QULİYEV CƏMİL BAHADUR OĞLU
16.12.1927–27.12.2010
Akademik C.B.Quliyev 1927-ci il dekabrın 16-da Ağdamda anadan olmuşdur.
1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuş, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1949-cu ildə həmin universiteti bitirdikdən sonra aspiranturada saxlanılmışdır.
C.B.Quliyev 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilmişdir.
1952-ci ildən ADU-da müəllim, dosent, 1958–1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir.
1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və professor adını almışdır. Həmin ildən Azərbaycan EA-da fəaliyyətə başlamışdır.
1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1976–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur.
1976–1991-ci illərdə və 1997-ci ildən 2007-ci ilədək Azərbaycan MEA Rəyasət Heyətinin üzvü olub.
1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-cı ildə həqiqi üzvü seçilmişdir.
O, bir neçə sanballı monoqrafiyanın, 300-dən çox məqalənin müəllifidir. C.B.Quliyev 7 cildlik «Azərbaycan tarixi»nin nəşrinə rəhbərlik etmiş, onun redaktorluğu ilə «Naxçıvan ensiklopediyası» (B., 2002) çapdan çıxmışdır.
C.B.Quliyev beynəlxalq forumlarda Azərbaycan elmini dəfələrlə təmsil etmiş, bir sıra hökumət və ictimai təşkilatların rəhbər orqanlarının üzvü olmuşdur. Əməkdar elm xadimi və Dövlət mükafatı laureatıdır. 1997-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə «Şöhrət» ordeni ilə təltif edilmişdir.
27 dekabr 2010-cu ildə vəfat etmişdir.