AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Ağcabədi ağsaqqalları beynəlxalq konfrans iştirakçılarına təbrik ünvanlayıblar

21.06.2019 15:01

Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” adlı beynəlxalq elmi konfransın iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan MEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudov və Türkiyə Dünya Avşarlar Birliyi Azərbaycan şöbəsinin rəhbəri, şair-publisist Şöhlət Əfşara

Çox hörmətli Yaqub müəllim!

Son illər rəhbərlik etdiyiniz Tarix İnstitutunda həyata keçirilən qlobal elmi tədqiqat işləri və əldə etdiyiniz uğurlu nəticələr yaşlı nəslin nümayəndələri kimi bizi də çox sevindirir. Xüsusilə də, İnstitutun beynəlxalq əlaqələri, Azərbaycan tarixinin və tarixşünaslığının öyrənilməsində yeni - milli konsepsiyaların həyata keçirilməsi bu uğurların bariz nümunəsidir. Neçə illərdir ki, müxtəlif mövzularda sistemli və davamlı şəkildə respublika, regional və beynəlxalq əhəmiyyətli konfransların keçirilməsi, xüsusilə azərbaycanlıların soyqırımı və deportasiyası, itirilmiş və işğal olunmuş tarixi torpaqlarımızda erməni vandalizminə məruz qalmış minlərlə tarixi-dini abidələrimizin öyrənilərək beynəlxalq ictimaiyyətə təqdim olunması da yüksək səviyyədə davam etdirilmişdir.

Ümummilli Lider Heydər Əliyevin ideyalarına daim sadiq olan və bu ideyaların həyata keçməsində xüsusi xidmətlər göstərən Tarix İnstitutu tərəfindən Azərbaycan dövlətçilik tarixinin, demək olar ki, bütün dövrləri, xüsusilə də Azərbaycan Xalq Cümhuriyyəti dövrü tarixinin öyrənilməsində həm respublikamızda, həm də beynəlxalq aləmdə həyata keçirilən çoxsaylı layihələr, dünyanın müxtəlif dillərində çap olunan fundamental nəşrlər; elmi-nəzəri monoqrafiyalar, ensiklopediyalar, atlaslar və digər məlumat nəşrlərinin də işıq üzü görməsi və bütün bunların nəticəsində Vətən tariximizin öyrənilməsi sahəsindəki qlobal maarifçilik fəaliyyətinin kütləviləşməsi xüsusi mərhələyə çatmışdır.

Belə tədbirlərdən biri olan, Sizin və dəyərli ziyalımız, şair-publisist Şöhlət Əfşarın birgə səyiniz nəticəsində 19-21 iyun 2019-cu il tarixində baş tutmuş “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” adlı Beynəlxalq Elmi Konfransın Rəyasət heyətinə və iştirakçılarına Ağcabədi rayon Ağsaqqallar Şurasının ziyalıları adından uğurlar arzulayırıq!”

Paylaş: