AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Qarabağ (XIII-XIV əsrlər)

Qarabağ (XIII-XIV əsrlər)

Müəllif Vaqif Piriyev
İl XIII-XIV əsrlər
İnzibati ərazi Qarabağ
Paylaş:

Qarabağ adlı yerlər bir çox ölkələrdə, o cümlədən Azərbaycanda (Arran Qarabağı, Təbriz Qarabağı, Surxab Qarabağı və s. ) mövcud olmuşdur. Arran Qarabağı son orta əsr Arranının (Kür və Araz çayları arası) mərkəzi hissəsinin adıdır. Həmin ərazinin "Arran Qarabağı" adlanmasına səbəb onun başqa Qarabağlardan, xüsusilə Xəzərin şərqindəki "Baqdis Qarabağından" fərqləndirmək olmuşdur.

XIII-XIV əsr mənbələrində "Dağlıq Qarabağ" termininə təsadüf olunmur və Qarabağın dağlıq və düzən əraziləri eyni inzibati-ərazi vahidi kimi fəaliyyət göstərmişdir. Qarabağ son orta əsrlər Arranının əsas qəlbi, mərkəzi hesab olunurdu. Qarabağın cənub hüdudları Araz çayına kimi uzanırdı. Göyçə gölünün şimalında yerləşən Zəyəm və Arranın şərq tərəfində olan Beyləqan Qarabağa aid idi. Qarabağ ərazisi Şirvanla Kür boyunca həmsərhəddir. Qarabağ ticarət yolu Kür-Araz qovşağından başlayaraq Tiflisə qədər uzanırdı. Həmin yolun Qarabağ ərazisinə düşən hissəsi üzərində və ona yaxın məsafələrdə Xar, Qarqar, Bəkrabad, Yunan, Ləmbəran, Bazarcıq, Bərdə, Cuzbuq, Dih-İsfahan, Xanagah-Şutur, Gəncə, Şəmkir, Tatarlı və s. şəhər və yaşayış məntəqələri vardır. Bütün bunlar Qarabağın, Arranın mərkəzi kimi, şimal-qərbdə Zəyəmçay, şimal-şərqdə Güştasfi (Kür ilə Arazın qovuşduğu yerdə), cənubda Araz çayı, qərbdə Həkəri çayı ilə hüdudlandığı göstərir.