22.05.2025 13:48
2025-ci il 16–18 may tarixlərində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Ahənçi “Səyahət və Turizm: Mədəni İrs” mövzusunda hibrid formatda keçirilən VI Beynəlxalq Elmi Konfransda birgə elmi məruzə ilə çıxış etmişdir.
Konfrans Ankara Hacı Bayram Vəli Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən təşkil olunmuşdur.
Pərvin Ahənçi Bakı Ali Neft Məkrəbinin “Tarix klubunun” elmi tədqiqat tələbə qrupunun üzvləri - Çingiz Məmmədov, Nubar Həsənquliyeva, Qüdrət Abbaslı ilə birlikdə “Viranələrdən dirçəlişə: Qarabağda turizm dinamikasının yüksəlişində bərpa olunmuş abidələrin rolu” mövzusunda çıxış ediblər.
Məruzədə işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi-mədəni abidələrin turizmin canlandırılmasındakı rolu, Ağdam, Laçın və Füzuli şəhərlərində aparılan bərpa işləri kontekstində turizm infrastrukturunun bərpası və mədəni irsin qorunması məsələləri təhlil olunub. Əsas diqqət Qarabağ Tarixi və Mədəni Abidələri üzrə Məlumat Bankının yaradılmasına yönəldilib.
Məruzədə bildirilib, mədəni irsin bərpası təkcə Azərbaycan tarixinin qorunmasına deyil, həm də turizm axınının canlandırılmasına, regional iqtisadi inkişafın sürətlənməsinə və mədəniyyətlərarası dialoqun təşviqinə mühüm töhfə verə bilər. Bu prosesin uğurla davam etməsi üçün dövlət siyasətinin sistemli planlaşdırılması, beynəlxalq mədəni əməkdaşlıq, UNESCO kimi təşkilatlarla mədəni irs diplomatiyası xüsusi əhəmiyyət daşıyır.
_________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir