22.09.2025 10:50
A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, professor Mais Əmrahov sentyabrın 19-da Azərbaycan Respublikasında “2025-ci ilin Konstitusiya və Süverenlik ili “ elan olunması ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Unuversitetində keçirilən tədbirdə məruzə etmişdir. M.Əmrahov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsindən bəhs edərək Sərəncamın Azərbaycanın dövlətçilik tarixində milli suverenliyin möhkəmləndirilməsi və Konstitusiyanın ali hüquqi statusunun daha da önə çıxarılması baxımından strateji əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd olunmuşdur ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” olaraq seçilməsi heç də təsadüfi olmamış, 2025-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu, eyni zamanda Vətən müharibəsində qazanılmış zəfərin 5-ci ildönümüdür. Bu Sərəncam dövlətçilik ənənələrinin gücləndirilməsi, hüquqi dövlət quruculuğunun təkmilləşdiril¬məsi, Azərbaycan Respublikasının müasir dövlətçiliyinin əsasını təşkil edən konstitusiya dəyərlərinin qorunması, inkişaf etdirilməsi, təbliği, suverenliyin qorunması və möhkəmlən¬dirilməsi istiqamətində atılan əhəmiyyətli addımlardan biridir.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış II Qarabağ - Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.
Sərəncamın strateji məqsədlərindən bəhs edən M.Əmrahov tarixi ədalətin tanınması və ictimai yaddaşın gücləndirilməsinin vacibliyindən, milli həmrəyliyin və ideoloji bütövlüyün təşviqinin əhəmiyyətindən, azad edilmiş ərazilərdə inkişaf proseslərinə təkan verməsindən, “Suverenlik İli” çərçivəsində azad edilmiş torpaqlarda hüquqi, iqtisadi və sosial infrastrukturun bərpası, mərkəzi idarəetmə sistemlərinin tam tətbiqi və əhalinin qayıdışı proseslərinin sürətləndirilməsindən, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində dövlətçilik ənənələrinin, suverenliyin mahiyyətinin və onun qorunmasının vacibliyinin aşılanması məsələrdən bəhs etmiş, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi həm Konstitusiyanın 100 illik tarixi inkişafını, həm də Azərbaycan dövlətçiliyinin suveren əsaslar üzərində tam möhkəmlənməsinə simvolizə etdiyini. dövlətimizin hüquqi inkişafında yeni mərhələnin başlandığını göstərən və gələcək islahatlara da zəmin yaratdığını faktlarla əsaslandırmışdır.
Tədbir iştirakçılarının suallarını cavablandıran M.Əmrahov vurğulamışdır ki. Konstitusiya və suverenlik anlayışları Azərbaycanın müasir dövlət quruculuğunda ayrılmaz dəyərlər kimi çıxış edir. Konstitusiya dövlətin əsas hüquqi sənədi olmaqla hüquqi dövlətin əsasını təşkil edir, vətəndaşların hüquq və azadlıqlarını təsbit edir. Suverenlik isə xalqın öz müqəddəratını təyinetmə hüququnu, dövlətin öz ərazisi daxilində ali hakimiyyətə malik olmasını, beynəlxalq arenada bərabərhüquqlu subyekt kimi çıxışını və müstəqil qərarlar qəbul etməsini təmin edir.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir