HƏSƏNOV İDRİS MƏŞƏDİ ZAMAN OĞLU
19.07.1937- 17.02.1938
İdris Məşədi-Zaman oğlu Həsənov 1897-ci ildə Gəncədə sənətkar ailəsində anadan olub.
Yeniyetməlik dövrünü doğma şəhərində yaşayaraq Qarşılıqlı Kredit Cəmiyyətində mühasib işləyir. İ.Həsənov 1924-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.
1927-1931-ci illərdə Moskvada yaşayır, Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində Azərbaycan dilini tədris edir və Şərq xalqlarının milli mədəniyyəti Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil alır. Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetinin Y.D.Polivanovun rəhbərlik etdiyi kafedrasında işləyəndə onunla birlikdə “Azərbaycan dilinin qrammatikası” və “Gəncə əhalisinin dialektində mənsubiyyət şəkilçisiz isimlərin hallanması" əsərlərini nəşr etdirir. XX əsrin 20-30-cu illərində onun 18 əsəri nəşr edilib. Bakıya qayıtdıqdan sonra Azərbaycan Pedaqoji İnstitutunda işləyərək, dosent, daha sonra professor elmi vəzifəsinə yiyələnir.
1932-ci ildə latın qrafikası əsasında korlar üçün nöqtəli hərflərin layihəsini hazırlayır.
1935-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini alır.
1937-ci il iyulun 19-da SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru təyin olunur.
1938-ci ilin fevralın 17-də vəzifəsindən azad edilir.
1939-cu il iyunun 2-də İdris Məşədi Zaman oğlu Həsənov 8 il müddətinə islah-əmək düşərgəsinə göndərilir. Bir müddət Krasnoyarsk diyarında dustaq olur. Uzaq Maqadanda kəskin infark keçirir.
1946-cı il aprelin 3-də Gəncəyə qayıdanda professor İdris Həsənov 6 saylı məktəbdə sıravi müəllim işləməyə başlayır.
1949-cu ilin dekabrın 21-də o, "təhlükəli element" kimi yenidən həbs edilir.
1950-ci il noyabrın 3-də özünü dənizə ataraq əbədi olaraq dünyasını dəyişib.