01.12.2017 15:40
“Azərbaycan müharibə şəraitində olmasına baxmayaraq, Cənubi Qafqazda lider dövlətdir”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov 28 may – Respublika Gününə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” adlı konfransda deyib.
Akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqı imperiya yaradan, qonşu xalqları idarə edən xalq olub: “Azərbaycanın 5 min illik dövlətçilik tarixi var”.
İnstitut direktoru qeyd edib ki, türkçülüyün vətəni Azərbaycandır: “Türkçülüyün banisi deyildikdə Əli bəy Hüseynzadənin adı birinci yazılmalıdır. İlk dəfə üçrəngli bayraq ideyası da məhz Azərbaycanda doğulub. Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağının rənglərində öz əksini tapıb”.
“Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir. Tarixi şəxsiyyətlərimizi, o cümlədən Cümhuriyyət xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil, onları xalqımıza olduğu kimi, doğru-düzgün təqdim etmək lazımdır”, - deyə tarixçi-alim Yaqub Mahmudov bildirib.
Akademik qeyd edib ki, 28 may Şərqin və türk dünyasının tarixində çox böyük gündür: “Dünyanın, Şərqin və türk dünyasının ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb. Bütün Şərq üçün biz nümunə göstərdik. Azərbaycandan 5 il sonra Türkiyə də cümhuriyyət yaratdı”.
Konfransda Suraxanı rayon İcra hakimiyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı Ağacan Abıyev və başqaları çıxış ediblər.
Qeyd edək ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” adlı konfrans 4 qurumun - Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, AMEA-nın Tarix İnstitutunun, Suraxanı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.