AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Naxçıvan (XIII-XIV əsrlər)

Naxçıvan (XIII-XIV əsrlər)

Müəllif Vaqif Piriyev
İl XIII-XIV əsrlər
İnzibati ərazi Naxçıvan
Paylaş:

XIII-XIV əsrlərdə Azərbaycan Hülakülər və Cəlairilər dövlətlərinin mərkəzi vilayəti olmaqla, inzibati-ərazi bölgüsü baxımından əsas 4 əyalətə - Azərbaycan, Arran, Şirvan və Muğan əyalətlərinə ayrılırdı. Azərbaycan əyalətinin (tarixi Atropatena ərazisi) özü də 9 tümənə bölünmüşdür. Naxçıvan Araz çayının hər iki sahilindəki ərazilərə malik olsa da, "tümən" statusu ilə Azərbaycan əyalətinə daxil idi və müasir dövrə nisbətən çox geniş əraziləri əhaət edirdi. Naxçıvan tüməni Makudan Qafan dağlarına kimi olan ərazini əhatə edirdi və Xoy, Mərənd, Mişkin tümənləri və Qarabağla hüdudlanırdı. Həmdullah Qəzvinin (XIV əsr) Makunu Naxçıvan tüməninə daxil olan 5 şəhərdən biri kimi tanıdır (Naxçıvan, Ordubad, Azad, Əncan və Maku) və onun qaya yarğanında yerləşən qala olduğunu bildirir. Rəşidəddin Fəzlullah (1247-1318) isə Qafanın Naxçıvan tüməninə aid olduğunu yazırdı. Onun kənd təsərrüftına həsr olunmuş "Asar və əhya" ("Təsir və dirçəliş") əsərində qeyd olunan "zoğal Naxçıvana aid olan Qafanın bəzi yerlərində bitir", ərvağan çiçəyi "Naxçıvan vilayətində olan Qafan dağlarında çox bitir" kimi faktları Qafan ərazisinin inzibati-ərazi baxımından Naxçıvan tüməninə daxil olduğunu göstərir.