Madalıların (midiyalıların) məskunlaşdığı vilayətin adı ilk dəfə e.ə. 835-ci ildə aşşur mənbələrində çəkilir. E.ə. VIII əsrdə Madanın bir sıra əyalətləri aşşurlar tərəfindən istila edilib. Aşşur çarlığına birləşdirilmişdir. E.ə. VII əsrin 70-ci illərində Kaştaritinin rəhbərliyi ilə baş vermiş xalq üsyanı nəticəsində aşşurlar Mada vilayətlərindən qovulmuş və burada Mada şahlığı meydana gəlmişdir. Kaştariti isə Madanın ilk şahı olmuşdur. Onun yaratdığı hərbi ittifaqın mərkəzi qədim Azərbaycan ərazisində, müasir Həmədan şəhəri yaxınlığında yerləşirdi. Sonralar burada Madanın paytaxtı - Aqbatana şəhəri salınmışdır. Lakin bir qədər sonra Yaxın Şərq ölkələrinin bir çoxunda, o cümlədən Madada skiflər öz ağalığını bərqərar etdilər.
Mada şahı Kiaksar (e.ə. 625-585) hərbi islahat keçirdikdən sonra e.ə. 624-cü ildə Madada skiflərin hakimiyyətini devirdi. E.ə. 612-ci ildə madalılar babillərlə ittifaqda Aşşur çarlığının paytaxtı Nineviya (Neynəva) şəhərini tutub dağıtdılar. Aşşur çarlığının bir hissəsi Mada dövlətinin ərazisinə qatıldı və Mada şahlığı Ön Asiyanın böyük dövlətinə çevrildi.
Bundan sonra madalılar Kiaksarın başçılığı ilə Hirkaniya, Parfiya, Parsa, Elam, Manna, Urartu və Azərbaycan ərazisində yerləşən Skif şahlığına son qoydular. Madalıların Kiçik Asiyanın bir hissəsini tutması qüdrətli Lidiya dövləti ilə müharibənin başlanmasına səbəb oldu. Bu savaş 5 il (e.ə. 590-585) davam etdi. Sülh müqaviləsinə görə Mada və Lidiya arasında sərhəd qədim Qalis (müasir Qızıl İrmaq) çayı boyunca müəyyənləşdirildi.
Madalılar tərəfindən Mannanın və Aşşur çarlığının işğalında onların müttəfiqləri kimi Cənubi Azərbaycan ərazisində yaşayan asaqartilər tayfası da yaxından iştirak edirdi. O zaman asaqartilər Cənubi Azərbaycan ərazisinin çox hissəsinə və keçmiş Aşşur çarlığının Arbela vilayətinə yayılmışdılar.
Mada şahı Astiaq (e.ə. 585-550) Babil çarlığı ilə müharibəyə başlayaraq Babilin Harran vilayətini işğal etdi. E.ə. 553-cü ildə Madadan asılı olan Parsa vilayətinin hökmdarı Kuruşun başçılığı ilə farslar üsyan etdilər və e.ə.550-ci ildə madalılar məğlub oldular.
Mada dövlətinin başında şah dururdu və onun hakimiyyəti irsi idi. Dövlətin idarə olunmasında qəbilə əyanları zərdüşt maqları (kahinlər) mühüm yer tuturdular. E.ə. VII əsrdə Madada zərdüştilik dünyada ilk dəfə rəsmi dövlət dini olmuşdur.