PAŞAYEV ATAXAN ƏVƏZ OĞLU
Ataxan Əvəz oğlu Paşayev 1938-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Başkənd kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətnə 1962-ci ildə Oktyabr İnqilabı və Sosializ quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963-1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966-1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982-1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləmişdir. 1984-cü ildən 2018-ci ilə qədər Milli Arxiv İdarəsinin rəisi olub.
1981-ci ildə Tarix İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi, 2008-ci ildə isə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Müdafiə Şurasında «XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi almışdır.
1984-cü ildən 2018-ci ilə qədər «Azərbaycan arxivi» jurnalının baş redaktoru olub. 1968-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisidir (1981).
Beynəlxalq Arxivlər Şurasının 7-ci (1972, Moskva), 13-cü (1996, Pekin) və 14-cü (2000, Sevilya), 2004 Vyana konqreslərinin nümayəndəsi olmuş və bu konqreslərdə Beynəlxalq Arxivlər Şurası Baş assambleyasının üzvü seçilmişdir. Keçmiş SSRİ, Müstəqil Dövlətlər Birliyi habelə Türkiyə Cümhuriyyəti arxiv orqanlarının, tarix qurumlarının keçirdiyi elmi konfranslarda və simpoziumlarda Azərbaycan Respublikasını təmsil edərək, dəfələrlə elmi məruzələrlə çıxış etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 29 aprel 2013-cü il tarixli sərəncamla Ataxan Paşayev Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
A.Paşayevin iştirakı, müqəddimə müəllifliyi və məsul redaktorluğu ilə işıq üzü görən “Azərbaycan Respublikası dövlət arxivləri: məlumat kitabı” respublikamızda arxiv işinin təşkili və onların qarşısında qoyulmuş vəzifələrin peşəkar şərhi, dövlət arxivlərinin yaranmasının yığcam tarixidir. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövrünə aid əvəzsiz mənbə olan və böyük əksəriyyəti ilk dəfə işıq üzü görən 7 cildlik arxiv sənədləri və materialları toplusu “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 30 yanvar tarixli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının qərarı ilə çap olunmuşdur. Topluda müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti öz geniş əksini tapmışdır. Məcmuələrdə dərc olunan sənədlərin arxeoqrafik qaydalarla işlənilməsi, ona elmi-məlumat aparatının hazırlanması kimi çətin və məsuliyyətli işi A.Paşayevin özü yerinə yetirmiş, sanballı müqəddimələr yazmışdır. A.Paşayevin elmi və publisistik fəaliyyətinin önəmli bir hissəsini Azərbaycan mətbuat tarixində əvəzsiz rol oynamış, XX əsr ictimai fikir və ədəbiyyat tariximizdə yeni bir dövr açmış, klassik irsimizin dəyərli abidələrindən biri, təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərq ölkələrində siyasi satiranın ilk qaranquşu “Molla Nəsrəddin” jurnalı və onun nəşri tarixi təşkil edir. Onun arxiv sənədləri, o dövrün rəsmi və dövri mətbuat materialları əsasında qələmə aldığı “Molla Nəsrəddin”: dostları, düşmənləri” və nəşrə hazırlayıb redaktorluq etdiyi “Molla Nəsrəddin jurnalının nəşri tarixindən” adlı iki dəyərli kitabı işıq üzü görmüşdür.
A.Paşayev Azərbaycan, rus və türk dillərində nəşr edilən “Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar (XIX–XX əsrlər)”,“Köçürülmə”, Açılmamış səhifələrin izi ilə”, “Tarixi həqiqətlər və erməni soyqırımları”, “Deportasiya”, “Bakıda 1918-ci il mart faciəsi”, “Şamaxı faciələri”, “Zəngəzur faciələri”, “Quba qırğınları”, “Qarabağ bölgəsində erməni vəhşilikləri”, “Erməni xisləti”, “Erməni məkri” kimi 10 monoqrafiya və kitabın, 300-ə yaxın elmi və publisistik məqalənin müəllifidir.