AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Bakı xanlığı

Müəllif Mərziyə İsgəndərova
Nəşr olunduğu il 1999
Bölmə tarix
Səhifə sayı 212
Dil Rusca
Baxış sayı 2509
Yükləmə sayı 41

XVIII əsrin ortalarında Azərbaycan ərazisində müstəqil feodal dövlətlərindən birinin - Bakı xanlığının yaranması feodal münasibətlərinin obyektiv inkişaf prosesinin nəticəsi idi. Vilayətlər arasında əlaqələrin pozulması və genişlənən xalq azadlıq mübarizəsi nəticəsində İran dövlətinin dərin iqtisadi və siyasi böhran keçirməsi Nadir şahın imperiyasının dayaqlarını sarsıtdı və Azərbaycan ərazisində İran hökmranlığının tamamilə ləğv olunmasına və burada müstəqil xanlıqların, o cümlədən Bakı xanlığının yaranmasına gətirib çıxardı. Öz ərazisinə və əhalisinin sayına görə nisbətən kiçik olan bu xanlıq coğrafisiyasi mövqeyinə və zəngin təbii sərvətlərinə (neft, duz, zəfəran) görə əhəmiyyətli dərəcədə fərqlənirdi. Volqa-Xəzər tranzit yolu üstündəki əlverişli coğrafi vəziyyəti və paytaxtı Bakıda ən yaxşı limanın olması xanlığı bütün regionun ticarət mərkəzinə çevirmişdi və feodal pərakəndəliyinin hökm sürdüyü Azərbaycanda onun xüsusi çəkisi də bununla müəyyən edilirdi. Nisbətən təhlükəsiz limanın mövcudluğu XVIII əsrin ikinci yarısında Şərq ticarətinin mərkəzinin İrandan Azərbaycana, xüsusilə Qərblə Şərq arasında bir növ körpü olan Bakıya keçməsinə əlverişli imkan yaratdı. Bakı xanlığının bu üstünlükləri onun istər Azərbaycanın digər xanlıqları, istərsə də Rusiya və İran kimi güclü dövlətlər tərəfindən iddia obyektinə çevrilməsinə səbəb olurdu. Eyni zamanda Rusiyanın Cənubi Qafqazdakı işğalçılıq planlarında Bakı xanlığının xüsusi yer tutması XVIII əsrin sonu - XIX əsrin əvvəlində xanlığın hakim dairələrinin himayə olunmaq üçün etdikləri müraciətlərdən Rusiyanın öz ekspansiyaçı niyyətlərini həyata keçirərkən bir pərdə kimi istifadə etməsini şərtləndirirdi. Rusiya öz əsas rəqibi olan İranla, - onu məhv etmədən özünün başlıca məqsədinə - Xəzər hövzəsinin qeyri-məhdud sahibinə çevrilə bilməzdi, - müharibənin (1804-1813-cü illər) gedişində Bakı xanlığını və Azərbaycanın şimalındakı digər xanlıqları işğal edib ləğv etdi. Sonuncu hökmdar - bakılı Hüseynqulu xanın layiqli müqavimət göstərməsinə baxmayaraq, Bakı xanlığının müqəddəratı digər Şimali Azərbaycan xanlıqlarına bənzər həll olundu.

Paylaş: