18.06.2025 15:22
18 iyun 2025-ci il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitututun birgə təşkilatçılığı ilə “Zoom” platforması vasitəsilə “XIX-XX əsrlərdə Azərbaycanda və Özbəkistanda sosial-mədəni proseslər: ümumi və fərqli cəhətlər” adlı beynəlxalq onlayn konfrans keçirilib.
Konfransı açan Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, iki xalq ortaq tarixə, mədəniyyətə, ortaq köklərə, ortaq dəyərlərə malikdirlər. Azərbaycan və Özbəkistan müstəqilliklərini bərpa etdikdən sonra münasibətlərdə yeni əməkdaşlıq istiqamətləri yaranıb, son illərdə siyasi, iqtisadi, sosial, mədəni əlaqələr daha da inkişaf etməkdədir. İki ölkə arasında elmi sahəsində əlaqələrin genişləndiyini nəzərə çatdıran İlqar Niftəliyev bildirdi ki, ötən il Tarix və Etnologiya İnstitutu və Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitututu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb, bu da iki elmi-tədqiqat müəssisəsi arasında əməkdaşlığın məqsədyönlü və sistemli olmasının bir sübutudur. Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitututunun direktoru, akademik Azamat Ziyonun ötən il Tarix və Etnologiya İnstitutunda görüş keçirdiyini, birgə memorandum imzalandığını xatırladan İlqar Niftəliyev dedi ki, həmin əməkdaşlıq sənədinə uyğun olaraq bu günki konfrans təşkil edilib.
Daha sonra AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Dünya tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İradə Bağırova “XIX-XX əsrlərin əvvəllərində ənənəvi cəmiyyətin transformasiyası şəraitində Azərbaycan və Türküstanın milli ziyalı elitasının dünyagörüşünün təkamülü”, “Dünya tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Rəhmanzadə “Azərbaycanda yeni üsullu (üsuli-cədid) məktəblər modernləşmə müəssisələri kimi”, “Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əzizağa Ələkbərov “Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin inkişafında Cəlil Məmmədquluzadənin rolu”, “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Raisə Cəfərova “İki dəfə repressiyaya məruz qalmış iki xalqın görkəmli ziyalısı – Məqsud Şeyxzadə”, Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini t.ü.f.d. Dilnoza Jamolova “Türküstan və Azərbaycan maarifçiləri: elm, mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq”, “Qədim dövr” şöbəsinin müdiri, t.ü.f.d. Feruza Şomukaramova “Rusiya imperiyasının Türküstan vilayətinin mədəni irsinin qorunması siyasəti”, “Özbəkistan Tarix İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Muhayo İsakova “Türküstan xalqları ilə Azərbaycanın qarşılıqlı münasibətləri tarixinə dair arxiv sənədləri”, böyük elmi işçi Daler Mirzayev “'Türküstan vilayəti qəzeti' materiallarında Azərbaycanın mədəni həyatı” adlı məruzələrlə çıxış ediblər.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir