ŞƏRİFLİ MƏMMƏDƏLİ XƏLİL OĞLU
16.06.1950 – 16.02.1951
Məmmədəli Xəlil oğlu Şərifli 1909-cu il mart ayının 20-də Göyçayda anadan olmuşdur.
Orta məktəbdə təhsilini başa vurduqdan sonra, 1924-cü ildən 1935-ci ilədək uzun müddət ərzində maarif sahəsində işləmiş, Azərbaycanın bir çox rayonlarında (Göyçay, Qonaqkənd, Şuşa) müəllimlik etmişdir.
1931-ci ildə Ali Pedoqoji İnstitutun tarix fakültəsinə daxil olmuş, 1935-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində fars, ərəb, türk dillərini öyrənmişdir.
1938-ci ildə o, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix İnstitutunda aspiranturaya daxil olmuş, Azərbaycan tarixi üzrə ixtisaslaşmışdır.
Aspiranturanı 1941-ci ildə Leninqradda bitirmiş, elə həmin ilin mayında Tarix İnstitutunun elmi əməkdaşı olmuş və burada ömrünün axırınadək fasiləsiz işləmişdir.
1944-cü ildə tarix elmləri namizədi alimlik dərəcəsi almış, Ali Attestasiya Komissiyasının (Moskva şəhəri) qərarı ilə “Azərbaycan tarixi” kafedrasının dosenti vəzifəsinə təsdiq edilmişdir. Onun çoxsaylı elmi tədqiqatlarında IX-XIII əsrlərdə Azərbaycan tarixinin əvvəllər az tədqiq olunmuş və ya qətiyyən tədqiq olunmamış məsələləri işıqlandırılmışdır.
1943-1952-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun əvvəlcə direktor müavini, sonra isə direktoru vəzifələrində çalışmışdır.
1952-1969-cu illərdə professor M.X.Şərifli Tarix İnstitutunun “Orta əsrlər tarixi” şöbəsinə rəhbərlik etmişdir.
1941-1958-ci illərdə o, əvəzçilik qaydasında Azərbaycan Dövlət Universitetində, həmçinin Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan tarixindən dərs demiş və xüsusi kurslar aparmışdır. Bolqarıstan hökumətinin dəvəti ilə professor M.X.Şərifli 1953-1954-cü illərdə Sofiya Universitetinə ezam edilmiş, orada türk dilində Azərbaycan tarixindən mühazirələr oxumuş, xüsusi kurs aparmış və səmərəli pedaqoji işinə görə Sofiya Universitetinin rektorluğu tərəfindən təşəkkür almışdır. 40 illik elmi-tədqiqat fəaliyyəti ərzində professor M.X.Şərifli bir neçə monoqrafiya, 100-dən çox elmi əsər – məqalə, dərs vəsaiti, resenziya çap etdirmişdir.
1965-ci ildə M.X.Şərifli özünün 20 illik elmi-tədqiqat fəaliyyətinin nəticəsi olaraq “IX əsrin ikinci yarısında-XI əsrdə Azərbaycan feodal dövlətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Professor M.X.Şərifli 1969-cu il sentyabrın 5-də vəfat etmişdir.