AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

KOZİN YAKOV DMİTRİYEVİÇ

KOZİN YAKOV DMİTRİYEVİÇ

28.10.1896 -18.02.1973

SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı tərkibində Tarix İnstitutunun direktoru, professor, Qara dəniz-Xəzər regionu və Krımın tarixi geologiyasının və mineral resurslarının tədqiqatçısı, geoloq, geomorfoloq və rəssam, geologiya-mineralogiya elmləri

Yakov Dmitriyeviç Kozin 1896-ci il 28 noyabr tarixində anadan olmuşdur.

Valideynləri Don çayında bənddə matros kimi xidmət edirdilər. Alimin ailəsinin növbəti illəri də Volqa və Xəzər dənizi ilə bağlı olmuşdur. Bu da alimin gələcək elmi fəaliyyətinə öz təsirini göstərmişdir. Yakov Kozinin əmək təcrübəsi 60 ilə yaxındır. Əmək fəaliyyətinin ən məhsuldar dövrü olan ömrünün son 25 ili Krımla bağlıdır.

1914-cü ildə orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra orduya çağırılır. Kazanda hərbi məktəbdə təhsilini başa vurub Qərb cəbhəsində xidmətini davam etdirir.

1917-ci ildə polk komitəsinin üzvü və polk adyutantı seçilir. I Dünya Müharibəsindən sonra vətəndaş müharibəsinin gedişində Astraxanda, Astraxan-Prikaspi diyarının inqilabi hərbi şurasının qərargahında sədr vəzifəsində, daha sonra qərargah rəisi kimi xidmət göstərmişdir. 11-ci ordu ilə Y.D.Kozin Astraxandan Mineralnıye vodı, Qroznı, Mahaçqala, Bakı, Tiflis şəhərlərinə, o cümlədən də Ukraynanın müxtəlif şəhərlərinə qədər uzun bir yol keçmişdir.

1925-ci ildə Y.D.Kozinin ordudakı 8 illik xidməti başa çatdı. O,  ordu sıralarından təxris olunduqdan sonra Bakıya gəlir və “Azneft” sistemində işləyir, Azərbaycan Universitetində təhsil alır.

1929-cu ildə ixtisas tələbləri ilə bağlı olaraq politexnik institutunda təhsil alır, bu təhsil müəssisəsindəki təhsilini dağ fakültəsinin dekanının elmi-tədqiqat işləri ilə birləşdirir. İnstitutdakı təhsilini başa vurduqdan sonra 1935-ci ildə məşhur geoloq akademik, həmin vaxtı SSRİ EA-nın Zaqafqaziya filialının Rəyasət Heyətinin sədri Frants Yulyevits Levinson-Lessinq gənc mütəxxəsisi EA-nın Azərbaycan filialının geologiya şöbəsində elmi əməkdaş və elmi katib vəzifəsində işləməyə dəvət edir. Beləliklə də Y.D.Kozinin elmi fəaliyyəti başlayır. Tezliklə, 1937-ci ildə Qafqazın geologiyası mövzu­su üzrə namizədlik dissertasiyasını müdafiə edir. Zaqafqaziyanın müxtəlif rayonlarında, Baş Qafqaz silsiləsində, Talış dağlarında neft qaynaqlarının axtarışı və kəşfiyyatı məqsədi ilə çöl tədqiqatlarında iştirak edir. Elmi tədqiqatlarını genişləndirən Y.D.Kozin Xəzər dənizi, Qara dəniz və Aral dənizinin tarixi geologiya və paleoqrafiyasının öyrənilməsinə daha çox üstünlük vermişdir.

Yakov Dmitriyeviç Kozin 1940-ci il 9 yanvar tarixindən noyabrın 28-nə qədər SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı tərkibində Tarix İnstitutunun direktoru təyin edilir. II Dünya Müharibəsindən sonra o, Azərbaycanda neft olan sahələrin axtarışını davam etdirir, mütəxxəsis geoloqlar yetişdirir.

1947-ci ildə SSRİ EA-nın Geoloji Elmlər İnstitutunda Xəzər dənizinin və qonşu ərazilərin geoloji tarixi mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə edir. Bu regionun tədqiqinə Y.D. Kozin 50-dən çox nəşr edilmiş əsər və məzmunlu hesabatlar həsr etmişdir.

1948-ci ildə geolo­giya-mineralogiya elmləri doktoru Y.D. Kozin mühüm dövlət tapşırığını icra etmək məqsədi ilə SSRİ EA-nın Rəyasət Heyətinin qərarı ilə Krıma yola düşür: Simferopolda SSRİ EA-nın ilk əlaqələndirici akademik elmi mərkəzinin (daha sonra filialının) əsasını qoyur və onun ilk rəhbərlərindən biri olur.

1950-1973-cü illərdə Krım Pedaqoji İnstitutunun fiziki coğ­ra­fiya və ümumi torpaqşü­naslıq kafed­ra­sı­nın, daha sonra Simferopol Dövlət Uni­ver­sitetinin professoru, 1963-1973-cü illərdə isə Krım məktəbliləri­nin “Ax­tarışçı” kiçik elmlər akade­miyası­nın prezidenti olur.

1973-cü il fevral ayının 18-də vəfat edir.   

Paylaş: