AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞÖBƏLƏR

Azərbaycanın orta əsrlər tarixi

Şöbə rəhbəri T.ü.e.d. Yaqub Mahmudov
Telefon (+994 50) 286-63-61
Faks (+99412) 539-36-15
E-mail ymahmudov@mail.ru

“Azərbaycanın orta əsrlər tarixi” şöbəsi 1947-ci ildə “Azərbaycanın qədim və orta əsrlər tarixi” şöbəsinin tərkibində fəaliyyətə başlamışdır. 1957-ci ildən 1974-cü ilədək müstəqil şöbə kimi fəaliyyət göstərmişdir. 1974-cü ildə həmin şöbə əsasında orta əsrlər tarixini əhatə edən iki şöbə yaradılmışdır. Bu şöbələrdən birində Azərbaycan tarixinin III-XII əsrlər, digərində isə XIII-XVII əsrlər dövrü araşdırılırdı. 1992-ci ildə bu şöbələr yenidən vahid şöbədə birləşdirildi.

“Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin elmi fəaliyyətinə uzun illər AMEA-nın müxbir üzvü, Oqtay Əbdülkərim oğlu Əfəndiyev rəhbərlik edib (1957-1958, 1970-1972, 1975-2013-cü illər). Hal-hazırda şöbəyə tarix üzrə elmlər doktoru, akademik, AMEA-nın həqiqi üzvü Yaqub Mikayıl oğlu Mahmudov rəhbərlik edir.    

Hazırda şöbədə 24 nəfər elmi əməkdaş çalışır.

Şöbənin fəaliyyətinin əsas istiqaməti Azərbaycanın orta əsrlər dövrü tarixini, bu dövrdə fəaliyyət göstərmiş dövlətlərimizin sosial-iqtisadi və siyasi tarixini, həmin dövrün diplomatiya tarixini, mədəniyyətini mötəbər mənbələr və arxiv sənədləri əsasında araşdırmaqdır.

Şöbədə Azərbaycan tarixinin III əsrdən başlayaraq 1736-cı ildə Səfəvi imperiyasının süqutuna qədərki dövrünün siyasi, ictimai-iqtisadi və mədəniyyət tarixi tədqiq olunur. Şöbə əməkdaşları (Ə.Ə.Əlizadə, Z.M.Bünyadov, M.X.Şərifli, S.B.Aşurbəyli, Ə.Ə.Rəhmani, O.Ə.Əfəndi­yev, Y.M.Mahmudov, M.X.Heydərov, V.Z.Piriyev, S.M.Onullahi, R.Ə. Hü­sey­nov, Ş.F.Fərzəliyev, R.A.Məmmədov, E.Q.Mirzəyeva, X.S.Qa­sı­mov, T.H.Nəcəfli) qeyd olunan dövrdə fəaliyyət göstərmiş Azərbaycan dövlətlərinin (Sacilər, Şirvanşahlar, Salarilər, Şəddadilər, Rəvvadilər, Şəki hakimliyi, Tiflis müsəlman əmirliyi, Dərbənd əmirliyi, Eldənizlər, Elxanilər, Cəlairilər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər) siyasi, ictimai-iqtisadi tarixini dərindən tədqiq etməklə yanaşı, Azərbaycan orta əsr şəhərləri və şəhər həyatı məsələlərinin araşdırılmasına da xüsusi diqqət yetirmişlər. Səfəvi dövlətinin tarixi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü O.Ə.Əfəndiyev tərəfindən araşdırılmış, bu dövlətin Azərbaycan dövləti olduğu sübuta yetirilmişdir. Azərbaycan Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa dövlətləri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri) tarixi Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Yaqub Mikayıl oğlu Mahmudov tərəfindən dərindən araşdırılmışdır. Orta əsr Azərbaycan şəhərlərinin sənətkarlıq tarixi, Azərbaycan şəhərlərində ictimai-iqtisadi münasibətlər və sənətkar təşkilatları tarix elmləri doktoru Mikayıl Xudayar oğlu Heydərov tərəfindən araşdırılmışdır.

Şöbə əməkdaşlarının araşdırmalarında Azərbaycan tarixinə dair qiymətli ilk mənbələrin tədqiqata cəlb olunması və tərcümə olunması xüsusi yer tutur. Azərbaycan tarixi ilə bağlı ilk mənbələrin araşdırılması, dilimizə çevrilməsi və nəşr olunmasına Y.M.Mahmudov, N.M.Vəlixanlı, O.Ə.Əfəndiyev, M.X.Heydərov, T.M.Musəvi, V.Z.Piriyev, Ş.F.Fərzəli­yev, N.A.Əliyeva, F.A.Hüseyn böyük əmək sərf etmişlər.

Şöbə əməkdaşlarından X.S.Qasımov orta əsrlərdə Azərbaycan mədəniyyətini, T.H.Nəcəfli XV əsr Azərbaycan dövlətlərinin tarixşünasıq məsələlərini, R.Ə.Ağayev XV-XVI əsrlərdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı münasibətlərini tədqiq etmişdir. Şöbə əməkdaşları 3 cildlik “Azərbaycan tarixi”nin I cildinin və 7 cildlik “Azərbaycan tarixi”nin II və III cildlərinin yazılaraq nəşr olunmasında fəal iştirak etmişlər.