AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Heydər Əliyevin Azərbaycan tarixinə dair baxışları”

26.09.2025 14:44

AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun 90 illiyi ilə əlaqədar olaraq “Əliyevşünaslıq” şöbəsinin təşkilatçılığı ilə sentyabrın 25-də “Heydər Əliyevin Azərbaycan tarixinə dair baxışları” adlı dəyirmi masa keçirilib.

“Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımov dəyirmi masanı giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin millətimiz və dövlətimiz qarşısında xidmətləri əvəzsizdir. Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin siyasi, iqtisadi, sosial-mədəni inkişafı sahəsində böyük və cahanşümul xidmətlər göstərən Heydər Əliyevin dövlətçilik siyasətinin ana xəttini azərbaycançılıq məfkurəsi təşkil edib, bu ideyanın əsasında isə milli-mənəvi dəyərlərin qorunması Azərbaycan tarixinin mədəniyyətinin öyrənilməsi və təbliği məsələləri durub. Şöbə müdiri Ə.Qasımovun fikrincə, Heydər Əliyev irsinin tədqiqi Azərbaycan tarixşünaslığının mühüm istiqamətlərindən birini təşkil edir, çünki bu Azərbaycan tarixinin araşdırılması baxımdan böyük əhəmiyyət daşıyır. Heydər Əliyev irsinin dərindən araşdırması göstərir ki, onun dünya və Azərbaycan tarixi haqqında hər bir çıxışı, bəyanatı və əməli addımları elmi əsaslara söykənir.

Şöbənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova “Heydər Əliyev irsində XX əsr tarixinin dövrləşdirilməsi” mövzusunda çıxış edib. XX əsr tarixinin dövrləşdirilməsinə Ulu Öndərin yanaşmasını haqqında danışıb. Dos. L.Hüseynova deyib ki, Heydər Əliyev XX əsri dövlətçilik tariximizin ən parlaq mərhələsi kimi qiymətləndirib. XX əsrin əvvəlində genişlənən milli-azadlıq hərəkatının kökündə, məhz XIX əsrdə vüsət almış milli oyanış proseslərinin dayandığını vurğulayan Heydər Əliyev çıxışlarında deyib ki, XX əsrə qədəm qoyan Azərbaycan artıq bir çox sahələrdə, o cümlədən mədəniyyət, maarif və milli mətbuat sahələrində olduqca mühüm nailiyyətlər əldə edib.

“Heydər Əliyevin Azərbaycan gəncliyinə dair tarixi baxışları və dövlət siyasətində idman hərəkatı” mövzusu ilə çıxış edən şöbənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı bildirib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə dair baxışları, dövlət siyasətində idman hərəkatına verdiyi dəyər müasir tariximizin ən mühüm səhifələrindən birini təşkil edir. Ümummilli lider dəfələrlə vurğulayıb ki, idmanda qazanılan hər bir nailiyyət bütün xalqın uğurudur.

Şöbənin böyük elmi işçisi Cəmilə Məmmədova “Heydər Əliyevin Azərbaycan tarixi ilə bağlı baxışları: elm strateji resurs kimi” mövzusu ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin elmin və xüsusilə tarix elminin inkişafına verdiyi strateji əhəmiyyət haqqında danışıb. Onun Azərbaycan Milli Elmlər Akademiyasını dəstəkləməsi, beynəlxalq elmi inteqrasiyanın genişləndirilməsi, elmi kadrların qorunması, eləcə də tarixi irsin obyektiv öyrənilməsi sahəsində gördüyü işlər barədə məlumat verib.

Şöbənin elmi işçi Vüsalə Əlləzova “Heydər Əliyevin Azərbaycan xalqına qarşı soyqırımı və deportasiyalara tarixi baxışı” adlı mövzu ilə çıxış edərək XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə, soyqırımı və deportasiya siyasəti, bu hadisələrin mahiyyəti və Heydər Əliyevin həmin tarixi hadisələrə münasibətini təhlil edib.

Şöbənin elmi işçisi tarix üzrə fəlsəfə doktoru Günel Mehdizadə “Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqi və təbliğində Heydər Əliyevin rolu” adlı məruzəsində bildirib ki, Ulu Öndər Heydər Əliyevin sərəncamları ilə AXC-nin yubileyləri, əlamətlər günlər təntənə ilə qeyd edilib, Cümhuriyyət xadimlərinin adlarının əbədiləşdirilməsi və irslərinin araşdırılması, Cümhuriyyət tarixinin yazılması ilə əlaqədar əhəmiyyətli işlər görülüb.

Şöbənin elmi işçi Cabbarlı Yüzdanə çıxışında bildirib ki, Heydər Əliyev tarixə yalnız akademik sahə kimi yox, həm də dövlətin ideoloji və diplomatik dayağı kimi baxırdı. Y.Cabbarlı bildirib ki, tarix yalnız yazılı sənədlərlə deyil, eyni zamanda mədəni irs ilə də təqdim olunur və Heydər Əliyev bu sahələrin təbliğini Azərbaycan tarixinin tanıdılması baxımdan vacib sayıb.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: