AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

İSGƏNDƏROV ANAR CAMAL OĞLU

İSGƏNDƏROV ANAR CAMAL OĞLU

"Tərəqqi" medalı, III dərəcəli "Vətən xidmətə görə" ordeni, "Qızıl döş nişanı" və "Altun" medalları ilə təltif olunmuş BDU Tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının müdiri, tarix elmləri doktoru, professor.

Anar Camal oğlu İsgəndərov 1956-cı il yanvar ayının 10-da Masallı rayonunun Kolatan kəndində anadan olmuşdur.

1973-1978-ci illərdə BDU-nun tarix fakültəsində ilk ali təhsilini almışdır. 

1978-1981-ci illərdə Boradigah qəsəbə orta məktəbində direktor müavini, sonra isə Kolatan orta məktəbində tarix müəllimi işləmişdir. 

1982-ci ilin yanvarından 1984-cü ilin fevralına kimi Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "Fəlsəfə" kafedrasında kabinet müdiri vəzifəsində çalışmış, eyni zamanda, həmin İnstitutun "Kimya texnologiyası" fakültəsinin azad komsomol təşkilat katibi seçilmişdir.

1984-cü ilin martından Bakı Dövlət Universitetinin tarix fakültəsinin «Mənbəşünaslıq, tarixşünaslıq və metodika» kafedrasında çalışmağa başlamışdır.

1989-cu ildə «Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

1989-1999-cu illərdə tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.

1999-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 

2004-cü ildə isə «Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsinə yiyələnmişdir.

2005-ci ildə isə professor elmi adı almışdır. Professor Anar İsgəndərov Respublikada və Respublikadan kənarda 1917-1920-ci illər Azərbaycan tarixinin görkəmli mütəxəssislərdən biri kimi tanınır. Görkəmli tarixçi hazırda Universitet və fakültə Elmi Şuralarının, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının, Azərbaycan-Türkiyə Tarixinin Araşdırma Fondunun (ATAF) Himayəçilər Şurasının üzvüdür. O həm də "Tarix və onun problemləri", "Dirçəliş", "Kəlam", "Yaşıl çay" jurnallarının redaksiya şurasının üzvüdür.

Elmi əsərləri

1997-ci ildə nəşr olunan "1918-ci il Mart qırğınının tarixşünaslığı" adlı monoqrafiyası vətən tarixinin böyük bir uğuru kimi qəbul olunmuşdur. 2003-cü ildə A.İsgəndərovun geniş oxucu kütləsi üçün nəzərdə tutulan "Azərbaycan Xalq Cümhuriyyəti" adlı monoqrafiyası nəşr olunmuşdur. 2003-cü "Azərbaycan Xalq Cümhuriyyəti" biblioqrafiya əsəri də işıq üzü görmüşdür. 2006-cı ildə A.İsgəndərovun "Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı (1918-1920)" adlı fundamental əsəri nəşr olunmuşdur. A.İsgəndərovun 2009-cu ildə Azərbaycan, rus, ingilis və ərəb dillərində nəşr olunan "Təzəpirin tarixi" kitabı elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. A.İsgəndərovun 2011-ci ildə Azərbaycan, rus və ingilis dillərində "Azərbaycan ərazisində erməni quldur və terrorçu birləşmələrinin törətdikləri cinayətlərə dair faktlar" adlı yaddaş kitabçası nəşr olunmuşdur. A.İsgəndərov 1915-1920-ci illərdə Osmanlı dövlətində və Azərbaycanda türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımlara həsr olunan maraqlı tədqiqat işini başa çatdırmış, əsər 2011-ci ildə ABŞ-da ingilis dilində"Realites of Azerbaijan: 1917-1920" adı altında nəşr olunmuşdur. Əsərə görkəmli ABŞ tarixçisi Castin Makkarti ön söz yazmışdır. "Realites of Azerbaijan: 1917-1920" əsəri ABŞ Konqresi kitabxanasına daxil edilən ilk azərbaycanlı müəllifin əsəridir. Əsər 2012-ci ildə Azərbaycan dilində nəşr olunmuşdur. Görkəmli alimin 6 monoqrafiyası, 4 dərs vəsaiti, 15 proqramı, 300-dən çox elmi məqaləsi nəşr olunmuşdur.

Beynəlxalq və Respublika elmi konfranslarında iştirakı və təltif olunduğu orden və medallar. 

Professor A.C.İsgəndərov dəfələrlə Beynəlxalq və Respublika elmi konfranslarında vətən tarixinin aktual problemləri ilə bağlı maraqlı məruzələr etmişdir. 1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə "Altun" medalı ilə təltif olunmuşdur. 2008-ci ildə Türkiyə və Azərbaycan tarixinin tədqiqində maraqlı araşdırmalarına görə "Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin" "Qızıl döş nişanı", 2009-cu ildə isə Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 2016-cı il yanvarın 11-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə III dərəcəli "Vətən xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

Paylaş: