AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

BƏHRAMOV CƏBİ ƏMİRVAR OĞLU

BƏHRAMOV CƏBİ ƏMİRVAR OĞLU

Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, “Azərbaycan Respublikası tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, Qərb Universitetinin fəxri professoru.

Cəbi Əmirvar oğlu Bəhramov 1959-cu il iyulun 16-da Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının)  Zəngəzur mahalının Qafan şəhərində anadan olmuşdur.1966-1976-cı illərdə Zəngəzur mahalı Mehri rayonunun Aldərə kəndində S.Vurğun adına orta məktəbdə təhsil alıb.

1977-ci ildə Ümummilli lider H.Ə.Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ-nin başqa respublikalarının ali təhsil ocaqlarına oxumaq üçün göndərilən tələbələr içərisində Özbəkistan Respublikası Daşkənd Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və oranı 1982-ci ildə bitirmişdir. Həmin ildə Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyinin göndərişi (vəsiqə №33) ilə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutuna baş laborant vəzifəsinə qəbul edilib.1984-cü ildə “Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranması və inkişafı tarixi (1949-1960-cı illər)” adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusu üzərində işləməyə başlayıb və 1999-cu ildə bu mövzunu müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

1982-1987-ci illərdə İnstitutda baş laborant, 1998-2000-ci illərdə kiçik elmi işçi, 2000-2001-ci illərdə böyük elmi işçi vəzifələrində çalışıb, 2001-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir və bu günədək həmin vəzifədə çalışır. 2003-cü ildənTarix İnstitutunun“Azərbaycan Respublikası tarixi” şöbəsinin müdiridir.

1990-cı ildən pedaqoji fəaliyyətlə məşğul olub. 1990-1993-cü illərdə ATU və Aİ və MU-də “Azərbaycan tarixi” fənnindən mühazirələr oxuyub. 2000-ci ilin sentyabından Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərb Universitetinin "Politologiya və beynəlxalq münasibətlər” kafedrasında “Azərbaycan tarixi”, “Ümumdünya tarixi” və “Beynəlxalq münasibətlər tarixi” fənlərindən mühazirələr oxuyur.

2009-cu ildə Qərb Universitetinin Elmi Şurasının qərarı ilə ona fəxri professor elmi adını almışdır. Hazırda "Politologiya və beynəlxalq münasibətlər” kafedrasının müdiridir. İndiyə qədər 44 elmi əsərin o cümlədən “Azərbaycan tarixi” (VII cild. Bakı, 2003), “Исторические факты о деяниях армян на азербайджанской земле” (rus və ingilis dillərində), “Azərbaycan” adlı Azərbaycan MEA Milli Ensiklopediyasının nəşr etdiyi xüsusi cildin “Tarix” bölməsinin 1941-2007-ci illər dövrünü əhatə edən fəsillərin və 2010-cu ildə ARDNŞ-in sifarişi ilə nəşr olunan “Azərbaycan nefti” kitabının müəlliflərindəndir.

2010-2011-ci illərdə İsveçdə ingilis dilində Nobel qardaşlarının 1873-1920-ci illərdə Azərbaycan neft sənayesində göstərdikləri fəaliyyətlə bağlı 3, Argentinada isə ispan dilində Azərbaycan tarixinə dair 3 məqaləsi nəşr edilib.“Aztelefilm” studiyasının çəkdiyi “Odlu məmləkət” (1998), “Lider TV-nin” çəkdiyi “Dəmir atlı cəngavər» (2003), İTV-nin çəkdiyi “Fətəli Xan Xoyski” (2005), “Space” TV-nin çəkdiyi “Azərbaycan neftinin tarixi” (rejissor Vaqif Mustafayev, 2010, 4 seriyalı) adlı sənədli filmlərin çəkilib hazırlanmasında bilavasitə iştirak edib.2007-2009-cu illərdə Türkiyə Cümhuriyyəti, Qazaxıstan və Ukrayna Respublikalarında keçirilən beynəlxalq elmi konfrans, sessiya və simpoziumlarda iştirak edib.Xarici ölkələrdə ondan artıq elmi məqaləsi çap olunmuşdur.Hazırda, “Azərbaycanın Xəzər nefti XX əsrin II yarısı – XXI əsrin əvvəlində” adlı doktorluq dissertasiyası üzərində apardığı işi başa çatdırıb.

Ailəlidir. İki övladı var.

Paylaş: