EA-nın Şərqşünaslıq İnstitutunda, eyni zamanda Leninqrad Şərq İnstitutunda və Leninqrad Dövlət Universitetində çalışmışdır.

1941-ci ildən ömrünün sonunadək Azərbaycan EA sistemində işləmiş, 1944–1950-ci illərdə Tarix İnstitutunun direktoru olmuşdur.

Ə.Ə.Əlizadə 1954-cü ildə tarix elmləri doktoru elmi dərəcəsi almış, bir il sonra isə Azərbaycan EA-nın akademiki seçilmişdir. O, 1956-cı ildə Azərbaycan EA İctimai Elmlər Bölməsinin akademik-katibi, 1958-ci ildə isə Şərqşünaslıq İnstitutunun direktoru təyin olunmuşdur.

Akademik Ə.Ə.Əlizadə görkəmli şərqşünas İ.P.Petruşevski ilə birlikdə Azərbaycanın orta əsrlər tarixşünaslığının əsasını qoymuşdur. Azərbaycanın və qonşu Yaxın Şərq ölkələrinin Səlcuqilər və monqollar dövrü tarixinin tədqiqatçısıdır. Alimin 1956-cı ildə nəşr olunmuş «XIII–XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi və siyasi tarixi» adlı sanballı monoqrafiyası (rus dilində) və 60-dan artıq elmi məqaləsi Azərbaycanın və eləcə də qonşu Şərq ölkələrinin orta əsrlər tarixinin öyrənilməsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Onun rəhbərliyi ilə onlarla elmlər doktoru və namizədi yetişmişdir.

Ə.Ə.Əlizadə Şərqşünasların Münhen (1957), Moskva (1960), Tehran (1966, 1969), Ankara (1961, 1970), Varşava (1955), Təbriz (1969) konqreslərinin və digər elmi məclislərinin iştirakçısı olmuş, Azərbaycan tarix elminin yeniliklərini, nailiyyətlərini dünya alimlərinə çatdırmışdır.

Akademik Ə.Ə.Əlizadə elmi xidmətlərinə görə SSRİ Dövlət mükafatına (1948), «Əməkdar elm xadimi» fəxri adına (1960), Azərbaycan SSR Dövlət mükafatına (1978) layiq görülmüş, «Qırmızı Əmək bayrağı», «Qafqazın müdafiəsi», «Böyük Vətən müharibəsində şərəfli əməyə görə», «Şərəf nişanı» orden və medalları ilə təltif olunmuşdur.

3 dekabr 1979-cu ildə vəfat etmişdir.

Paylaş: