Əhəmənilər dövləti e.ə. 550-330-cu illərdə mövcud olmuşdur. Həmin dövrdə Azərbaycanın ərazisi də bu dövlətdən asılı idi. Azərbaycan tayfaları illik bacdan başqa müharibə zamanı Əhəməni ordusuna silahlı dəstələr göndərməli idilər. Oxatan amardlar Əhəməni şahlarının demək olar ki, bütün yürüşlərində iştirak edirdilər. Madalılar, asaqartilər, kaspilər, amardlar, matiyenlər, müklər, skiflər (saklar), utilər və digər tayfalar e.ə. 480-ci ildə Əhəməni şahı Kserksin Yunanıstana yürüşündə iştirak etmişdilər. E.ə. 331-ci ildə baş verən Qavqamela vuruşmasında Atropatın rəhbərlik etdiyi ordu hissəsinin tərkibində madalılara kadusilər, albanlar və sakasinlər də birləşmişdilər.