02.10.2025 09:51
Oktyabrın 1-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib
Tədbirdə millət vəkilləri, hökumət rəsmiləri, tanınmış mədəniyyət, elm, ədəbiyyat xadimləri, xarici qonaqlar, ali və orta təhsil müəssisələrinin təmsilçiləri, nəşriyyatların direktorları, ictimaiyyət nümayəndələri və KİV mənsubları iştirak ediblər.
Açılış mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu çıxış edərək kitab sərgisi ənənəvi layihəsinin kitabsevərlər üçün böyük bayram olduğunu bildirib.
Sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli beynəlxalq kitab sərgisini Azərbaycan üçün böyük elmi-mədəni hadisə kimi dəyərləndirib. O, belə sərgilərin ölkədə çap, dialoq və oxu mədəniyyətinin inkişafına, mütaliə vərdişlərinin güclənməsinə, elmi və ədəbi fikir mübadiləsinin aparılmasına xidmət etdiyini söyləyib.
Akademik İsa Həbibbəyli bildirib ki, yüksək təşkilatçılıqla baş tutan XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində elm adamlarının kitablarının təqdimatının keçirilməsi, yeni kitabların ictimaiyyətə təqdim olunması, elmi konfransların təşkili bu mədəniyyət hadisəsinə elmi məzmun gətirməklə yanaşı, onun miqyasını və intellektual səviyyəsini daha da artıracaq.
AMEA rəhbəri vurğulayıb ki, builki sərgidə Nizami Gəncəvi, Üzeyir Hacıbəyli və Bəxtiyar Vahabzadə kimi görkəmli şəxsiyyətlərimizin adı ilə bağlı ayrı-ayrı təqdimat zonalarının yaradılması sərgidə iştirak edən çoxsaylı ölkə nümayəndələri vasitəsilə Azərbaycanın dahi yazıçı və sənətkarlarının dünya miqyasında tanıdılmasına töhfə verəcək. Eyni zamanda, XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA-nın görkəmli alimlərinə və təmsilçilərinə həsr olunmuş çoxsaylı kitablar, Akademiyanın 80 illik yubileyi ilə bağlı bir sıra yeni nəşrlər nümayiş etdiriləcək.
Qeyd edək ki, XI Bakı Beynəlxalq Kitab Sərgisi bu il “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunub. Sərgidə 23 ölkədən 68 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə iştirak edir.
Xatırladaq ki, XI Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Elmlər Akademiyası öz stendi və nəşrləri ilə təmsil olunur.Tarix və Etnologiya İnstitutunun nəşrləri də sərgidə təqdim olunur