MAHMUDOV YAQUB MİKAYIL OĞLU (YAQUB MAHMUDLU)
13.09.2004 - 28.01.2021
Yaqub Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub.
1956-cı ildə Balakən rayonunun Sarıbulaq orta məktəbini, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin ildə aspiranturada saxlanılmışdır.
1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı-XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə professor elmi adını almışdır.
Yaqub Mahmudov 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini vəzifələrində çalışıb.
1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim və dosent işləyib.
1981-2004-cü illərdə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan olub.
Yaqub Mahmudov 1986-1990 və 1994-2004-cü illərdə Tarix fakültəsinin dekanı işləyib. Dekan olarkən onun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudov milli azadlıq hərəkatının mərkəzlərindən biri olan Tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq, 1990-cı ildə dekan vəzifəsindən istefa verib. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 1994-cü ildə dekan vəzifəsinə bərpa olunub.
Yaqub Mahmudov 1991-ci ildən BDU-nun Tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir. Kafedranın formalaşması onun adı ilə bağlıdır.
Yaqub Mahmudov 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edib. Onun təqdimatı ilə Milli Məclisdə qəbul olunan qanun əsasında ölkədə müasir təhsil sisteminə keçilib. Müstəqillik dövrünün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərslikləri onun qələminin məhsuludur.
Yaqub Mahmudov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb.
Yaqub Mahmudov 2004-cü il sentyabrın 13-dən 2021-ci il yanvarın 28-dək AMEA-nın Tarix İnstitutunun direktoru olub. Tarixşünaslıqda ilk dəfə olaraq XV-XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını, həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını üzə çıxarmış, fəaliyyətlərini açıqlamış, bu sahədə elmə mühüm yeniliklər gətirmişdir. Azərbaycanın diplomatiya tarixi, Azərbaycan və ümumdünya tarixinin ayrı-ayrı dövrlərinə dair 1000-dən çox monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə və s. nəşrlərin müəllifidir. O cümlədən, “Öyrənilməmiş səhifələr” (Bakı, 1972), “Səyyahlar Azərbaycana gəlir” (Bakı, 1977), “Odlar yurduna səyahət” (Bakı, 1980), “Səyyahlar, kəşflər, Azərbaycan” (Bakı, 1985), “Azərbaycanın Avropa ölkələri ilə əlaqələri” (Bakı, 1986), “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı-XVII əsrin əvvəlləri)” (Bakı, 1991), “Azərbaycan diplomatiyası (XV-XVII əsrlər)” (Bakı, 1996), “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” (Bakı, 2002), “Heydər Əliyev ideyalarının zəfər yürüşü” (Bakı, 2011), “Heydər Əliyev” (həmmüəllif, 2 cilddə, Bakı, 2013), “İlham Əliyev və Azərbaycan tarix elmi” (Bakı, 2014), “Azərbaycan Respublikasının tarixi” (həmmüəllif, 2 cilddə, Bakı 2016), “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” (Bakı, 2016), “Real tarix və “böyük Ermənistan” uydurması” (Bakı, 2017), “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix” (Bakı, 2019) kimi fundamental monoqrafiyalarını və başqa kitablarını nəşr etdirib. Qarabağ, Naxçıvan və İrəvan tarixinə dair Dövlət mükafatına layiq görülmüş fundamental əsərlərin müəlliflərindən biri və naşiridir. İkicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın baş redaktorudur. 15 cildlik “Seçilmiş əsərləri” çapdan çıxıb. Əsərləri bir çox xarici ölkələrdə (Moskva, London, Vaşinqton, Nyu-York, Ankara, İstanbul, Budapeşt, Buxarest, Varşava, Kiyev, Roma, Qahirə, Seul, Mexiko, İslamabad, Los Anceles və b.) nəşr olunub.
Yaqub Mahmudov diplomatiya tarixi, itirilmiş torpaqlar, soyqırımları tarixi elmi istiqamətləri sahəsində yaratdığı elmi məktəblərə və “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinə rəhbərlik edir. Azərbaycanda yüksək ixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm rol oynamış, onun elmi rəhbərliyi ilə 65 nəfər fəlsəfə və elmlər doktorları yetişmişdir. O, uzun illərdir ki, Tarix İnstitutunda “Vətən tarixi”, “Ümumi tarix” və “Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları” ixtisasları üzrə İxtisaslaşdırılmış Dissertasiya Şuralarına rəhbərlik edir.
Yaqub Mahmudov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. II, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. O, prezident seçkilərində ulu öndər Heydər Əliyevin, sonra isə İlham Əliyevin vəkili olmuş və onların bir sıra rəsmi dövlət səfərlərində iştirak etmişdir.
Ulu öndər Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycanın “böyük alimi”, “böyük tarixçisi” adlandırıb.
Ailəlidir. Bir oğlu (Turxan), iki qızı (Aynur və Gülnur) və beş nəvəsi (Nailə, Xaqan, Sara Xatun, Alp Arslan və Yaqub) var.
Elmi dərəcə və adları:
Tarix üzrə fəlsəfə doktoru (1966), tarix üzrə elmlər doktoru (1989), AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (2017), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (2019), Azərbaycan Respublikasının Əməkdar elm xadimi (1992) və Dövlət Mükafatı laureatı (2012), Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar elm xadimi, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, “The Name in Science” (“Elmdə ad”) fəxri titulu, “Ən yaxşı baş menecer” fəxri adı və Oksford Akademik Birliyinin fəxri professoru (2019).
Təltif olunduğu orden və medallar:
“Şöhrət” (1999), “Şərəf” (2009), “Ataman Anton Qolovatıy” (2013), 1-ci dərəcəli “Əmək” (2019) ordenləri, “Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (2018), Milli Məclisin “Parlament” medalı (2018), “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (2019), “General Səməd Bəy Mehmandarov” yubiley medalı (2019), “Simurq” beynəlxalq medalı (2019), “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (2019), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Beynəlxalq Qızıl Ulduz” medalı (2019), “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (2019), “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (2019), “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (2020) və “UN Council for Public Awards” (UNCOPA) təşkilatının “Avropa lideri ulduzu” ordeni (2020).
Layiq görüldüyü mükafatlar:
“Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qılınc”, “Qızıl qələm”, “Samir Əsgərxanov”, “Humay” və “Gənclərin dostu” mükafatları laureatı. “Kraliça Viktoriya” Beynəlxalq mükafatı, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı (2016), Tarix İnstitutunun təsis etdiyi “Gənclərin dostu” mükafatı (2019), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) Beynəlxalq Atatürk Mükafatı (2019) və TDABEA-nın 2019-cu il üçün “Türk dünyasında ilin elm adamı” beynəlxalq mükafatı (2020).