SEYİDBƏYLİ MƏRYƏM HƏSƏN QIZI
Elm Tarixi İnstitutunun direktoru və Tarix İnstitutunun "Azərbaycan diasporu" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Seyidbəyli Məryəm Həsən qızı 1955-ci il oktyabr ayının 3-də Bakı şəhərində anadan olub. İlk ali təhsilini Bakı Dövlət Universitetində alıb. Vətən tarixi ixtisası üzrə "XIII əsrin birinci yarısı - XIV əsrin əvvəllərində Azərbaycanın elmi-mədəni həyatı" (İbn əl-Fuvatinin "Talxis macma al-adəb fi mucam al-alkab" materialları əsasında) mövzusunda namizədlik dissertasiyası, "Rusiya Federasiyasında Azərbaycan diasporunun formalaşması və inkişafı" mövzusunda isə doktorluq dissertasiyası müdafiə edib.
Məryəm Həsən qızı Seyidbəyli İbn əl-Fuvatinin "Talxis macma al-adəb fi mucam al-alkab" materialları əsasında XIII əsrin birinci yarısı - XIV əsrin əvvəllərində Azərbaycanın elmi-mədəni həyatını tədqiq etmişdir. Burada ilk dəfə olaraq ərəb dilində Azərbaycan tarixi və mədəniyyətinə dair çoxlu sayda dəyərli faktlar elmi şəkildə şərh olunmuşdur.
"Rusiyada Azərbaycan diasporu: formalaşma və inkişaf xüsusiyyətləri və tendensiyaları" adlı tədqiqatında xarici və rus ədəbiyyatlarının ətraflı təhlili əsasında diaspor anlayışını araşdırmış, müxtəlif tanınmış yanaşmalara əsasən bu fenomeni şərh etmiş, həmçinin diaspor fenomeninin etno-mədəni təhlilini vermişdir.
AMEA-nın yetmiş illik yubileyinə həsr olunmuş "Milli Elmlər Akademiyası və Azərbaycan elminin inkişafı (1945-1970) sənədlər toplusu" Azərbaycan Respublikası Dövlət Arxivi və Azərbaycan Respublikaı Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin materialları əsasında yazılmışdır. Müəllif əsərdə Azərbaycan SSR EA-nın (1945-1970) yarandığı vaxtdan başlayaraq elmin keçdiyi təkamül və formalaşması prosesinin elmi analizini vermişdir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Beynəlxalq Əlaqələr Komissiyasının Sədridir.
AMEA-nın 70 illiyi ilə əlaqədar olaraq A.A.Bakıxanov adına Tarix İnstitutunun Fəxri Fərmanı ilə təltif edilmişdir. (13 dekabr 2015-ci il) Azərbaycan Respublikasında gənc nəslin inkişafında göstərdiyi xidmətlərə görə fəxri fərmanla təltif edilmişdir (Azərbaycan Respublikası “Həmrəy” gənclərin maarifləndirilməsinə dəstək ictimai birliyi, Bakı -2014). Azərbaycan diasporunun tarixi ilə bağlı tədqiqatlarına görə mükafatlandırılmışdır (Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi 5 iyun 2012-ci il)
"Rusiyada Azərbaycan diasporu: formalaşma və inkişaf xüsusiyyətləri və tendensiyaları (1988-2010-cu illər)" adlı monoqrafiya "Humay" Milli mükafatına (27 aprel 2011-ci il) layiq görülüb. Bu kitabı həm də 2010-cu il noyabrın 25-də Moskvada "Nauçnaya kniqa"nın "Ən yaxşı elmi kitab" layihəsinə görə keçirdiyi Beynəlxalq müsabiqədə Diploma layiq görülmüşdür.