AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AMEA PREZİDENTİNİN SƏRƏNCAMLARI

 

“Azərbaycan tarixinin dönüş nöqtəsi: 27 aprel işğalının yüz illiyi (1920-2020)” mövzusunda beynəlxalq elmi simpoziumun keçirilməsi haqqında AMEA Prezidenti akademik Ramiz Mehdiyevin sərəncamı

2020-ci ilin aprel ayında Şimali Azərbaycanın bolşevik işğalının 100 illiyi tamam olur. 1920-ci il aprelin 27-də Sovet Rusiyasının XI Qırmızı ordusu bütün beynəlxalq hüquq normalarını pozaraq Şimali Azərbaycanı işğal etmişdir. Bunun nəticəsində müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti süqut etmiş və bu tarixi hadisə xalqımızın gələcək taleyinə öz mənfi təsirini göstərmişdir. Aprel işğalının Şimali Azərbaycan tarixində oynadığı rolu, xalqımızın gələcək taleyində bu işğalın ağır nəticələrini tanınmış türk xalqları alimlərinin iştirakı ilə elmi cəhətdən hərtərəfli təhlil edib qiymətləndirmək ictimai-siyasi və mədəni baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Qeyd olunanları nəzərə alaraq:

  1. 27-30 aprel 2020-ci il tarixlərində AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun koordinatorluğu ilə Türkiyə Cümhuriyyətinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı və AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin elmi tədqiqat müəssisələrinin iştirakı ilə “Azərbaycan tarixinin dönüş nöqtəsi: 27 aprel işğalının yüz illiyi (1920-2020)" mövzusunda beynəlxalq simpozium keçirilsin.
  2. Nəzərə alınsın ki, beynəlxalq simpoziumun xərcləri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən maliyyələşdiriləcəkdir.
  3. Sərəncamın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti akademik İsa Həbibbəyliyə həvalə edilsin.

Bakı şəhəri, 18 fevral 2020-ci il. №52

.....................

Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında AMEA Prezidenti akademik Ramiz Mehdiyevin sərəncamı

       Çin Xalq Respublikasında yaranmış və sürətlə dünyanın bir sıra ölkələrində yayılmaqda olan koronavirusun ölkəmizdə yarada biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir. Müvafiq inzibati-təşkilati tədbirlər, sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında xüsusi iş rejiminin tətbiqi və profilaktik işlərin gerçəkləşdirilməsi, geniş miqyaslı sanitar-dezinfeksiya işləri, kütləvi informasiya vasitələrində koronovirusla mübarizə üsulları ilə bağlı təbliğatın aparılması, epidemiyadan qorunmaq üçün müvafiq qurumların tibbi ləvazimatlarla təmin edilməsi və s. istiqamətlərdə ardıcıl işlər görülməkdədir. Koronavirusla mübarizə istiqamətində aidiyyəti qurumlar tərəfindən geniş miqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, epidemiyanın ehtimal olunan təhlükələrinin qarşısının alınması üçün çoxsaylı əməkdaşların çalışdığı ayrı-ayrı dövlət qurumlarının da üzərinə xüsusi məsuliyyət düşür. Bu baxımdan on mindən artıq əməkdaşın çalışdığı Azərbaycan Milli Elmlər Akademiyasında da bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi zəruridir. 

Qeyd olunanları nəzərə alaraq:

1. AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə tapşırılsın:

       1.1. Ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılsın;

              1.2. İşçilərin koronavirusun yayıldığı xarici ölkələrə ezamiyyətləri məhdudlaşdırılsın;

1.3. AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi təmin edilsin;

1.4. Təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlər tətbiq edilsin;

1.5. Qrip əlamətləri müşahidə olunan işçilərin işə davamiyyəti məhdudlaşdırılsın və onların dərhal həkimə müraciət etmələri üçün maarifləndirici işlər aparılsın; 

1.6. İşçilərin yoluxma hallarını istisna etmək məqsədilə elmi müəssisə və təşkilatların fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq, əlavə güzəştli davamiyyət rejimi tətbiq edilsin;

1.7. AMEA-nın müvafiq inzibati binalarının girişlərində qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yoxlamalar tətbiq edilsin və bunun üçün tələb olunan müvafiq tibbi ləvazimatlar alınsın.

2. AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə (akademik İradə Hüseynova) tapşırılsın ki, koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində müvafiq mütəxəssislər tərəfindən çıxışların edilməsi, maarifləndirici materialların dərc edilməsi təmin edilsin.

3. AMEA-nın İşlər idarəsinə (Elton Məmmədov) tapşırılsın ki, AMEA Rəyasət Heyətinin binasında (İstiqlaliyyət küç., 30) tibb məntəqəsinin təşkil edilməsi və bu sərəncamın icrasından irəli gələn digər məsələlərin həlli təmin edilsin.

4. Sərəncamın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti akademik İbrahim Quliyevə həvalə edilsin. 

Bakı şəhəri, 11 mart 2020-ci il, № 104

Paylaş: