AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Qaraqoyunlu dövləti (1410-1468-ci illər)

Azərbaycan Qaraqoyunlu dövləti (1410-1468-ci illər)

Müəllif Oqtay Əfəndiyev və Tofiq Nəcəfli
İl 1410-1468-ci illər
İnzibati ərazi Azərbaycan, Şərqi Anadolu, Ərəb İraqı, Əcəm İraqı
Paylaş:

Mənşəcə Oğuzların Yivə boyundan olan Qaraqoyunlular Yaxın və Orta Şərqin tarixində mühüm rol oynamışdır. Tarixi mənbələr VII əsrdən etibarən onların Azərbaycanda yaşaması haqqında məlumat verir. Monqol yürüşləri zamanı Şərqi Anadoluya çəkilən bu tayfa XIV əsrin II yarısında Elxanilər dövlətinin süqutundan sonra Bayram Xocanın rəhbərliyi altında mərkəzi Ərciş və Van şəhərləri olan güclü tayfa birliyi yaratmışdır. XIV əsrin sonunda dövrün siyasi hadisələrinə qatılan Qaraqoyunlular Sürməli, Xoy və Naxçıvan bölgələrində möhkəmlənərək Qara Yusifin başçılığı altında bir neçə dəfə Təbrizi ələ keçirmişlər. Əmir Teymurun yürüşləri zamanı Cəlairi Sultan Əhmədlə birlikdə ciddi müqavimət göstərən Qara Yusif öncə Osmanlı sultanına, sonra isə Misir sultanına sığınmaq məcburiyyətində qalmışdır. 1405-ci ildə Əmir Teymurun ölümündən sonra Azərbaycanda onun varisləri arasında başlanan mübarizədən istifadə edən Qara Yusif 1406-cı ilin oktyabrında Teymuri Əbu Bəkri Naxçıvan yaxınlığında, 1408-ci ilin aprelində isə Təbriz yaxınlığında Sərdrud döyüşündə məğlub edərək, Teymurilərin Azərbaycandakı ağalığına son qoymuşdur. Qara Yusif 1410-cu il avqustunda Təbriz yaxınlığında Cəlairi Sultan Əhmədi məğlub edərək Cəlairilər dövlətinin varlığına son qoymuş və mərkəzi Təbriz olan Azərbaycan Qaraqoyunlu dövlətini yaratmışdı. Qaraqoyunlu dövlətinə Kürdən cənuba Azərbaycan torpaqları, Şərqi Anadolu, Ərəb İraqı və Əcəm İraqı daxil olmuşdur. Cahanşahın dövründə (1436-1467) 1453-1458-ci illərdə Əcəm İraqına, Mazandaran və Xorasana yürüşlər nəticəsində dövlətin şərq sərhədləri Xorasana kimi genişlənmişdir. 1458-ci ildə Herat tutulsa da, Teymuri Əbu Səidlə bağlanan müqaviləyə görə, Qaraqoyunlular Heratı tərk etmişdilər. Cahanşah 1467-ci ilin noyabrında Ağqoyunlular üzərinə yürüş zamanı Muş yaxınlığında Səncək adlı yerdə Həsən Sahibqıran Bayandurun hücumuna məruz qalmış və öldürülmüşdür. Həsən padşah 1468-ci ildə Cahanşahın oğlu Həsən Əli üzərində qələbədən sonra Qaraqoyunlu dövlətinin varlığına son qoymuşdur.