AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

KLİMOV ALEKSEY ALEKSEYEVİÇ

KLİMOV ALEKSEY ALEKSEYEVİÇ

17.02.1938 - 01.01.1939 (1)/ 29.10.1940 - 10.04.1941 (2)

İkinci Dünya müharibəsi illərində elmin inkişafındakı xidmətlərinə görə müxtəlif orden və medallarla təltif edilmiş etnoqraf, ölkəşünas, SSRİ EA-nın Azərbaycan filialının Tarix İnstitutunun direktoru, Azərbaycan Tarix Muzeyinin direktoru.

Aleksey Alekseyeviç Klimov 1894-cü ildə Kaluqa quberniyasının Spaso-Demenski kəndində xalq müəllimi ailəsində anadan olub.

1908-1913-cü illərdə Kaluqa real məktəbində təhsil alıb.

1913-cü ildə Sankt-Peterburqda Psixonevroloji İnstituta və eyni zamanda da Kiyev Kommersiya İnstitutunun iqtisadi şöbəsinə qəbul olunub.

1915-1917-ci illəri cəbhədə keçirib.

1919-cu ildə Suxumi kontoruna tütün hazırlanması üzrə kargüzar kimi işə qəbul olunub.

1920-ci ilin sonunda Bakıya yola düşür və “Zavaqzalnı” (Vağzal arxası) rayonunda RİTX-nin (“Resurslar, İcmallar və Təhsil Xəbərləri”) müdir əvəzi təyin edildiyi Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinə gəlir.

1922-1927-ci illərdə “Bakinsiy Raboçiy” və “Zarya Vastoka” qəzetlərinin redaksiyasında işləyir.

1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin üzvü olur və cəmiyyətin etnoqrafiya komissiyasında işləyir.

1925-ci ildə etnoqrafik tədqiqatlar aparmaq məqsədi ilə Azərbaycan rayonlarına səfər edir: Quba, Şamaxı, Xızı, Salyan, Göyçay, Nuxa, Qutqaşen, Bərdə, Naxçıvan, Culfa, Ordubad və b. Cəmiyyətdə işləməyə başladıqdan sonra bütün diqqətini Azərbaycan və həmsərhəd ölkələrin etnoqrafiya, etnologiya və tarixi məsələlərinin öyrənilməsinə yönəltməyə başladı.

1929-1931-ci illərdə Azərbaycan Dövlət Elmi tədqiqat İnstitutunun tarix-etnoqrafiya şöbəsində 1-ci dərəcəli elmi əməkdaş kimi işləmişdir.

1931-ci ildən etnologiya-etnoqrafiya şöbəsinin demoqrafiya bölməsinə, 1932-ci ildən isə ölkəşünaslıq şöbəsinin demoqrafiya və miqrasiya bölmələrinə rəhbərlik edir. Bu illər ərzində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yerlərdə diyarşünaslıq dairələri və şöbələrini təşkil etmişdir: Gəncədə, Nuxada (indiki Şəki rayonunda), Qaxda, Zaqatalada, Salyanının balıqçılıq sənayesində və Yelendorfda (indiki Göygöl rayonu). Azərbaycanın tarix və ədəbiyyatının tədqiqi ilə bağlı olan müxtəlif əlyazma sənədlər və kitablar toplamışdır. Belə ki, Nuxada Nurməmməd Əfəndi Nuxalıya məxsus əlyazma kitabları və müxtəlif illərin qeydlərindən ibarət bütöv bir əlyazmalar fondu aşkarlamışdır. Gəncədə onun tərəfindən Gəncə dövlət kütləvi kitabxanasının əsasını təşkil edən, təxminən 100 il mövcud olan keçmiş Yelizavetpol kişi gimnaziyasının kitabxanasını aşkara çıxarılmışdır. Culfa rayonunda orta əsr şəhəri Cuğanın (Culfanın) xarabalıqlarını, Ordubad rayonunda isə “Xaraba-Gilan” şəhərciyini tədqiq etmişdir.

1932-ci ildə avarların dil və məişətinin tədqiqi üçün Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun Zaqatala və Balakən rayonlarında ekspedisiyalara rəhbərlik edib. Ekspedisiya Azərbaycana birləşən, avar kəndlərinin mövcud olduğu Gürcüstanın Laqodexi rayonunu da əhatə etmişdir. Onun tərəfindən bütövlükdə 86 etnoqrafik oçerk və məqalə yazılmışdır.

1937-1938-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Azərbaycanın Tarix Muzeyinin direktoru kimi işləmişdir.

1938-1940-cı illərdə EA-nın Azərbaycan filialının Rəyasət Heyətinin qərarı ilə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix, Dil və Ədəbiyyat institutunun direktor müavini vəzifəsini icra etmiş, daha sonra müvəqqəti olaraq direktor vəzifələrinin icraçısı təyin olunmuşdur.

1940-cı ildə EA-nın Azərbaycan filialının Tarix İnstitutunun Qədim və Orta əsrlər tarixi şöbəsinin müdiri vəzifəsini tutmuş, 1940-ci ilin oktyabrın sonundan 1941-ci ilin aprel ayına kimi bu İnstitutun direktoru olmuşdur.

1941-ci ilin aprelindən EA-nın Azərbaycan filialının elmi katibi vəzifəsinə təyin olunmuşdur.

1945-ci ildə EA-nın Azərbaycan filialının əsasında təşkil edilən Azərbaycan SSR EA-nın Rəyasət Heyətinin qərarı ilə 1948-ci ilə qədər elmi katib təyin edilmişdir.

1948-ci ildə Azərbaycan Tarix Muzeyinin direktoru olub. Müharibə illərində elmin inkişafındakı xidmətlərinə görə “Qafqazın müdafiəsi uğrunda”, “1941-1945-ci illərdə Vətən Müharibəsi günlərində şərəfli əməyə görə” medalları ilə təltif edilmişdir.                                    

Paylaş: