AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Antoni Cenkinsonun Rusiya, Moskva və Tartaria xəritəsi

Antoni Cenkinsonun Rusiya, Moskva və Tartaria xəritəsi

Müəllif Abraham Ortelius
İl 1562
İnzibati ərazi Rusiya, Qafqaz, İran, Mərkəzi Asiya və Baltikyanı ərazi
Paylaş:

Antoni Cenkinson (1529—1610), ingilis diplomatı və səyyahıdır, o həm də İngiltərənin Moskva dövlətindəki ilk səlahiyyətli nümayəndəsidir. O, 4 dəfə 1557-1571-ci illər ərzində 4 dəfə ingilis səfir və Moskva kompaniyasının (bu ticarət şirkətini 1555-ci ildə ingilis tacirlər qurub) nümayəndəsi kimi Moskva dövlətində  və qonşu ərazilərdə, o cümlədən də Azərbaycanda səfərdə olmuşdur. Cenkinson Xəzər dənizinin sahillərini və mərkəzi Asiyanı 1558-1560-cı illərdə Buxarada ekspedisiyası gedişində təsvir etmiş ilk Qərbi  Avropalı səyyahdır. Bu xəritə 1562-cı ildə Londonda "Moskoviya, Rusiya və Tartarianın təsviri" adı altında dərc edilmişdir. 

Qeyd edək ki, Tartaria Tatar çölü anlamındadır. Avropa mənbələrində, o cümlədən ensiklopediya və xəritələrdə Tatarıstanın adı «Tartariya», tatarların adı isə «tartar» kimi tələffüz edilir və beləcə də yazılırdı, Başqa sözlə, «tartar» kəlməsi tatarların, «Tartariya» adı isə Tatarıstanın sinonimi kimi işlənirdi. Latın dilində tərtib edilmiş mətnlərdə adı «Tartaria», fransızdilli mətnlərdə «Tartarie», ingilis dilində «Tartary», almancada isə «Tatarei» kimi qeyd edilən bu ölkə Qara dənizindən Sakit Okeana, Çin və Hindistana qədər uzanırdı. Onun şimal sərhəddini Şimal Buzlu Okeanı təşkil edirdi. 

Xəritədə qeyd edilən Tenbres - Təbriz, Casbi-Qəzvin, Ardwen-Ərdəbil, Shamagi-Şamaxı, Dirben-Dərbənd, Backow-Bakı mənasında işlənib.