AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞÖBƏLƏR

Azərbaycanın qədim tarixi

Şöbə rəhbəri T.ü.f.d. Allahverdi Əlimirzəyev
Telefon (+994 51) 834-56-40
Faks +(99412) 510-21-63
E-mail alimirzoev.60@mail.ru

Azərbaycanın qədim tarixi” şöbəsi 1947-ci ildə “Azərbaycanın qədim və orta əsrlər tarixi” şöbəsinin tərkibində fəaliyyətə başlamışdır. 1957-ci ildən müstəqil şöbə kimi fəaliyyət göstərir. Həmin vaxtdan 2004-cü il iyunun 11-dək şöbəyə akademik İqrar Həbib oğlu Əliyev rəhbərlik etmişdir. 2004-cü il sentyabrın 1-dən 2005-ci il sentyabrın 1-dək tarix üzrə fəlsəfə doktoru Rauf Seyfulla oğlu Məlikov, 2005-ci ilin sentyabrından 2007-ci ilin noyabrınadək şöbə müdiri vəzifəsini tarix üzrə fəlsəfə doktoru, dosent Mirheydər Nəzər oğlu Mirzəyev icra etmişlər. Hal-hazırda şöbə müdiri Allahverdi Nüsü oğlu Əlimirzəyevdir. Şöbənin iki bölməsi var:  

1. Azərbaycan Albaniya tarixi elmi bölməsi. 

2. Azərbaycan Atropatena tarixi elmi bölməsi.

Şöbədə 13 nəfər elmi əməkdaş çalışır.

Şöbənin əsas fəaliyyət istiqamətləri Azərbaycanın qədim dövr tarixinin etnosiyasi, sosial-iqtisadi və mədəni problemlərinin tədqiqidir.

Azərbaycan ərazisində ən qədim tayfa birlikləri və dövlət qurumları, Manna, Midiya, İskit, Massaget şahlıqları, Atropatena və Albaniya tarixi, Azərbaycanın qədim əhalisinin etnik tərkibi, Azərbaycan xalqının mənşəyi, qədim Azərbaycanın beynəlxalq əlaqələri, mədəniyyət tarixi problemləri və s. məsələlər şöbənin əsas elmi axtarış mövzularıdır. Şöbə əməkdaşları öz tədqiqatlarında yazılı mənbələrin arxeoloji materiallarla müqayisəsi, qədim Azərbaycan dövlətlərinin, əsasən də Manna, Atropatena və Albaniya tarixinin öyrənilməsi sahəsində xeyli iş görmüşlər. Şöbədə çalışan albanşünasların səyləri nəticəsində sübut olunmuşdur ki, antik dövrdə Azərbaycan Albaniya dövləti yüksək sosial-iqtisadi və mədəni inkişaf səviyyəsinə malik olmuşdur.

Azərbaycanın qədim dövr tarixi ilə sıx bağlı olan Midiya və Azərbaycan Atropatena dövlətlərinin tarixi akademik İqrar Həbib oğlu Əliyev tərəfindən tədqiq olunmuşdur. Azərbaycanın qədim dövr tarixinin tarixşünaslığı və Atropatena tarixi Abdulla Həsənalı oğlu Fazili tərəfindən araşdırılmışdır. Qədim Azərbaycan dövlətlərinin tarixini tədqiq edən Solmaz Mirtağı qızı Qaşqay Manna dövlətinin tarixinə xeyli aydınlıq gətirmiş, Ön Asiyada baş verən miqrasiya prosesləri elmi əsaslarla izləmişdir.

Qədim Azərbaycan dövlətlərindən biri olan Albaniya tarixinin öyrənilməsi ilə Zelik İosifoviç Yampolski məşğul olmuşdur. Şöbə əməkdaşlarından Kamal Həsən oğlu Əliyev, Tofiq Məhəmməd oğlu Məmmədov, Fazil Lətif oğlu Osmanov və Fəridə Kamal qızı Əliyeva bu işi müvəffəqiyyətlə davam etdirirlər. Baş elmi işçilər K.H.Əliyev və T.M.Məmmədovun əsərlərində elmi mənbələr, o cümlədən antik mənbələr əsasında albanşünaslığın ayrı-ayrı problemləri, o cümlədən etnik tarix, siyasi, sosial-iqtisadi və mədəniyyət tarixi məsələləri öz əksini tapmışdır.

Şöbənin əməkdaşı R.S.Məlikovun araşdırmalarında Azərbaycanın qədim əhalisinin etnik tərkibi və qədim Azərbaycan sakinlərinin mədəniyyəti məsələləri öz əksini tapmışdır. M.N.Mirzəyev mixiyazılı mənbələr əsasında kassilər dövründə qədim Babilistan tarixinə və həmin dövrdə Azərbaycanın beynəlxalq əlaqələri tarixinə dair qiymətli araşdırmalar aparmışdır. Hal-hazırda şöbəyə rəhbərlik edən tarix üzrə fəlsəfə doktoru A.N.Əlimirzəyev Azərbaycan tarix elmində Elamşünas­lığa həsr olunmuş ilk dissertasiyanın müəllifidir.

Şöbə əməkdaşları 3 cildlik və 7 cildlik “Azərbaycan tarixi”nin I cildinin yazılmasında fəal iştirak etmişlər.

Şöbə əməkdaşları Azərbaycanın və şərqin qədim tarixi ilə bağlı məruzələrlə Almaniya, Türkiyə, İraq, İran, Rusiya və b.  ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda dəfələrlə iştirak etmişlər.