14.06.2025 18:47
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda 13 iyun 2025-ci il tarixində “Milli Qurtuluş Günü: Azərbaycan milli dövlətçiliyinin xilas günüdür” adlı dəyirmi masa keçirilib.
Tədbiri açan tarix və etnologiya institutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev Milli Qurtuluş Gününün mahiyyəti tarixi əhəmiyyəti haqqında dəyirmi masa iştirakçılarına geniş məlumat verdi. İ.Niftəliyev bildirdi ki, dövlət müstəqilliyi bərpa etdikdən sonra Azərbaycanın xalqının qarşısında bu müstəqilliyi qoruyub saxlamaq, ərazi bütövlüyünü təmin etmək, sosial-iqtisadi islahatlar aparmaq və s. kimi vəzifələrin yerinə yetirilməsi dururdu. 1993-cü ilin iyun ayında isə Azərbaycan xalqı və dövlətinin ağır sınaqla üz-üzə qaldığını vurğulayan İ.Niftəliyev dedi ki, Ümummilli lider Heydər Əliyevin xilaskar rolunu, Milli Qurtuluş gününün mahiyyətini dərk etmək və müvafiq nəticələr çıxarıb ibrət dərsləri almaq müstəqil dövlətimizin və millətimizin keçdiyi yolu, mövcud vəziyyətini, gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək baxımından vacibdir.
Dəyirmi masada Milli Qurtuluş Gününə həsr edilmiş “Milli Qurtuluşdan-İntibaha” adlı videoçarx sərgiləndi.
“Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Ədalət Qasımov 15 iyun Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində oynadığı rolu şərh edərək dedi ki, bu, xalqımız üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik gündür. Məhz bu tarixdə Azərbaycanın xaosdan, anarxiyadan, hərcmərclikdən, parçalanma və dağılma təhlükəsindən qurtularaq sabitliyə əmin amanlığa inkişafa qovuşmasının əsası qoyuldu, ölkənin tarixi taleyində əsaslı dönüş yarandı. Məruzəçi vurğuladı ki, XX əsrin sonlarında müstəqillik qazanmış Azərbaycan qısa vaxtdan sonra dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. 1993-cü ilin iyun günlərində hakimiyyət böhranı son həddə çatmışdı. Bütün bunlar həmin dövrdə ölkəyə siyasi prosesləri düzgün qiymətləndirmək bacarığından məhrum şəxslərin başçılıq etməsindən irəli gəlirdi. İyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ali Sovetinə sədr seçilməsi ilə qurtuluş missiyasını və məsuliyyətini öz üzərinə götürdü. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqillyini qorudu, ictimai-siyasi böhranın aradan qaldırılmasına nail oldu.
“Əliyevşünaslıq” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova məruzəsində bildirdi ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Hələ sağlığında Ümummilli Lider statusunu qazanan, milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı, onun müəyyən etdiyi ideoloji xəttin müasir dövlətimizin gələcəyinin təminatçısı olması hər kəsin bildiyi və qəbul etdiyi yenilməz həqiqətdir.
Şöbənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı bildirdi ki, Heydər Əliyev ideyaları, irsi müasir və müstəqil Azərbaycanın inkişaf strategiyasıdır. Ulu öndərin ideyalarında bu günkü Azərbaycan Respublikasının demokratik, mütərəqqi və uğurlu idarəetməsinin bünövrəsi qoyulub. Məhz bu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan regional güc və təhlükəsizlik mərkəzinə çevrilib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun innovativ yanaşma ilə zənginləşdirərək davam etdirilməsi sayəsində bu günkü uğurlarımıza çatmışıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndərin ideyalarını daha da inkişaf etdirərək, müasir dövrdə milli inkişafın yeni modelini yaradıb.
Tədbirdə çıxış edən “Dünya tarixi” şöbəsinin elmi işçisi Aslan Şirəliyev 1993-cü ildə baş verən hadisələr, Milli Qurtuluş günü ilə bağlı fikirlərini dəyirmi masa iştirakçıları ilə bölüşdü.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
☎️ +994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir