AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞÖBƏLƏR

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi

Şöbə rəhbəri T.ü.f.d. Nigar Maksvell
Telefon (+994 50) 216-29-69
Faks +(99412) 510-21-63
E-mail slivamax54@gmail.com

“Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” şöbəsi Azərbaycan Elmlər Akademiyası Rəyasət heyətinin 1990-cı il 3 iyun tarixli qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyası İctimai və Humanitar Elmlər bölməsi nəzdində yaradılmış “Azərbaycan Demokratik Respublikası tarixinin araşdırılması üzrə Problem Şurası” əsasında formalaşmışdır. Həmin Şura 1992-ci ildə Tarix İnstitutunun strukturuna “Azərbaycanın 1917-1920-ci illər tarixi” şöbəsi adı ilə daxil edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2002-ci il 25 dekabr tarixli sərəncamına əsasən göstərilən şöbə “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsi adlandırılmışdır. İlk dövrdə şöbəyə akademik Əlisöhbət Sumbat oğlu Sumbatzadə (ictimai əsaslarla), sonra isə tarix elmləri doktoru Nəsib Loğman oğlu Nəsibzadə rəhbərlik etmişdir. 1992-ci ilin oktyabrından şöbənin rəhbəri tarix üzrə fəlsəfə doktoru Nigar Əliağa qızı Maksvelldir. Hazırda şöbədə 8 əməkdaş çalışır.

Şöbədə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünün sosial-iqtisadi, siyasi və dövlətçilik tarixi kompleks şəkildə tədqiq olunur. İlk mənbələrin nəşri və tarixşünaslıq problemləri şöbənin fəaliyyətində başlıca yer tutur. AXC dövrünə aid tədqiqatların əlaqələndirilməsi və onların aprobasiyadan keçirilməsi şöbənin fəaliyyətinin əsas göstəricilərindəndir.

Şöbə N.Ə.Maksvellin rəhbərliyi ilə 2001-ci ildə nəşr olunan çoxcildli “Azərbaycan tarixi”nin V cildinin hazırlanmasında fəal iştirak etmişir. Həmin cildin şöbə əməkdaşları tərəfindən hazırlanmış son 7 fəsli (13 ç.v. həcmində) 1917-ci ilin fevralından 1920-ci ilin aprelinə qədərki dövrü əhatə edir. Bununla yanaşı, 1998-ci ildə AXC-nin 80 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncama əsasən “Azərbaycan Xalq Cümhuriyyəti” kitabı (Azərbaycan və rus dillərində, hər biri 12 ç.v. həcmində) çapdan çıxmışdır. 1993-cü ildən indiyədək şöbə əməkdaşlarının 150-dən çox elmi işi nəşr edilmişdir.

Şöbə əməkdaşları AXC-nin 80, 85, 86, 87-ci ildönümlərinə həsr edilmiş elmi konfranslarda və digər tədbirlərdə yaxından iştirak etmişlər. 2004-cü ildə şöbə tərəfindən AXC-nin 85 illiyinə həsr olunmuş məqalələr toplusu buraxılmışdır.