AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

SUMBATZADƏ ƏLİSÖHBƏT SUMBAT OĞLU

SUMBATZADƏ ƏLİSÖHBƏT SUMBAT OĞLU

21-01.1907 - 28.01.1992

1957–59-cu illərdə Azərbaycan EA-nın vitse-prezidenti, həqiqi üzvü, 1963–1969-cu illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunun, 1970–1972-ci illərdə Tarix İnstitutunun direktoru.

Akademik Ə.S.Sumbatzadə 1907-ci il yanvarın 21-də anadan olmuşdur.

1926-cı ildə Azərbaycan Dövlət Universiteti (indiki BDU) Şərqşünaslıq fakültəsinin tarix-etnologiya şöbəsinə daxil olmuş, 1930-cu ildə təhsilini başa vurmuşdur.

Ə.S.Sumbatzadə 1930-cu ildə namizədlik, 1948-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir.

1954-cü ildə professor elmi adını almış, həmin ildə Azərbaycan EA-nın müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Ə.S.Sumbatzadə 1957–59-cu illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1959–63-cü illərdə İqtisadiyyat İnstitutunda şöbə müdiri, 1963–1969-cu illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunun, 1970–1972-ci illərdə Tarix İnstitutunun direktoru, 1970–1981-ci illərdə Azərbaycan EA İctimai Elmlər Bölməsinin akademik-katibi olmuşdur.

1982–1992-ci illərdə İctimai elmlər üzrə Elmi Məlumat Mərkəzində şöbə müdiri vəzifəsində çalışmışdır.

Əsasən XIX–XX əsrin əvvəllərində Azərbaycanın sosial-iqtisadi tarixinin tədqiqatçısı olan Ə.S.Sumbatzadə 3 cildlik «Azərbaycan tarixi» (B., 1958-65), «Azərbaycanın Rusiyaya birləşdirilməsi və onun mütərəqqi iqtisadi və mədəni nəticələri» (B., 1955, rus dilində), «SSRİ tarixi» (VI cild; M., 1967), «Zaqafqaziyada Sovet hakimiyyətinin qələbəsi» (Tbilisi, 1971), «Böyük Oktyabrın tarixi təcrübəsi» (M., 1975), «Qeyri-kapitalist inkişaf yolu və müasirlik» (Ulan-Bator, 1977), «Böyük Oktyabr və Sovet Azərbaycanının iqtisadiyyatının və mədəniyyətinin çiçəklənməsi» (B., 1977), «Müasir dövrdə Sovet Azərbaycanının iqtisadiyyatının inkişafı» (B., 1980), «Sovet tarix elmi 1975–1979-cu illərdə» (M., 1980), «Azərbaycan xalqının etnogenezi» (B., 1988) və s. kollektiv əsərlərin müəlliflərindən və redaktorlarından olmuşdur.

Ə.S.Sumbatzadənin elmi kadrların hazırlanmasında böyük xidməti olmuşdur.

Ölkə və beynəlxalq miqyaslı simpozium, konfrans və konqreslərdə (Daşkənd-1957, Moskva-1960, Tehran-1966, Düşənbə-1968, Moskva–Leninqrad-1970, Aşqabad-1972, Berlin-1973, Ulan-Bator-1974, San-Fransisko-1975, Edinburq-1978, Buxarest-1980 və s.) məruzələrlə çıxış etmişdir.

Ə.S.Sumbatzadə «Qırmızı Əmək Bayrağı» ordeni və müxtəlif medallarla təltif olunmuş, Azərbaycan SSR əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

1992-ci il yanvarın 28-də vəfat etmişdir.

Paylaş: