Mənbəşünaslıq və tarixşünaslıq
Şöbə rəhbəri | T.ü.e.d., prof. Şahin Fərzəliyev |
---|---|
Telefon | (+994 51) 874-01-74 |
Faks | +(99412) 510-21-63 |
2016-cı ildən etibarən fəaliyyət göstərir. Ümumiyyətlə, tarixi mənbələrə müraciət edilmədən tarixin heç bir dövrünü yazmaq mümkün deyildir. Çox təəssüf ki, bütün orta əsrlər boyu tariximizi öz əsərlərində əks etdirən tarixçi, səyyah və diplomatlar öz kitab və səfərnamələrini, dövrlərin yazı ənənəsinə uyğun olaraq, Azərbaycan dilində deyil, ərəb, fars, osmanlı və başqa dillərdə qələmə almışlar. Buna görə də, müvafiq tarixi mənbələrin dilimizə tərcümə olunması çox böyük zərurətdir. Doğrudur, bu günədək bəzi mənbələr, o cümlədən M.Kalankatlının, F.Rəşidəddinin, A.Bakıxanovun, N.Şaminin, Ş.Yəzdinin, H.Qəzvinin, İsgəndər bəy Münşinin, Həsən bəy Rumlunun kitabları müxtəlif müəlliflər tərəfindən qismən, yaxud tamamilə orijinaldan tərcümə olunmuşdur.
Şöbənin müdiri, tarix üzrə elmlər doktoru Şahin Fərzəliyev həmin zərurəti çoxdan bəri dərk edərək «Tarixi-aləmarayi-Abbasi» adlı üç cildlik tarixi bir mənbənin tərcümə edib və kitab 2010 və 2014-cü illərdə çap olunub. Hazırda «Əhsənüt-təvarix» əsərinin /iki cild/ birinci hissəsinin dilimizə tərcüməsini də başa çatdıran şöbənin rəhbəri ikinci cildin tərcüməsi üzərindəki işi davam etdirir. Qeyd olunmalıdır ki, bu kitablara Şahin Fərzəliyev tərəfindən 500 səhifədən artıq şərhlər yazılmışdır.
Şöbənin aparıcı elmi işçisi t.ü.f.d. Tahir Rəşid oğlu Cəfiyev qiymətli bir monoqrafiya üzərində işləməkdədir. Belə ki, «Azərbaycan və Şərqi Anadolu. XII-XVI əsrlər» mövzusu üzər müəllif tərəfindən material toplanmış, bir sıra məqalələr qələmə alınmışdır. Məsələn, «Amasiya müqaviləsinin (1555) şərtlərinə dair bəzi qeydlər məqaləsi bitirilmiş, müvafiq fəsillər üzrə iş davam etdirilməkdədir.
Şöbənin böyük elmi işçisi Aynur Mənsim qızı Əmənovanın «Azərbaycan cənub xanlıqlarının siyasi tarixinin oçerki» adlı elmi işi yazılmaqdadır. Belə ki, müəllifin bu monoqrafiyasının dördüncü fəslinin son yarımfəslinə dair material toplanması işi davam etdirilir. Onun Təbriz və Xoy xanlıqlarının İrəvan xanlığı ilə münasibətləri» adlı məqaləsi bitirilmişdir.
T.ü.f.d. Nailə Vaqif qızı Məmmədova tərəfindən Meris Herbettin «Une Ambasrade Persane Sous Louis XIV» adlı əsərinin I və II fəsilləri ingilis dilindən tərcümə olunmuşdur.
Bunlardan başqa t.ü.e.d.prof. Ş.Fərzəliyev İnstitut əməkdaşları tərəfindən yazılmaqda olan üçcildlik «Azərbaycan tarixi» kitabının aşağıdakı hissələrini yazıb bitirmişdir:
«Azərbaycan Qaraqoyunlu dövləti»;
«Azərbaycan Ağqoyunlu dövləti»;
«Azərbaycan Səfəvi dövlətinin yaranması»;
«Azərbaycan Səfəvi dövləti I Şah Təhmasib dövründə»;
«I Şah Təhmasib səfəvinin ölümündən sonra ölkədə siyasi vəziyyət».
(Bunların həcmi 120 səhifədən çoxdur).
Şöbə işçiləri A.Əmənova İran İslam Cümhuriyyətində elmi ezamiyyətdə olmuş, Ş.Fərzəliyev isə bir neçə daxili və xarici ölkə şəhərlərində keçirilən elmi konfranslarda iştirak etmişdir (o cümlədən Naxçıvan və Kipr Respublikasında).