17.12.2019 16:33
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri, türkiyəli iş adamı Əhməd Baba ilə görüş olub.
Tədbiri institutun direktoru, akademik Yaqub Mahmudov açaraq iştirakçıları salamlayıb. O, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq, Azərbaycan-Türkiyə qardaşlığından danışıb: “Dostluq və qardaşlıq Azərbaycan-Türkiyə münasibətlərinin təməl prinsiplərini təşkil edir. Türkçülüyün vətəni Azərbaycandır. Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb”.
Daha sonra türkiyəli qonaq çıxışında deyib ki, Türkiyə və Azərbaycan ən ağır dönəmlərində bir-birlərinə dəstək olublar. Bu gün Türkiyə-Azərbaycan münasibətləri dünya üçün bir nümunədir.
Görüş çərçivəsində Ankara şəhərində tikintisi başlanan Xocalı soyqırımı parkı və abidə kompleksi layihəsi barədə məlumat verilib. Bu kompleks Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi ilə Ankaradakı Yıldırım Bəyazid Universiteti arasında imzalanan anlaşmaya əsasən universitet ərazisində fəaliyyət göstərəcək. Layihə Tarix İnstitutunun elmi dəstəyi ilə yaradılır.
Bildirilib ki, Ankaradakı Yıldırım Bəyazid Universitetində dünya ölkələrindən, o cümlədən türk respublikalarından olan tələbələr təhsil alır.
Əhməd Baba deyib ki, bu layihə Xocalı soyqırımının dəhşətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq. 1,5 hektar ərazidə Xocalı şəhidlərinin sayına uyğun olaraq 613 ağac əkiləcək. Orada ilk ağaclar 2018-ci ilin fevralında Xocalı soyqırımının ildönümündə əkilib. Parkda sonsuzluq işarəsi formasında yaradılacaq abidə Azərbaycan-Türkiyə qardaşlığını, Türkiyənin bütün məsələlərdə olduğu kimi, Xocalı soyqırımı məsələsində də sonadək Azərbaycanla həmrəy olduğunu simvolizə edir. Kompleksin tikintisinin 2021-ci ildə başa çatdırılması planlaşdırılır. Esenboğa Hava Limanının yaxınlığında yaradılan kompleks enmə və qalxma zamanı təyyarələrdən aydın görünəcək. Kompleksdə Xocalı şəhidlərinin adlarının əks olunduğu qranit ulduzlar olacaq, həmçinin 16 türk imperiyasının bayraqları da dalğalanacaq.
Sonda Yaqub Mahmudov Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinə Tarix İnstitutunun nəşrlərini təqdim edib.