AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ HAQQI

05.07.2025 20:28

04 iyul 2025-ci il tarixdə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan  Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun reallaşdırdığı  “Qərbi Azərbaycana qayıdış haqqı” layihəsi çərçivəsində “Qərbi Azərbaycanın əhalisinin doğma torpaqlarına qayıtmasının hüquqi əsasları” mövzusunda  seminar keçirilib. 
 Seminarın açılışında çıxış edən Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə  direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev bu tədbirin  günümüzün aktual probleminə həsr edildiyini vurğulayıb. Azərbaycanın öz ərazisində dövlət suverenliyini bərpa etməsi, ölkəmizin böyük regional və ümumdünya miqyaslı problemlərin həllində qlobal uğurlarından danışıb. 
 Layihənin rəhbəri İbrahim Əliyev məruzəsində Cənubi Qafqazda Rusiya imperiyasının yeritdiyi siyasətinin mahiyyətinə və nəticələrinə diqqət yönəldib, bu siyasətdə erməni amilinin oynadığı rolu bur daha əyani şəkildə, konkret faktlarla işıqlandırıb. Xüsusi olaraq göstərib ki, ermənilərin regiona məqsədyönlü şəkildə köçürülməsi vaxtından və  dövlət quruluşundan asılı olmayaraq dönmədən aparılıb, bildirib ki, Rusiya imperiyası,  Sovet dövləti və hazırkı Rusiya Federasiyasının siyasətində elə bir ciddi fərq olmayıb. Məruzədə qeyd olunub ki, Cənubi Qafqazın erməniləşdirilməsi, azərbaycanlıların öz döğma yurdlarından didərgin salınması tariximizin ən ağrılı məsələrindən biridir. Ölkəmizin işğalı, onun iki imperiya arasında bölüşdürülməsindən sonra işğalçıların Azərbaycanın dövlətçiliyinin məhv edilməsinə, onun azadlıq ruhunun qırılması, müstəqillik iradəsinin məhv edilməsinə yönəlmiş məqsədyönlü siyasəti tarixdə qara zolaq kimi keçir. İmperiyanın hər addımı, qərarı, həyata keçirilən məkrli siyasət burada ağalıqlarını əbədiləşdirmək məqsədinə xidmət edib. 
 Məruzəçi diqqəti Azərbaycan xalqının keçdiyi təkamül prosesinə yönəldib. Qeyd olunub ki, tarixə bütöv nəzər saldıqda biz  xalqımızın düşdüyü bəladan qurtuluşu istiqamətində irəliləyişini görə bilərik. Həmin dövrün tarixini vərəqlədikcə bir birini əvəz edən mərhələlərin, dirşəliş prosesini görməmək mümkün deyildir. Bu təkamülün yekunu günümüzün reallığı olan Azərbaycan Respublikasının öz haqqlarını addım-addım təsdiq etməsidir. Məruzədə Azərbaycanın müasir dövrdə atdığı addımların əhəmiyyəti, o cümlədən əhalinin vaxtilə məhrum edildiyi döğma torpaqlarına qayıdışın hüquqi əsaslarının araşdırılması diqqət mərkəzinə gətirilib. 
 Müzakirələr zamanı tarix elmləri doktoru, professor Qasım Hacıyev, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov, tarix elmləri doktoru, professor Mais Əmrahov, tarix elmləri doktoru, dosent Ramil Ağayev, tarix üzrə fəlsəfə doktoru, dosent Sahibə Budaqova çıxışlarında problemin vacib məqamlarına toxunub, bu istiqamətdə aparılan tədqiqatların vacibliyini qeyd ediblər.    
 Çıxışlarda yeni dünya nizamının formalaşdığı indiki məqamda Azərbaycanın Prezidentin rəhbərliyi altında güclü bir xətt yeridildiyi vurğulanıb, onun uğurla nəticələnəcəyinə inam ifadə olunub. Tədbirdə məruzələr böyük diqqətlə dinlənilib, geniş müzakirələr aparılıb.
_____________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
☎️ +994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: