02.05.2025 10:20
01 may 2025-ci il tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev: xalqa xidmətin parlaq nümunəsi” mövzusunda seminar-mühazirə keçirildi. Tədbirdə AMEA Tarix və Etnologiya İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri Ədalət Qasımov, FHN Akademiyasının müəllim və kursantları, rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin gənc müəllimləri, 226 saylı tam orta məktəbin 10-11-ci sinif şagirdləri iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Ulu Öndər Heydər Əliyev haqqında sənədli film nümayiş olundu.
Tarix və Etnologiya İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, Tarix elmləri doktoru Ədalət Qasımov “Heydər Əliyev: xalqa xidmətin parlaq nümunəsi” mövzusunda çıxış edərək bildirdi ki, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyev həm SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi müddətdə respublikanın davamlı inkişafı və müxtəlif sahələrdə, xalqın rifahının yüksəldilməsinin təmin olunması istiqamətində tarixə düşən əvəzsiz xidmətlər göstərmişdir. Bu gün müasir və müstəqil Azərbaycan, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi ideyalar və inkişaf strategiyası əsasında irəliləyir. Onun əsasını qoyduğu siyasi xətt Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizin tərəqqisinə və mövqeyinin möhkəmlənməsinə xidmət edir. Şübhəsiz ki, bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və bu gün Prezident cənab İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilən, güclü siyasi iradəyə əsaslanan müstəqil strateji xətt dayanır. Bu isə məhz Ümummilli Liderin arzuladığı – müstəqil, güclü və dayanıqlı Azərbaycandır.
Seminar - mühazirədə mühazirəçi auditoriyanın suallarını cavablandırdı və mühazirə diskussiya şəklində başa çatdı. İştirakçılar Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış oldular.
______________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir