AXUNDOVA NƏRGİZ ÇİNGİZ QIZI
Nərgiz Çingiz qızı Axundova 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur.
1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin «ərəb dili» şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1981-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin ixtisasartırma fakültəsində ərəb dili müəllimi, 1983-1986-cı illərdə tarix fakültəsində əyani aspirant, 1986-2012-ci illərdə BDU-nun «Asiya və Afrika ölkələri tarixi» kafedrasında baş laborant, müəllim, dosent, professor vəzifəsində çalışıb.
2012-ci ilin oktyabr ayından AMEA A.M.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın orta əsrlər tarixi» şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir. N.Ç.Axundova Tarix institutunda işlədiyi müddətdə həm elmi-tədqiqat, həm də pedaqoji fəaliyyətində özünü yüksək ixtisaslı və bacarıqlı bir mütəxəssis kimi göstərmişdir. Üç doktorant, iki dissertantın elmi rəhbəridir. İxtisaslaşmış Elmi Şuranın üzvüdür.
1987-ci ildə «Suriya Ərəb Respublikasının ictimai-siyasi həyatında islamın rolu (1963-1981-ci illər)» adlı tarix üzrə fəlsəfə doktoru dissertasiyasını və 2007-ci ildə «Abbasilər Xilafətinin hərbi-siyasi strukturunda türklərin rolu» adlı tarix üzrə doktoru dissertasiyasını müdafiə etmişdir.
N.Ç.Axundova 3 monoqrafiyanın, 3 dərsliyin, 2 dərs vəsaitinin, 11 tədris proqramının, 79 məqalənin müəllifidir, respublika və beynəlxalq elmi konfransların iştirakçısıdır. Onun çapdan çıxmış 3 monoqrafiyası («Ərəb xilafətinin dövlət idarəçilik sistemində türklər», «Qafqaz və böyük türk imperiyaları», «Ərəb ölkələri çağdaş tarixi») xüsusilə diqqətə layiqdir. O, doktorluq dissertasiyasının müdafiəsindən sonra çap edilmiş bir dərs vəsaitinin («Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi»), 2 monoqrafiyanın («Qafqaz və böyük türk imperiyaları», «Ərəb ölkələri çağdaş tarixi»), bir tədris proqramının («Ərəb ölkələri tarixi») və 20 elmi məqalənin müəllifidir.
N.Ç.Axundova 2014-cü il iyun ayının 30-da AMEA-nın müxbir üzvü, 2017-ci il may ayının 2-də həqiqi üzvü seçilmişdir.
Seçilmiş əsərləri: