QULİYEV ƏLİÖVSƏT NƏCƏFQULU OĞLU
23.08.1922 – 06.11.1969
Azərbaycan SSR EA-nın müxbir üzvü Ə.N.Quliyev 1922-ci il avqustun 23-də anadan olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuş və 1944-cü ildə həmin fakültəni bitirmişdir.
Ə.N.Quliyev 1948-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1961-ci ildə nəşr etdirdiyi elmi əsərlərinin ümumi həcminə görə (300 ç.v.) tarix elmləri doktoru alimlik dərəcəsi almış və professor elmi adına layiq görülmüşdür. 1968-ci ildə isə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.
Ə.N.Quliyev 1953–1958-ci və 1967–1969-cu illərdə Azərbaycan SSR EA Tarix İnstitunun direktoru olmuşdur.
Ə.N.Quliyevin rəhbərliyi ilə 3 cildlik «Azərbaycan tarixi» hazırlanıb nəşr olunmuşdur. Dünya xalqları seriyasından «Qafqaz xalqları» (B., 1962), çoxcildlik «SSRİ tarixi» (I-VI cildlər, 1966-1968), «Rusiya neft sənayesində inhisarçı kapital (1883-1914)» (B., 1967) və s. əsərlərin müəlliflərindən, redaktorlarından və redaksiya heyəti üzvlərindən biri olmuşdur.
Azərbaycan SSR EA-nın müxbir üzvü Ə.N.Quliyev elmi və ictimai fəaliyyətinə görə «Qırmızı Əmək Bayrağı» ordeni, «Qafqazın müdafiəsinə görə», «1941–1945-ci illər Böyük Vətən müharibəsində şərəfli əməyə görə» və b. medallarla təltif olunmuşdur.
1969-cu il noyabrın 6-da vəfat etmişdir.