AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ƏHMƏDOV ƏHMƏD ƏLİ OĞLU

ƏHMƏDOV ƏHMƏD ƏLİ OĞLU

1 iyun, 1937-ci il – 11 iyul, 1937-ci il

Dövlət xadimi, Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru.

Əhməd Əli oğlu Əhmədov Naxçıvanın Ordubad şəhərində zəhmətkeş ailəsində anadan olub. 1918-ci ilə qədər Ali Hərbi məktəbdə təhsil alıb. 1919-cu ildən Culfada (Şahtaxtıda) əvvəlcə telefonçu, daha sonra dəmir yolunda fəhlə işləmişdir. 1921-ci ildə XI Qırmızı Orduda könülülərə yazılaraq telefonçu kimi xidmət etmişdir. 1921-ci ilin martında Naxçıvanda komsomol təşkilatının bani və rəhbərlərindən biri olub. 1921-ci ilin sonunda Naxçıvandan nümayəndə kimi Bakıda komsomol qurultayına göndərilib. 1921-1923-cü illərdə Azərbaycan hərbi peşə məktəbində kursant olub. 1923-1924-cü illərdə bu peşə məktəbini bitirdikdən sonra orada saxlanılaraq rota komandiri kimi xidmət etmişdir. 1925-1926-cı illərdə Hərbi-Siyasi məktəbin rəis köməkçisi təyin olunub. 1926-1927-ci illərdə Tiflis hərbi peşə məktəbində müəllim işləyib, daha sonra yenidən Bakıya qayıdaraq 1927-1928-ci illərdə siyasi maarifləndirmə fəaliyyəti ilə məşğul olur.  Beləliklə, 1921-ci ildən 1928-ci ilə qədər Ə.Əhmədov hərbi xidmətdə olub. Bu müddət ərzində o, 1921 və 1930-cu illərdə Ermənistanda daşnak qiyamının yatırılmasında, 1922-1923-cü illərdə Azərbaycanda “banditizmə”, 1924-cü ildə Çiatura şəhərində (Gürcüstanda) “menşevik üsyanı”na  qarşı mübarizədə iştirak edib. 1928-1929-cu illərdə İrəvanda Xalq Maarif Komissarlığının üzvü və Milli Azlıqlar Şurasının sədri olub. 1929-1930-cu illərdə Azərbaycan Xalq Maarif Komissarlığında bölmə müdiri və İdarə heyətinin üzvü işləyib. 1930-cu ildə Qırmızı Professorlar İnstitutunda təhsil almağa başlayır. 1933-1935-ci illərdə Ümumitifaq Kommunist (bolşevik) Partiyasının qərarı ilə Partiyanın Zəngilan rayon komitəsinin Siyasi bölməsinin müdiri təyin edilir. M.Bağırovun məsləhəti ilə 1935-ci ildə Azərbaycan K(b)P-nin Qala-Maştağa rayon komitəsinin birinci katibi təyin edilir. O, eyni zamanda Bakı Sovetinin nümayəndəsi seçilir. 1937-ci il iyun ayının 1-də EA-nın Azərbaycan filialının Tarix, Dil və Ədəbiyyat İstitututunun direktoru təyin edilir. Ona qədər direktor işləmiş Zifeld-Simumyaqi Artur Rudolfoviç böyük elmi işçi vəzifəsinə təyin edilib. Ə.Əhmədov bu vəzifədə 1 ay 10 gün işlədi. 1937-ci il iyul ayının 11-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs edilib və oktyabrın 13-də güllələnib. 1955-ci ildə ölümündən sonra bəraət alıb.  

Mənbə: 

1. Ədalət Tahirzadə. Əhməd Əli oğlu Əhmədov. 525-ci qəzet, 2005, 8, 11 yanvar.

2. ГАППОДАР, ф.1, оп.8, д.884; ф.1, оп.122, д.87; Архив МНБ АР, следственно-архивное дело № ПР 23397.  

Paylaş: