AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ZİFFELD-SİMUMYAQİ ARTUR RUDOLFOVİÇ

ZİFFELD-SİMUMYAQİ ARTUR RUDOLFOVİÇ

08.05.1937 - 01.06.1937

Ölkəşünas, Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyətinin sədr müavini, həqiqi üzvü və elmi katibi (1923-1930), SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, repressiya qurbanı.

Ziffeld Artur Ruldolfoviç 1889-cu ildə Estoniyanın indiki Tallin, keçmiş Revel şəhərində zəhmətkeş ailəsində anadan olub. Milliyyət baxımdan estondur.

1898-1905-ci illərdə Odessada RU lüteran-kilsə prixod məktəbində təhsil alıb.

1905-1912-ci illərdə inqilabi fəaliyyətdə fəal iştirak edir.

1912-ci ildə Almaniyaya emiqrasiya edir.

1917-ci ilə qədər İsveçrədə yaşayaraq V.İ.Leninlə birlikdə çalışır.

1917-1921-ci illərdə Odessada, Kubanda, Tiflisdə mədəni-maarifçilik fəaliyyəti ilə məşğul olur.

1921-1926-cı illərdə Bakı Xalq Maarif Şöbəsinin müdiri, Ali Partiya Məktəbinin təhsil bölməsinin rəhbəri vəzifəsində işləyir.

1925-1926-cı illərdə I Ümumittifaq Türkoloji Qurultayının çağırışı üzrə təşkilati komissiyanın məsul katibi idi.

1923-1930-cu illərdə isə Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyətinin sədr müavini, həqiqi üzvü və elmi katibi vəzifəsində çalışır.

1930-cu ildən Azərbaycan Elmi Tədqiqat Neft İnstitutunda ölkəşünaslığın tarixi-etnoqrafik şöbəsinin müdiri olur.

1932-1935-ci illərdə Gürcüstanda Qafqazşünaslıq İnstitutunun dil şöbəsinin müdiri və baş mütəxxəsisi kimi işləyir. Daha sonra Azərbaycanda SSRİ EA-nın Azərbaycan filialının dil şöbəsinin baş mütəxxəsisi, 1935-1937-ci illərdə Dil və Ədəbiyyat İnstitutunun, Xarici dillər və Ədəbiyyat İnstitutunun direktoru olur.

1937-ci il mayın 8-dən iyunun 1-ə qədər SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutuna rəhbərlik edib. Xəzər dili barədə dissertasiya yazıb. İnstitutun bir sıra əməkdaşlarının (X.Zeynallı, B.V.Çobanzadə və b.) həbsindən sonra tənqidə məruz qaldı.

1937-ci ilin iyununda İnstitutun direktoru vəzifəsindən azad edildi. SSRİ EA-nın Qədim şərq tarixi üzrə professor-məsləhətçinin həbsindən sonra SSRİ EA-nın Azərbaycan Filialında “ziyanlı iş”ə görə 1938-ci ilin fevral ayının 11-də həbs edildi.

1939-cu il iyun ayının 21-də SSRİ Xalq Daxili İşlər Komissarlığının Xüsusi Müşavirəsində İslah Əmək düşərgəsində 8 illik məcburi əməyə cəlb edilmişdir.

Cəzasını Kolımda çəkərək 1939-cu il dekabr ayının 6-da vəfat edir. Ölümündən sonra, 1956-cı ildə bərat alır.   

Paylaş: