AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Yaqub Mahmudov tələbələrə ustad dərsi keçib

29.01.2019 15:19

Yanvarın 29-da AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov BDU-nun Tarix fakültəsinin tələbələrinə “Azərbaycan tarix elmi: dünən, bu gün, sabah” mövzusunda ustad dərsi keçib.

Tədbirdə Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan xalqı imperiyalar yaradan, qonşu xalqları idarə edən xalq olub: “Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur”.

Akademik Azərbaycan gəncliyinə səslənərək bildirib: “Zatını bilməyən oğuldan kişi çıxmadığı kimi, tarixinə sahib çıxmayan xalq da məhvə məhkumdur. Tarixinə sahib çıxan xalq isə yenilməzdir”.

“Bu gün təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edən Tarix İnstitutu Prezident İlham Əliyevin çağırışları, tapşırıq və tövsiyələri ilə mükəmməl elmi araşdırmalar ortaya qoymaqla yanaşı, həm də yeniyetmələr arasında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini həyata keçirir”, - deyə tarixçi-alim qeyd edib.

İnstitutun direktoru deyib: “Azərbaycan xalqına sovet dönəmində saxta tarix təqdim olunmuşdu. Guya Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma “böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər kitablar müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb. “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabında ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir”.

O bildirib ki, sovet vaxtı “26 Bakı komissarı” abidəsi toy-düyün yerinə çevrilmişdi: “Prezident İlham Əliyev xalqımıza qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyan və digər cəlladların cəsədlərinin qalıqlarını Bakının mərkəzindən şəhər qəbiristanına köçürtməklə şüurlarda inqilab etdi. Mən prezidentin bu addımını Nikolay Kopernikin kəşfinə bənzədirəm”.

“Tarixçilərimiz ilk mənbələrə, o cümlədən zəngin arxiv sənədlərinə əsaslanaraq vətənimizin saxtalaşdırılmalardan, təhriflərdən təmizlənmiş yeni tarixini yazırlar. İnstitut ikicildlik “Azərbaycan Respublikasının tarixi (1991-2016)” fundamental araşdırmasını çap etdirib. Yaxınlarda üçcildlik “Azərbaycan tarixi” və “Zəngəzur tarixi” nəşr ediləcək", - deyə akademik qeyd edib.

Sonda Yaqub Mahmudov tələbələrin suallarını cavablandırıb. Tələbələrə Tarix İnstitutunun nəşrləri təqdim edilib.

Qeyd edək ki, ustad dərsləri AMEA ilə ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.

 

Paylaş: