21.04.2025 16:07
22-23 aprel 2025-ci il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində Böyük Vətən Müharibəsində və İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək.
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov və institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev bu beynəlxalq elmi konfransa dəvət olunublar.
Tarix elmləri doktoru, professor Kərim Şükürov “1941-1945-ci illər müharibəsinin demoqrafik problemləri (Azərbaycan SSR materialları əsasında)”, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev isə “Azərbaycanın İkinci dünya müharibəsində iştirakı tarixi haqqında ənənəvi konsepsiyalara yeni baxış və “ağ ləkələrin” silinməsi” adlı məruzələrlə çıxış edəcəklər.
Konfransın təşkilatçıları Rusiya Elmlər Akademiyasının Ümumi Tarix İnstitutu, Rus Tarix Cəmiyyəti, Rusiya Elmlər Akademiyasının Rusiya Tarixi İnstitutu, Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi və Qabaqcıl Tarixi Tədqiqatlar İnstitutudur. Tədbir PJSC “Transneft”, MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu, “Rusiya Sülh Fondu” Beynəlxalq İctimai Fondu və “Vətən tarixi” Fondunun dəstəyi ilə keçiriləcək.
Tədbirdə müxtəlif ölkələrdən 40-dan çox alimin iştirakı ilə İkinci Dünya Müharibəsinin tədqiqində mübahisəli məsələlərin müzakirəsi nəzərdə tutulur. Konfransda keçmiş SSRİ xalqlarının qələbəyə töhfəsinə həsr olunmuş kollektiv toplunun təqdimatı keçiriləcəkdir.
24 aprel 2025-ci il tarixində isə Moskvada “Yeni dünya nizamı: Çoxqütblü dünyanın formalaşması və Rusiyanın rolu” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Tədbir müasir qlobal düzəndə baş verən dəyişikliklər, dünya təhlükəsizlik sistemindəki böhranın səbəbləri və nəticələrinə həsr olunacaqdır.
Beynəlxalq əlaqələr şöbəsi